"Özbəklər Şuşanın hər daşında savaşın nişanələrini gördülər" - Samir Abbasov

  "Özbəklər Şuşanın hər daşında savaşın nişanələrini gördülər" -   Samir Abbasov
  08 Sentyabr 2021    Oxunub:6019
Müsahibimiz Azərbaycan Respublikasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
-Samir müəllim, bildiyimiz kimi bu yaxınlarda bir sıra tanınmış Özbək yazıçılar, tarixçilərlə birgə işğaldan azad edilmiş Şuşaya səfər etdiniz. Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa haqqında fikirlərinizi öyrənmək istərdik. Səfər təəssüratlarınız haqqında danışardınız.

-Vətən torpaqlarını azad etməyimiz bizləri, diplomatları, xarici ölkələrdə yaşayan soydaşlarımızı olduqca xoşbəxt və qürurlu etdi. Biz də Vətən müharibəsinin gedişində Özbəkistanda ölkəmizə dair həqiqətləri çatdıraraq, yerli kütləvi informasiya vasitələrində mümkün qədər erməni işğalı, aqressiyası haqqında çoxsaylı məqalələr verir, Azərbaycan reallıqlarını yaymağa çalışırdıq.
Mən bir faktı qeyd edim ki, bizim Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə yalnız Vətən müharibəsi günlərində Özbək mətbuatında 244 məqalə yayımlandı. Yəni həmin dövrdə erməni işğalı və onun ağır nəticələri geniş işıqlandırılmışdı. Hər gün Özbəkistanın tanınmış simalarının erməni vandalizmi, işğal faktı, Azərbaycana dəstək çıxışları, video müraciətlərini hazırlayaraq dünya ictimaiyyətinə təqdim edirdik. Hətta elə gün olurdu ki, gecələr də Azərbaycandan dinc əhaliyə, böyük şəhərlərimizə qarşı erməni vandallarının həyata keçirdiyi bombardmanlarla bağlı xəbərləri, videoları alırdıq və bu məlumatları operativ olaraq yerli mediada yayırdıq.

Ali baş komandanımızın münaqişəyə dair çıxışları, bəyanatları ictimaiyyət, dünya rəhbərləri tərəfindən böyük diqqət, rəğbətlə qarsalandığını nəzərə alaraq, onu yerli dillərə tərcümə edib, yayımlamaq olduqca əhəmiyyətli və informasiya müharibəsində Azərbaycanın haqq işinin yayılması, mövqelərinin daha da gücləndirilməsi üçün zəruri idi. Prezident İlham Əliyevin düşünülmüş siyasəti, şanlı Azərbaycan ordusunun zəfər yürüşü 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi. Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru azad etdi.



Özbəkistanlı qonaqlarla zəfər yoluna daxil olduqda içimizdə həm xoşbəxt, gözəl hislər yarandı, həm də hər addımı çətin, minalanmış bu ərazilərin şanlı əsgərlərimizin azad etməsinin nə qədər əzablı və şərəfli olduğunun şahidi olduq. Hər tərəfdə dövlətimizin apardığı fasiləsiz işlər, bərpa layihələri bizləri sevindirməklə yanaşı, qürur hissi yaşadırdı. Keçilməz dağları yararaq, onların bağrında müqəddəs Şuşaya açılan bu yolu aylar əvvəl Azərbaycan əsgəri döyüşərək, yurd yerlərimizi azad edə-edə getmişdi. Əlbəttə, Vətən torpağının hər bir guşəsi gözəldir. Xocavənd rayonunun ərazisinə daxil olduqda bu ərazilərin necə səfalı və gözəl olduğunun bir daha şahidi olduq. Şuşa isə həqiqətən başqa aləm idi. Hər bir azərbaycanlı kimi mənim də ən böyük arzum xəyallarımda canlandırdığım, daim görmək istədiyim, müqəddəs sandığım şəhəri - Şuşanı görmək idi.

Şuşanın küçələrini gəzmək, onun tarixi binalarına, yerlərinə baxmaq, havasını udmaq, bulağından su içmək mənə nə yazıq ki, uzun müddət əlçatmaz görünürdü. Təbii ki, buna inanırdım. İnanırdım ki, ilahi bir ədalət var və mütləq haqsızlığa məruz qalmış xalqımız bu torpaqlara qayıdacaq.

Bir insanın Şuşaya valeh olmaması mümkün deyil. Çünki Şuşa özlüyündə şəhər kimi bir tarixi abidədir. Biz iyul ayında Şuşada elə bir hava ilə rastlaşdıq ki, mən bunu bahar havası ilə müqayisə edərdim. Təsadüfi deyil ki, gözəl Şuşamızın havası yalnız İsveçrədəki Davos şəhəri ilə müqayisə edilir. Dünyada az şəhər var ki, bu cür gözəl və füsunkarlığa malikdir. Şuşadan Xankəndiyə, Xocalı tərəfə baxarkən sanki insan bu əraziləri təyyarədən izləyir. Bu şəhər həqiqətən böyük strateji əhəmiyyətə malikdir.



Qədim tarixə malik olan, Azərbaycanın incisi Şuşa, tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə neçə-neçə dahi şəxsiyyətlər, töhfələr bəxş edib. Qonaqlar bilsələr də bir daha bu şəhərin dahi Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Xan Şuşinski, Seyid Şuşinski, Niyazi, Bülbül kimi korifeylərin Vətənidir. Şuşa ədəbiyyat nəhənglərimiz Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli və başqa bu kimi dahi şəxsiyyətlərin vətəni olduğunu xatırlatdıq.

Mənfur qonşumuz Ermənistan, nəinki Azərbaycanın, hətta əminliklə demək olar ki, bütün Türk dünyasının mədəniyyət beşiyi olan Şuşamızı həbsdə saxladı. Şəhərdə olarkən hər tərəfdə, Şuşanın hər daşında o savaşın nişanələrini gördük.

Biz, özbəkistanlı qonaqlar da bir daha şahidi oldular ki, ermənilər Şuşaya öz şəhərləri kimi baxmayıblar. İşğal etdikləri bu füsunkar ərazini 28 ildə elə bir vəziyyətə salıblar ki, Şuşa adi elementar şəhər imkanlarına malik olmayıb. Burada tarixi binalar, abidələr dağıdılıb, mən deyərdim ki, hətta adi yolları da olduqca bərbad vəziyyətə salınıbdır. Şuşanın əvvəlki təmtərağından, şöhrətindən əsər əlamət saxlamayıblar. Hazırda Azərbaycan dövləti, Heydər Əliyev Fondu tərəfindən aparılan sistemli iş, geniş bərpa-quruculuq işləri bizləri çox sevindirir. İşlər o qədər düşünülmüş şəkildə aparılır ki, biz yalnız bunu təqdir edirik. Təsəvvür edin, işğaldan azad edilən bir ərazidə ilk növbədə kommunikasiyalar -yol, elektrik, su xətləri bərpa olundu. Daha sonra şəhərdə ardıcıl olaraq bərpa-quruculuq işləri həyata keçirilməyə başlandı. Keçirilən Xarı Bülbül musiqi festivalı və Vaqif Poeziya günləri isə xüsusi ilə qürurverici hadisələr idi.

Ali Baş Komandanımız “Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir...!” deməklə bir daha gözəl Şuşamızın əhəmiyyətini, onun hər bir Azərbaycan vətəndaşı üçün nə qədər əziz və əvəzolunmaz olduğunu göstərdi.



-Maraqlıdır, özbəkistanlı qonaqlarımız kimlər idi və Şuşaya getmək onların arzusu idimi?

- Biz Özbəkistanın tanınmış şairəsi, "Kitab dunyosi" qəzetinin baş redaktoru, dünyaca məşhur yazıçı Xosiyat Rüstəmin, habelə erməni təcavüzü və işğal siyasətini yazdığı əsərlərlə, hazırladığı sənədli filmlərlə ifşa edən, tanınmış jurnalist, bloger Şuxrat Salamovla birgə Şuşada olduq. Səfər zamanı məşhur Cıdır düzü, Yuxarı Gövhərağa məscidi, Şuşa qalasını, Xurşudbanu Natavanın malikanəsini, bulağını, habelə şəhərin mərkəzi meydanını, güllələnmiş büstləri ziyarət etdik və mədəniyyətimizin paytaxtı olan Şuşada gedən işlərlə tanış olduq. Maraq üçün onu da qeyd edim ki, Azərbaycana səfər çərçivəsində Sumqayıtda, poeziya evində Xosiyat Rüstəmin “44 gün" adlı kitabının təqdimatı da keçirildi. Kitab nəfis şəkildə Daşkənddə nəşr edilib. Xosiyat Rüstəm Vətən müharibəsi günlərində Azərbaycana yaxından dəstək verən ziyalılardan olub, Azərbaycan Mədəniyyət Mərkəzinə təbliği işində mühüm köməklik göstərib. O, erməni təcavüzünə etiraz olaraq dünyanın tanınmış yazıçıları, Nobel mükafatına namizəd olan şair və yazıçıları toplayaraq Azərbaycana dəstək məktubu ilə çıxış edib, Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlamışdı. Özbək tarixçi alim, erməni təcavüzü, daşnakların Türkistanda (indiki Özbəkistan
ərazisində-red.) törətdikləri soyqırımı siyasətinə dair onlarla nəşrin müəllifi Şuxrat Salamovun da adını çəkə bilərəm. Vətən müharibəsi günlərində həm sosial şəbəkələrdə, həm də yerli mətbuatda Azərbaycana çox böyük dəstək göstərmişdi. Məhz, onun yazdığı əsərlərlə, ermənilərin işğalçı siyasətinin ifşasına etiraz olaraq

