Müsabiqənin nəticəsi olaraq, qaliblərə diplomlar təqdim edilib. Birinci yerin qalibi Novruz Məmmədov, ikinci yerin qalibi Elvin Nəbizadə, üçüncü yerin qalibi isə Lamiyə Əhməd olub.
Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi yeni layihə - "SƏMƏNİ" Beynəlxalq Müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəsilə ötürməklə yanaşı, həm də Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır. Heydər Əliyev Mərkəzi müxtəlif yaş qruplarına və yaradıcılıq istiqamətlərinə mənsub olan 31 rəssam və heykəltəraşın fərqli dizaynda təqdim etdiyi səməniləri sərgiləməklə həm paytaxt sakinlərinin bayram ovqatına çalar qatır, həm də bolluq və firavanlıq arzularını ifadə edir.
Müsabiqəyə təqdim olunan səmənilər iyunun 1-dək Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcək.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzi bundan əvvəl - 2013-cü ilin dekabrında Leyla Əliyeva və Arzu Əliyevanın da iştirak etdiyi "KÜKNAR" Beynəlxalq Sərgi-Müsabiqəsi keçirib. Müsabiqədə 18 yerli və xarici rəssam və heykəltəraş fərqli dizaynda Yeni il ağaclarını təqdim edib, səsvermə yolu ilə onların üçünün müəllifi mükafatlandırılıb. Unikal görkəmli küknarlar 2 ay Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub.