Prezidentin Naxçıvandan verdiyi əsas mesajlar - TƏHLİL

 Prezidentin Naxçıvandan verdiyi əsas mesajlar -  TƏHLİL
  11 May 2021    Oxunub:7706
Prezident İlham Əliyevin mayın 10-da Naxçıvana səfəri bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Ölkə başçısının Muxtar Respublikaya 15-ci səfərinin məhz 10 may tarixində reallaşması təsadüfi deyildi. Həmin gün Azərbaycan xalqı Ümummili Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edirdi.
Prezident Ordubadda ictimaiyyət nümayəndələri ilə görüşü zamanı səfərin 10 may tarixinə təyin edilməsinin rəmzi məna daşıdığını bildirdi.

“Bu gün Naxçıvanda olmağımın, əlbəttə ki, səbəbi var. Tarixi Zəfərdən sonra Ulu Öndərin birinci doğum günüdür və bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim”,- deyən ölkə başçısı Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra onun Vətəninə – Naxçıvana gəlməyi vacib saydı.

Səfər zamanı xeyli diqqətçəkən məqamlar yaşandı. 44 günlük Vətən Müharibəsindəki tarixi qələbədən sonra Azərbaycan Prezidenti ilk dəfə idi ki, Naxçıvana səfər edirdi. Bu səfəri əlamətdar edən əsas nüans onun 10 may tarixində baş tutması oldu. Prezident 15-ci dəfə Naxçıvana səfər edirdi. Amma ilk dəfə idi ki, ölkə rəhbəri kimi mayın 10-da - Ulu Öndərin doğum günündə muxtar respublikaya təşrif buyurmuşdu. Həm də tarixi hadisədir ki, Ulu Öndərin Qarabağ, Şuşa vəsiyyətini yerinə yetirən cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan kimi ümummilli liderin doğum gününü onun Vətənində-Naxçıvanda qeyd edirdi. Ölkə başçısının bu addımı özlüyündə çox böyük rəmzi məna daşıyırdı.

Prezidentin Naxçıvana 10 may səfəri

Heydər Əliyev hər zaman Naxçıvana bağlı olub, dövlətçilik fəaliyyətində muxtar vilayəti daim diqqətdə saxlayıb. Ümumilikdə ulu öndərin həyat və uzun illərə söykənən idarəçilik təcrübəsinə nəzər saldıqda, bu dahi şəxsiyyətin ölkəmiz üçün hansı anlam daşıdığını görərik. Məhz onun rəhbərliyi ilə Azərbaycan dirçəldi, geridə qalmış müttəfiq sovet respublikasından qabaqcıl respublikaya çevrildi. Ulu Öndər ölkəmizin ağır illərində-90-cı illərin əvvəllərində naxçıvanlılar üçün də nicat yolu oldu. Onun rəhbərliyi ilə naxçıvanlılar erməni işğalının qarşısını ala bildilər. Çünki mənfur düşmənin niyyəti o idi ki, Qarabağla yanaşı Naxçıvanı da işğal etsin.

Səfər zamanı bu məsələyə də toxunan Prezident İlham Əliyev zamanında Naxçıvanı qorumağın Heydər Əliyevin müstəsna xidməti olduğunu xatırlatdı. Bundan başqa, ölkə başçısı o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur planlarından söz açdı:

“O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər, öz marionetlərini gətirsinlər və faktiki olaraq Naxçıvanı da ermənilərə bağışlasınlar. Onlar buna da hazır idilər, təki Heydər Əliyev amili Azərbaycan siyasətindən götürülsün. Ancaq Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi, naxçıvanlıların fədakarlığı bütün bu planları – ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir və Naxçıvanı Heydər Əliyev qorumuşdur, necə ki, ondan sonra Azərbaycanı böyük bəlalardan qoruya bildi. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur".

İlham Əliyevin müsahibəsindəki əsas tezislər

Azərbaycan liderinin muxtar respublikaya səfərinin gündəliyi kifayət qədər geniş olsa da, ölkə başçısı Dövlət Televiziyasının (AZTV) suallarını cavablandıraraq, bir sıra mühüm mesajlar verdi.

Əvvəlcə, Prezident Ordubaddakı dəmir yolu stansiyasına baş çəkdiyini vurğulayaraq, görülən işlərlə təsadüfən tanış olmadığını dedi. Zəngəzur dəhlizi məsələsinə bir daha toxunan ölkə başçısı regionu birləşdirəcək nəhəng layihənin reallaşacağına əminliyini ifadə etdi:

"Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır".

