Kirayə ev bazarı, “Sovetski”, tələbə qızlar… REPORTAJ

Kirayə ev bazarı, “Sovetski”, tələbə qızlar… REPORTAJ
  18 Mart 2014    Oxunub:1569
“Sovetski”nin sökülməsi xəbəri gündəmə gələndən Bakının ev bazarında ciddi bahalaşma müşahidə olunur. Qiymət artımı mənzil alqı-satqısı ilə yanaşı, kirayə ev bazarından da yan keçməyib.

Ötən gün paytaxın Nizami rayonunda yerləşən “ev bazarı” kimi tanının parkda olarkən qiymət artımının əyani şahidi olduq. Parka ayaq basan kimi bizi “maklerlər” ordusu qarşıladı. “Kirayə ev var” deyə üstümüzə hücum çəkən maklerlərdən ağız dolusu təriflədiyi mənzillərin qiymətini soruşanda təəccüblənməyə bilmədik. Belə ki, orta təmirli, yaxud təmiri sovet dövründən qalan bir otağlı evlərin qiyməti 250-300 manat, 2,3 otağlı mənzillərin isə kirayə haqqı 300-500 manat arası təşkil edir.

Təsəvvür edin, təmirsiz, şəraitsiz mənzillər 250-350 manata ev axtaranlara təklif olunur. Təmirli mənzillərə isə yaxın durmaq olmur. Qiymətlər bir sözlə dəhşətdir. Xüsusən metro stansiyaların yaxın yerlərdə mənzillərin qiyməti dəyişir.



Məsələn, “Gənclik” metrosunun ətrafında 2,3 otaqlı mənzil kirayələmək üçün minimum 350,500 manat ödəmək lazımdı. “Nəriman Nərimanov”, “Elmlər” istiqamətdə də vəziyyət ürək açan deyil, yəni qiymətlər od tutub yanır. Münasib qiymətə isə şəhərin mərkəzindən kənara ev tapmaq olar. Yəni şəraitsiz həyət evləri, onların da qiyməti elə də ucuz deyil.

Qiymətlər təxminən 200,300 manat arası təşkil edir. “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar dostluğu” metrostansiyalarının yaxınlığında da mənzillərin qiyməti ilə maraqlandıq. “Maklerlər” həmin yerlərdə qiymətlərin müxtəlif olduğunu dedilər. Bir, iki saata yaxın “ev bazarın”da müşahidə apardıq, qiymətlərlə tanış olduq.



“Maklerlərin” uzun-uzadı çıxışlarını dinlədikdən sonra qiymətlərin ceyran belinə qalxmasının səbəbini soruşduq. Bazarda hamının Şükür kimi tanıdığı “makler” qiymətlərin bir, iki aydı qalxdığını deyir. Onun sözlərinə görə, evlərin kirayə haqlarının bahalaşması “Sovetski”nin sökülməsi ilə bağlıdır. “Ay qardaş Sovetski hələ sökülməyib, indidən qiymətlərin qalxması necə olur”-deyə soruşduqda isə aldığımız cavab bu oldu: “qiymət belədir, xoşdursa götürün, xoş deyilsə özünüz bilərsiniz..”.

Göründüyü kimi, “Sovetski” məsələsi işbazların əlində alətə çevrilib. Bundan istifadə edən ev sahibləri, dəllallar evlərin kirayə və satış qiymətlərini qaldıraraq acınacaqlı vəziyyət yaradırlar. Şahidi olduğumuz kimi, bazara nəzarət olmadığından kimin ağlına hansı qiymət gəlirsə onu da təyin edir. Mənzil axtarışına çıxan digər vətəndaşlar da vəziyyətdən nazarı görünürdülər.

Amma ev kirayələmək üçün məsələ bununla bitmir. Ev sahiblərinin də öz şərtləri var. Məsələn, əksər ev sahibləri tələbə oğlanlara ev verməkdən imtina edir. Əsas üstünlük gənc ailələrə və tələbə qızlara verilir.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti