Narkotacirlər sosial şəbəkədən istifadə edirlər - DİN rəsmisi (VİDEOMÜSAHİBƏ)

 Narkotacirlər sosial şəbəkədən istifadə edirlər -  DİN rəsmisi (VİDEOMÜSAHİBƏ)
  31 İyul 2021    Oxunub:12710
Son vaxtlar Azərbaycanda narkotiklərin satışının artması və narkomanların çoxalması ciddi narahatlıq yaradır. Bunu sosial şəbəkələrdə yayılan videolardan da müşahidə etmək mümkündür. Bu artıma səbəb nədir və qarşısını necə almaq olar?
Bununla bağlı Azvision.az Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun rəisi Nəcəf Aydınoğlu ilə söhbətləşib. Onun sözlərinə görə, qeyri-qanuni yollarla Azərbaycan ərazisinə müəyyən qədər narkotik vasitələrin gətirilməsi baş verir:
- Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər Azərbaycan respublikasının ərazisinin mürəkkəb coğrafi relyefindən istifadə edərək, buna nail ola bilirlər. Amma narkotacirlər artıq ənənəvi satış üsullarını dəyişərək, sosial şəbəkədən istifadə edirlər. Sosial şəbəkələrdə səhifələr açaraq, narkotik maddələrin təbliğatını həyata keçirirlər. Bu şəxslər müəyyən olunaraq, saxlanılır.

Təhqiqat Qrupunun rəisi deyir ki, narkotacirlərin istifadə etdikləri təbliğat tezisləri arasında guya müəyyən narkotik maddənin qadınların arıqlamalarına müsbət təsir göstərməsi, tələbə və şagirdlərin imtahan ərəfəsində zehinlərini gücləndirməsi kimi yalan müddəalar da var.

- Vətəndaşlarımız bu kimi hallarla rastlaşdıqları zamanı bizə müraciət etməyə çağırdıq. Nəticədə çoxsaylı müraciətlər olundu. Vətəndaşların anonimlikləri qorunmaq şərtilə keçirilən əməliyyat tədbirlərinin videoçarxları Azərbaycan polisinin sosial şəbəkədəki hesablarında paylaşıldı. Bundan başqa, narkotik vasitələrdən asılı olmuş şəxslərin müalicə müəssisələrinə yerləşdirilməsi və onlara nəzarət olunmasına da həyata keçiririk. Bu bəşəri bəladan xilas olmaq üçün vətəndaş-polis həmrəyliyi vacibdir. Göstərdikləri dəstəyə görə, vətəndaşlarımıza minnətdarıq,- deyən Nəcəf Aydınoğlu narkotik maddələrin növləri haqqında da məlumat verib. O bildirib ki, hazırda ən çox “Patı”, yaxud, “Şüşə” adlanan metamfetamin yayılıb:

- Bu narkotik vasitə insan həyatı üçün təhlükəlidir və onu qəbul edən şəxsi 2-3 gün yatmağa qoymur. İnsanlar arasında guya “arıqlama prosesini sürətləndirir” kimi məlumatlar yaymağa başlayıblar. Bəli, arıqladır. Amma bu, sağlam arıqlama yox, insan anatomiyasının pozulmasından doğan patalogiyadır. İnsanda hallüsinasiya, eyforiya yaranır. Qəbul edəni 6-24 saat təsirində saxlayır. Bir dəfə istifadəsi adılılıq yaratmaq üçün yetərlidir. Saçların tökülməsinə, göz bəbəklərinin böyüməsinə, dişlərin, bədənin çürüməsinə və yaraların gec sağalmasına səbəb olur. “Patı” qəbul edən şəxslərdə əsəb və ya içinə qapanıqlıq, insanlarla ünsiyyətdən qaçma, tez əsəbləşmə kimi əlamətlər yaranır. Valideynlər tədbir görməkdə çətinlik çəkdikdə polisə müraciət etmələri məsləhət görülür”.

Müsahibənin davamında siz “online” və video şantaj vasitəsilə narkotik maddələrin necə satıldığını biləcəksiniz.



Bəxtiyar Məmmədov
Əhməd Xəlilov

Azvision.az


Teqlər: Narkotik   Polis  





Xəbər lenti