Özbəkistanda yaşayan etnik ermənilər Şuxrat Salamovu məhkəməyə vermiş, amma aylarla davam edən məhkəmə prosesindən alim qalib çıxıb.
O ki qaldı Şuşaya getməklə bağlı arzuya, hər iki jurnalist dəfələrlə bizim Azərbaycan Mədəniyyət Mərkəzinə müraciət edərək ən böyük arzularından birinin işğaldan azad olunmuş torpaqlarımızı, xüsusi ilə Şuşanı ziyarət etmək olduğunu qeyd ediblər və bu istiqamətdə bizdən kömək istəyiblər. Mən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Milli Məclisin Mədəniyyət Komitəsinə öz təşəkkürümü bildirirəm ki, bu işdə bizə dəstək göstərdilər.

Dost dar gündə tanınar deyiblər. Vətən müharibəsi günlərində biz Özbəkistanda insanların Azərbaycana nə qədər rəğbətlə yanaşdığını, ölkəmizi dəstəklədiklərinin şahidi olduq. Özbəkistan parlamenti erməni vandalları tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin bombalanmasına öz etirazını bildirdi, Türk Şurası çərçivəsində Özbəkistan Azərbaycanı qətiyyətlə dəstəklədi və ali Baş komandanımızı qələbə münasibəti ilə təbrik edən ilk ölkələrdən olaraq Özbəkistan prezidentini qeyd etmək olar.
Hətta insanlar Vətən müharibəsi günlərində Azərbaycana dəstək olması üçün aylıq təqaüd pulunu toplayıb bizə müraciət edirdilər ki, onu ölkəmizə yollasınlar...



- Bəs təbliğatı işlər, əlaqələrin genişləndirilməsi ilə bağlı gələcəkdə hansı planlarınız var?

-Biz gələcəkdə də Azərbaycanın haqq işinə böyük dəstək göstərən Özbək jurnalistlərin, ziyalıların işğaldan azad olunmuş rayonlarımıza səfərlərini təşkil etmək niyyətindəyik. Bu istiqamətdə media turlar, qardaşlaşmış şəhərlər, azad olunmuş rayonlarımızın mədəniyyət müəssisələri ilə qardaş Özbəkistanın qurumları arasında birbaşa əlaqələrin yaradılması, azad olunmuş regionların mədəni turizm ehtiyatlarının təbliği və s. sahədə işlər həyata keçiririk. Təbii ki, konkret nəticələr olduqca mətbuatı və ictimaiyyətimizi məlumatlandırırıq.
Məsələn, artıq Özbəkistanın yüz ildən artıq tarixi olan məşhur Turon kitabxanasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Qarabağ” guşəsi yaratdıq. Bu guşəni o qədər maraqlı etdik ki, kitabxananı ziyarət edən hər bir insan Azərbaycanın tarixi bölgəsi olan Qarabağın zəngin mədəniyyəti, ədəbiyyatı, adət və ənənələri, musiqisi haqında tam, müfəssəl məlumat əldə bilir.
Gələcəkdə qeyd olunan istiqamətdə maraqlı və ölkəmiz üçün əhəmiyyətli layihələrimiz var. Zamanla bu layihələri ictimaiyyətə təqdim edəcəyik.



Tural Tağıyev
Azvision.az



Teqlər: Şuşa   Qarabağ   Özbəkistan  





Xəbər lenti