Zəngəzur dəhlizi açılacaq

Daha sonra Prezident xüsusi olaraq onu da vurğuladı ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Belə ki, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün lazımi infrastruktur yaradılacaq. Prezident, həmçinin Ermənistan ərazisindəki dəmir yolu işlərinin Rusiya ilə müzakirə edilməsinin də səbəbini izah etdi:

“Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır. O ki qaldı, Ermənistan ərazisində olan hissəyə, bildiyiniz kimi, Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik”.

Ölkə başçısı müsahibəsində əminliklə bildirdi ki, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək növbəti tarixi nailiyyətimiz olacaq.

"Dəmir yumruq yerindədir", heç kim qarşımızda dura bilməz

Ali Baş Komandanın keçmiş Dağlıq Qarabağ münaqişəsinin yenidən gündəmə daşımaq istəyənlərə ünvanladığı mesajlar xüsusilə diqqət çəkirdi. Müharibədən sonra verdiyi bəyanatları xatırladan Prezident münaqişənin həll olunduğunu bir daha diqqətə çatdırdı.

Ölkə rəhbərinin vurğuladığı kimi, artıq ortada Dağlıq Qarabağ adlı münaqişə qalmayıb, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan işğalçı ölkəni diz çökdürərək şanlı bayrağını azad edilən tarixi torpaqlarımızda dalğalandırır. Buna düşmən də razılaşıb, kapitulyasiya aktına imza atan Ermənistan rəhbərliyi faktiki olaraq problemin sona çatmasını rəsmiləşdirib. Bu münaqişəni Azərbaycan təkbaşına həll edib. Həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd isə tarixə Ermənistanın kapitulyasiya aktı kimi düşdü. Bu faktı erməni siyasətçilər və politoloqlar özləri də dəfələrlə təsdiqləyiblər.

Naxçıvandan Ermənistanın "vəkillərinə" tutarlı cavab

Təəssüf ki, bu gün həll olunmuş problemi yenidən gündəmə daşımaq istəyən bəzi beynəlxalq güclər meydana çıxır. Onlar Qarabağın tarixə gömülmüş statusu məsələsini və münaqişə mövzusunu yenidən alovlandırmağa hesablanmış addımlar atırlar. Bu məsələyə də sərt reaksiya verən Ali Baş Komandan İlham Əliyev Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını dünyaya bir daha bəyan etdi. Münaqişənin öz həllini tapdığını dilə gətirən Prezident belə məsələyə qayıtmağın əbəs cəhdlər olduğunu vurğuladı:

“Əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam”.

Kanada və Fransaya mesaj: “Gedin, öz işlərinizlə məşğul olun”

Azərbaycan Prezidenti, eyni zamanda Kanada və Fransaya xəbərdarlıq edərək, bu ölkələrdən verilmiş bəyanatları kəskin tənqid etdi. O, hər iki ölkənin Azərbaycanın daxili işlərinə qarışdığını bildirərək bu cür yanaşmanın yolverilməz olduğunu bildirdi:

“Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun.

Mən Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirəm. Bu, qəbuledilməzdir. Biz dəfələrlə Fransa tərəfinə öz iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin, öz işlərinizlə məşğul olun”.


Sönmüş münaqişəni alovlandırmaq cəhdi

Sona çatmış münaqişənin yenidən yaranmasına can atan Kanada və Fransa 30 il ərzində problemin həlli istiqamətində bir addım belə atmayıb. Əksinə, Qarabağ münaqişəsinin əbədi qalmasında maraqlı olan bu ölkələr işğalçılara dəstək verərək, tarixi ədalətin bərpa olunmasına maneələr törədiblər. Xüsusən də fransız siyasətçilərin erməni sevgisi Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra daha çox özünü büruzə verməyə başlayıb. Əlbəttə, Azərbaycan lideri İrəvanı qanadı altına alan bu ölkələrə öz yerini göstərməklə, növbəti dəfə qətiyyətli və prinsipial mövqeyini nümayiş etdirdi.

