Səfir: “Hələ də Ermənistanla diplomatik münasibətimiz yoxdur” - MÜSAHİBƏ

  Səfir:  “Hələ də Ermənistanla diplomatik münasibətimiz yoxdur” -  MÜSAHİBƏ
  27 Aprel 2021    Oxunub:17205
“Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq daha da güclənəcək”
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Azvision.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Cənab səfir, Azərbaycan və Pakistan arasında hər zaman xüsusi münasibət olub. Ancaq 44 günlük müharibə bu münasibətlərdə sanki yeni səhifə açdı. İndi Azərbaycanda hər kəs Pakistana xüsusi sevgi və rəğbətlə yanaşır. Bu, təbii ki, dost ölkənin müharibə günlərində sərgilədiyi birmənalı mövqe ilə bağlıdlr. Siz necə düşünürsünüz, müharibə bizim münasibətlərimizdə nələri dəyişdi?

- Mən fürsətdən istifadə edib, həm Azərbaycan xalqını, həm hökumətini Qarabağdakı möhtəşəm qələbə münasibətilə təbrik etmək istəyirəm. Bu müharibə Azərbaycanın haqq müharibəsi idi. Suala gəldikdə, demək istərdim ki, müharibədən sonrakı dövrdə Azərbaycanla Pakistan arasındakı iqtisadi münasibətlər, hərbi əməkdaşlıq daha da güclənəcək.



- Qarabağ münaqişəsinin həlli həm də regionda yeni iqtisadi mühit, imkanlar yaradıb. Pakistan bu istiqamətdə hansı töhfələri verə bilər?

- Azərbaycan torpaqlarının işğaldan azad olunması həmin ərazilər üçün yeni imkanlar yaradıb. Həmin torpaqlardan köçkün düşmüş insanlar öz evlərinə qayıdacaqlar. Bir neçə Pakistan şirkəti artıq Azərbaycana səfər edib, görüşlər keçiriblər. Bir neçəsi də səfər edəcək və ərazilərə baxış keçirəcəklər. Təbii ki, Pakistan şirkətləri ərazilərin yenidən qurulması, bərpasında iştirakda maraqlıdırlar.

- Azad edilmiş ərazilərin bərpasında iştirak üçün Pakistan konkret təkliflərlə, layihələrlə müraciət edibmi? Və bu layihələr hansı sahələri əhatə edə bilər?

- Pakistan şirkətləri əsasən tikinti, infrastruktur layihələrində, yolların, məktəblərin, hospitalların tikintisində maraqlıdırlar. Lakin mənin bildiyim qədərilə Pakistan şirkətləri bura səfər edib kənd təsərrüfatı sahəsinə investisiya qoymaq istəyirlər. Azad edilmiş ərazilər minalanıb, ilk növbədə həmin ərazilər minalardan təmizlənməlidir. Bundan sonra orada rahat iş görə bilərlər.



- Artıq bəzi ölkələrin, o cümlədən, Türkiyənin şirkətləri azad edilmiş ərazilərdə işlərə başlayıb. Pakistan şirkətləri konkret nə zaman işə başlayacaq?

-Həmin ölkələrin şirkətlərinə hökumət tərəfindən icazə verilib. Lakin digər sahələr var ki, gələcəkdə Pakistan şirkətləri o istiqamətdə iştirak edə bilər.

- Qarabağ müharibəsindən sonra Ermənistanla Pakistan arasında diplomatik münasibətlərin yaradılması ilə bağlı hər hansı təmaslar olubmu?

- Müharibədən sonra Pakistanla Ermənistan arasında heç bir əlaqə olmayıb. Bizim hələ də Ermənistanla heç bir diplomatik münasibətimiz yoxdur. Çünki Pakistan Ermənistanı bir dövlət kimi tanımır, ona görə ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdir. Nə zaman Azərbaycanın Ermənistanla münasibətləri normallaşsa, Pakistan Ermənistanla münasibətlərinə yenidən baxa bilər.

- Ölkələrimiz arasında hərbi əməkdaşlığı necə qiymətləndirirsiniz? Bu sahədə əməkdaşlığın inkişafı üçün gələcəkdə hansı addımların atılması gözlənilir?

- Azərbaycanla Pakistan arasında hərbi münasibətlər həmişə yüksək səviyyədə olub. Bu yaxınlarda Azərbaycana hərbi sahədə iki çox yüksək səviyyəli səfər baş tutdu. Birincisi, Pakistan Hərbi Hava Qüvvələri komandanı, mart ayında isə Birləşmiş Qərargahlar rəislərinin komandanı Azərbaycanda olub, bu, Pakistanda çox yüksək bir vəzifədir. Onlar Bakıda bir neçə dövlət rəsmiləri ilə görüşlər keçirdilər, hərbi əməkdaşlığı gələcəkdə necə inkişaf etdirə biləcəyimiz müzakirə olundu.



- Pakistan-Azərbaycan münasibətlərində bundan sonra hansı sahələr prioritet təşkil edə bilər?

- Birincisi, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələsi gündəmdədir. İkincisi, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Universitetlər arasında tələbə, elmi işçilərin mübadiləsinin təşkili hazırda prioritet məsələlərdəndir. Bundan əlavə, mədəni əlaqələrin inkişafını nəzərdə tuturuq. Bununla bağlı universitetlərdən birində Paksitan Mədəniyyət Mərkəzinin açılışı gözlənilir. Həmçinin, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, iki xalq arasında səfərlərin artması ölkələrimizin əlaqələrinin inkişafına böyük təsir göstərəcək.

