
Mərasimdə çıxış edənlər Teymurun keçdiyi qısa və şərəfli ömür yolundan danışıblar. Qeyd olunub ki, 1995-ci ildə anadan olan Teymur orta məktəbi bitirdikdən sonra ali təhsil alıb, 2020-ci il sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsinə qatılıb və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Anım mərasimindən sonra Cülyan kəndində I və II Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Baş leytenant Çingiz Bağırov və Teymur Osmanlının xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirilib.

Qeyd edək ki, Teymur Osmanlı 1995-ci il mayın 31-də İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində (ADU) "Fransız dili" üzrə ali təhsil alıb. 2017-ci ildən Naxçıvan Dövlət Universitetində təhsilini davam etdirib.

T.Osmanlı 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsinə könüllü qatılıb.
T.Osmanlı oktyabrın 17-də Suqovuşan istiqamətində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.



Bəxtiyar Məmmədov
Azvision.az