Nədənsə, özü qaranlıq və cinayətkar keçmişini görməzdən gələn Fransa tərəfi Azərbaycanın Qarabağdakı möhtəşəm qələbəsini həzm edə bilmir. Paris Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edərək, özünü İrəvanın vəkili kimi aparır, işğalçılardan heç nə ilə fərqlənmədiyini göstərir. Bu gün bizim Hərbi Qənimətlər Parkına irad tutan, Azərbaycana qarşı çirkin kampaniyalar aparan fransızlar dönüb öz keçmişlərinə, elə bugünkü xarici siyasətlərinə nəzər salmalıdırlar. Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilirsə, hansı haqla Hərbi Qənimətlər Parkına dil uzada bilərlər?

Prezident AzTV-yə müsahibəsində bu nüansa toxunaraq qeyd etdi ki, “Bir gedin baxın, güzgüyə baxın, neçə dəfə mən bunu deməliyəm. Jurnalistlərə, xarici jurnalistlərə deməliyəm, xarici siyasətçilərə deməliyəm. Mən deyəcəyəm, mən susmayacağam. Amma onlar da öz işləri ilə məşğul olsunlar. Özləri problemlər içində çabalayırlar. Min cür problemləri var. Azərbaycanda bütün proseslər müsbət istiqamətdə gedir. Ona görə bir daha demək istəyirəm ki, əgər bütün ölkələr öz işləri ilə məşğul olsalar və bizim işimizə müdaxilə etməyə cəhd göstərməsələr, işlər yaxşı gedəcək və bizim münasibətlərimizdə heç bir problem olmayacaq”.

Ermənilər üçün status axtaranlar cavablarını aldılar...

Status məsələsinə gəldikdə isə, Prezidentin bu mövzuda da səsləndirdiyi tutarlı fikirləri yerinə düşdü. Ölkə başçısı maraqlı bir nüansa toxunaraq söylədi ki, əgər kimsə ermənilərə ikinci dövlət yaratmaq üçün çabalayırsa, buyurub öz ərazisində bunu reallaşdırsın:

“Bəzi siyasətçilər Dağlıq Qarabağın – deməli, olmayan qurumun statusu haqqında danışırlar. Onu da mən demişəm, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu, olmayacaq. Kim nə deyirsə desin. Ona görə məsləhət görürəm ki, bizi əsəbiləşdirməmək və münasibətlərimizi gərginləşdirməmək üçün nə status haqqında, nə münaqişə haqqında hər hansı bir açıqlama verilməsin. Veriləcəksə, cavablarını alacaqlar”.

Revanşistlərin puç olan Şuşa xəyalı

Şuşanın 29 ildən sonra ilk dəfə 8 may tarixini azad qarşılaması, Azərbaycanın həmin günü - keçmiş işğal tarixini qələbə ab-havasında qeyd etməsi erməniləri sözün əsl mənasında yasa qərq etmişdi. Qarabağın baş tacı olan Şuşanın əzəli sahiblərinə qaytarılmasını qəbullana bilməyən İrəvanda səslənən revanşist çağırışlara Naxçıvanda münasibət bildirən Ali Baş Komandan "Dəmir yumruğun" yerində olduğunu Ermənistana xatırlatdı. Cənab Prezident xəbərdarlıq etdi ki, əgər üçtərəfli bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Ölkə başçısı haqlı olaraq bildirdi ki, heç kim Ermənistanı müdafiə edə bilməz və onlar heç kimə bel bağlamasınlar:

“Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.

Ümumilikdə isə Prezidentin Naxçıvandan verdiyi mesajlar təkcə Ermənistana deyil, həm də bu ölkənin havadarlarına ünvanlanmışdı. Ölkə başçısı tam əminliklə qeyd etdi ki, Dağlıq Qarabağ problemi artıq geridə qalıb, münaqişəni alovlandırmaq cəhdləri tamamilə əbəsdir. Eyni zamanda hazırda Qarabağda yaşayan ermənilərə statusun verilməsindən söhbət gedə bilməz, bu məsələ birdəfəlik bağlanıb. Digər tərəfdən Ermənistandan hansısa təxribat olacağı təqdirdə, Azərbaycan "Dəmir yumruğu"nu yenidən işə salaraq, düşmənin dərsini verəcək. Zəngəzur dəhlizinin açılmasına gəlincə, ölkə başçısı regionu birləşdirəcək layihənin reallaşacağını, heç kimin ölkəmizin təşəbbüsünə mane ola bilməyəcəyini lazımı ünvanların diqqətinə çatdırmış oldu.

Tural Tağıyev
Azvision.az


Teqlər: Zəngəzur   Naxçıvan   Qarabağ   Dəmir-yumruq  





Xəbər lenti