- Pakistanın dost ölkə olaraq Qarabağa hansı simvolik hədiyyəsi ola bilər?

- Mənim şəxsi fikrim belədir ki, Pakistan və Azərbaycan arasında dostluq münasibətlərinin nümunəsi olaraq gələcəkdə Qarabağda şəhərlərdən birində Pakistan-Azərbaycan dostluq parkı yarada bilərik. Bu, iki ölkənin dostluq münasibətlərinin və yaxşı əlaqələrinin simvolu ola bilər.



- Gələn ay iki ölkə arasında birbaşa reyslərin açılması gözlənilirdi. Bununla bağlı plan qüvvədədir?

- Pakistan Hava Yolları bu reysə hazırdır və əslində may ayının ortalarında uçuşlara başlamağı elan edib. Lakin burada bir məsələ var ki, gərək ilk növbədə elektron viza açılsın. Biz bilirik ki, hazırda elektron vizanın verilməsi dayandırılıb, uçuşların başlanması üçün də elektron vizanın verilməsi bərpa edilməlidir.

- Bu il ərzində qarşılıqlı olaraq hər hansı yüksək səviyyəli səfərlər gözlənilirmi?

- Bilirsiniz ki, yanvar ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanda səfərdə oldu. Həmçinin, Pakistandan Azərbaycana bir sıra yüksək rütbəli hərbçilər səfərlər etdilər. Cari ilə başqa səfərlər də nəzərdə tutulur. Mən tarix və yaxud ad vermək istəmirəm, ancaq yüksək səviyyəli səfərlər olacaq.

- Cənab səfir, iki ölkənin iqtisadi-ticari münasibətlləri ürəkaçan deyil. Bu sahədə son vəziyyət necədir? Hansı yeni plan və layihələr var?

- Bu sahənin inkişafı mənim səfir olaraq missiyalarımdan biridir və biz qarşılıqlı olaraq ticarətin inkişafı üçün çalışırıq. Bununla bağlı daimi olaraq Azərbaycanın İqtisadiyyat Nazirliyi, AZPROMO ilə əlaqədəyəm. Biz iki ölkənin iqtisadi potensialından istifadəni necə artırmaq məqsədilə mütəmadi müzakirələr aparırıq. Bu həftə Azərbaycanla Pakistan arasında onlayn formada biznes forum keçiriləcək. Pakistan tərəfindən Ticarət Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti, Azərbaycan tərəfindən isə İqtisadiyyat nazirinin müavini biznes forumda iştirak edəcək. Eyni zamanda, bir sıra böyük şirkətlər də biznes foruma qatılacaq. Biz Pakistan-Azərbaycan Biznes Palatasının yaradılmasına çalışırıq. Düşünürük ki, bu, hər iki tərəfin biznesmenlərinə daha böyük kömək və dəstək ola bilər.

- Cənab səfir, məlum olduğu kimi, Azərbaycanın azad edilmiş əraziləri kütləvi olaraq minalanıb. Pakistanın minaların təmizlənməsi ilə bağlı təcrübəsi varmı və bu sahədə Azərbaycana kömək edə bilər?

- Pakistanla Azərbaycan arasında bununla bağlı müzakirələr gedir. Yəqin ki, yaxın günlərdə Pakistandan bu sahə üzrə heyət Azərbaycana gələcək və onlar azad olunmuş ərazilərdə minalardan təmizlənmə prosesinə qoşulacaq.



- Kəşmir problemi ilə bağlı vəziyyət nə yerdədir? Pakistan və Hindistan arasında bu istiqamətdə hazırda təmaslar mövcuddur?

- Bildiyiniz kimi, 2019-ci il avqust ayından bəri Kəşmirdə vəziyyət heç də ürəkaçan deyil. Hindistan tərəfinin oranın genefondunu dəyişmək, insan haqlarını pozmaq cəhdləri davam etməkdədir. Bu vəziyyəti pandemiya daha da gərginləşdirir. Hazırda orada komendant saatına bənzər hərbi rejim mövcuddur və xəstələr istənilən tibbi yardımı ala bilmirlər. Biz Hindistan tərəfinə hər zaman deyirik ki, Kəşmir problemini həll etmək üçün Pakistan dialoqa hazırdır. Bizim mövqeyimiz aydındır və hər şey Hindistanın özündən asılıdır. Hindistan şərait yaratmalıdır ki, iki ölkə bir-birilə normal münasibətlərə və müzakirələrə başlasın.

- Yaxın aylarda problemlə bağlı hansısa irəliləyiş ola bilərmi?

- Bir müsbət məqam budur ki, bu yaxınlarda hərbi nümayəndələr arasında 2003-cü ildə imzalanmış atəşkəs sənədinə əməl edilməsi barədə razılığa gəlinib. Bizim Baş nazirimiz İmran Xan həmişə qeyd edib ki, Pakistan regionda sülh istəyir, həm də bu, Cənubi Asiyada əmin- amanlığın yaranmasına gedən yoldur. Baş nazirimiz həmişə bildirib ki, əgər Hindistan bizə tərəf bir addım atsa, Pakistan iki addım atacaq. Təbii ki, bunları etmək üçün Hindistan ilk növbədə insan haqlarına münasibətini dəyişməli, Pakistanda gedən proseslərə müdaxilə cəhdlərindən əl çəkməlidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan   Səfir  





Xəbər lenti