AzVision.az redaksiyalara papaq atdı - FOTOLAR, VİDEO
İlk ünvanımız Modern.az saytı oldu. Əsas məsələ şifrəli qapını açıb içəri girə bilmək idi... Amma biz yol taparıq... Yol da taparıq, papağımızı da atarıq.
Papağımızı atıb gözləməyə başlayırıq. Artıq bir neçə dəqiqədir ki , gözləyirik... Baho, işimiz müşkülə düşdü. Di nə oldu, tez olun, verin də papağımızı,- deyə səbirsizlənirik....
Qulağımızı qapıya verib, içəridə gedən söhbətləri eşitməyə çalışırıq:
- Gəlin “Fairy” qoyaq. Onsuz da geri qayataracaqlar” - bu cümlə diqqətimizi daha çox çəkir.
Ürəyimiz üzüldü... axır ki, qapı açıldı, payımız verildi...
İçəri girəndən sonra öyrənirik ki, sən demə redaksiya heyətinin planı “bəxtinizi bir daha sınayın” yazmaqmış. Amma sonra nədənsə bu fikirdən daşınıblar...
Nə isə... Payımızı alıb, bayramlaşıb, növbəti redaksiyaya yola düşürük.
Qafqazinfo.az saytında papağımıza qoyulan bayram sovqatı : `İki qənd, iki konfet`. Vəssalam. Baş redaktor Elbrus Ərud yarızarafat-yarıciddi dad etdi ki, kasıbçılıqdır, redaksiyada bunlardan başqa heç nə yoxdur.
Amma bizim bu sovqat məsələsində qəddarlığımızı görən redaksiya əl- ayağa düşdü. Baş redaktor hay- həşir salıb “Deyin görüm bu qəndləri kim qoyub papağın içinə”,- deyə müxbirləri zarafatyana sorğu suala tutdu.
Artıq gec idi.. qatar getmişdi... Sonradan verdikləri “alpen gold” da bizi yumşaltmadı. Amma adamın allahı var, çay verdilər, papağımızdakı qəndlərlə içdik.
Yolumuz uzundur: Badamdara gedirik, hafta.az saytına.
Xeyli yol qət etdikdən sonra redaksiyaya çatırıq. Papaq atmazdan öncə qulaq pusmağa cəhd etdik.
Elə təzəcə qulağımızı qapıya yapışdırmışdıq ki: ”Ayə, “Sumsung Galaxy S4” 250 manata olmaz”. Evin yıxılsın fələk, balatnı kökündən vurdu. İndi gəl bunu yoz da.
Nə isə, papağımızı atırıq, içi dolu geri qaytarılır. Sonra da xoş qarşılanma, həmkarlarımızla deyib-gülmək...
Fatimə Kərimli
Şahanə RƏHİMLİ
Elnur Muxtar