Ənənəvi təhsil geri döndü: Yenidən parta arxasında - VİDEO+FOTOLAR

  Ənənəvi təhsil geri döndü:  Yenidən parta arxasında -  VİDEO+FOTOLAR
  17 May 2021    Oxunub:9569
Bu gündən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib.
Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, V-IX siniflərdə həftədə 2 dəfə, I-IV siniflərdə isə həftədə 3 dəfə əyani formada tədris təşkil edilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə V-IX siniflərdə 199 694, I-IV siniflərində 182 018 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub. Paytaxt məktəblərində ümumilikdə 410 000-dən artıq təhsilalan və təxminən 25 000-dən çox təhsilverən əyani tədrisə qismən cəlb edilib.

Azvision.az -ın əməkdaşı Bakıda ənənəvi tədris prosesini izləmək üçün Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbə baş çəkib.



41 günlük fasilədən sonra yenidən məktəbə gələn şagirdlər həvəslə dərslərin başlamasını gözləyirlər. Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq məktəbə daxil olan hər bir şagird və müəllimin temperaturu ölçülür, onların əlləri və çantaları dezinfeksiya olunur. Bundan sonra sinif otaqlarına daxil olmalarına icazə verilir.

Məktəbin direktoru Sevinc Budaqova Azvision.az -a bildirib ki, şagirdlərin bu gün dərsə davamiyyəti 80 faiz olub. Onlar böyük sevinclə məktəbə gəlirlər.

"Şagirdlər yenidən məktəbə qayıtdıqları üçün çox sevinclidirlər. Bunu onların gəlişində, simalarında hiss edirik. Valideynlər də böyük məmnuniyyətlə övladlarını məktəbə gətirirlər. Müəllimlər yenidən sinif otağında şagirdlərlə canlı ünsiyyətdə olub, dərsləri rahatlıqla izah edirlər. Hesab edirəm ki, məktəb binaları şagirdsiz olmamalıdır. Məktəb şagirdlərlə canlı olur. Zəng vaxtı dəhlizdə şagirdlər qaçanda, oynayanda, onların səsi gələndə özümü xoşbəxt hiss edirəm".



Şagirdlərin canfəşanlığını daxil olduğumuz ilk sinif otağında müşahidə etdik. Belə ki, 4-cü sinif şagirdləri müəllimlərin hər bir sualına cavab verməyə çalışır, ilk dərsdə fəallıq nümayiş etdirirdilər.

4-cü sinif şagirdi Leyla Mehdizadə yenidən ənənəvi məktəbə qayıtdığı üçün çox sevincli olduğunu deyib:

"Dərsləri onlayn keçəndə riyaziyyat fənnini o qədər də başa düşmürdüm. Amma məktəbdə müəllimə başa salanda yaxşı bilirəm. Həm də sinif yoldaşlarım, dostlarım üçün çox darıxmışdım. İndi dərsdə həm onları, həm müəllimləri görürəm".



Digər şagird Cahangir Eyvazov da onlayn tədris zamanı dərsləri yaxşı başa düşmədiyini bildirib. O, dərsləri canlı ünsiyyətlə müəllimdən eşitməyi daha üstün hesab edir:

"Mən parta arxasında oturmağı, dostlarımla söhbət etməyi, müəllimimlə danışmağı çox sevirəm".



Müəllimə Lamiyə Əfəndiyeva pandemiya səbəbindən əziyyət çəkdiklərini, internetlə bağlı bəzən problem yaşadıqlarını qeyd edib.

"Onlayn tədrisdə dərslərimiz yarım saat olurdu. Amma ənənəvi tədrisdə 45 dəqiqə ərzində uşaqları dinləyib, onlardan cavab alıb, dərsləri soruşa bilirdik. Həm də tədris ilinin sonudur. Şagirdlər summativ qiymətləndirmə yazmalıdırlar, bunun üçün hesab edirəm ki, ənənəvi tədrisin bərpası daha məqsədyönlüdür".

Həmsöhbət olduğumuz əksər şagird və müəllimlər ənənəvi dərslərin daha faydalı olduğunu, yenidən onlayn tədrisə qayıtmaq istəmədiklərini vurğulayıblar.



































Aytən Zəhra
Video: Əhməd Xəlilov

Azvision.az


Teqlər: Şagird   Məktəb  





Xəbər lenti