Şəhidlərimizin şəxsi əşyalarının qorunduğu muzey - REPORTAJ (VİDEO+FOTOLAR)

  17 Aprel 2021    Oxunub : 9844
Şəhidlərimizin şəxsi əşyalarının qorunduğu muzey -  REPORTAJ (VİDEO+FOTOLAR)
44 günlük Vətən müharibəsində qazandığımız qələbəni əbədiləşdirmək üçün yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun eksponatlarının bir hissəsi Azərbaycan İstiqlal Muzeyində yerləşir. Burada vətəndaşlar tərəfindən döyüşlərdə qəhrəmancasına mübarizə aparan şəhidlərimizə məxsus əşyalar, eləcə də düşmən tərəfindən Azərbaycan əhalisinə qarşı istifadə olunan müxtəlif növ silahlar və mərmi qalıqları toplanılır.
Vətən müharibəsi memerial kompleksi və Zəfər muzeyi fondunun təşkil edilməsi üçün lazımi materialların toplanmasına yanvar ayından başlanılıb. Bu günə qədər fonda 1500-dən çox eksponat təqdim edilib.



Azərbaycan İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli Azvision.az-a bildirib ki, eksponatların hər biri sənədləşdirilir və muzeydə qorunur.

Onun sözlərinə görə, fondun təşkili üçün lazımi materialların toplanılması işi mütəmadi olaraq davam etdirilir.



İndiyədək Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Minatəmizləmə Agentliyi və digər dövlət qurumları muzeyin fondu üçün müxtəlif materiallar təhvil verib. Buna nümunə olaraq qeyd edə bilərik ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycanın istehsalı olan yeni “İti qovan” PUA-sının maketini muzeyə təqdim edib.



Bu gün daha bir şəhid anası övladına məxsus əşyaları Fonda təqdim etmək üçün gəlib. Evin tək uşağı olan Rüfət Əsgərov oktyabrın 28-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. Aynur Əsgərova oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün onun şəkillərini, sevimli əşyalarını, ali təhsil haqqında sənədlərini və ürək sözlərini yazdığı kitabçanı muzeyə təhvil verib.



44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazdı. Bu gün biz şanlı tarixin bəzi parçalarını Hərbi Qənimətlər Parkında izləyirik. Tezliklə inşa ediləcək Zəfər Muzeyində isə tarixi qızıl hərflərlə yazanları, əbədiləşən qəhrəmanları və erməni vandallığının izlərini görə biləcəyik.













Aytən Zəhra
Foto: Şahin Sərdarov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az

Foto


Teqlər: Şəhid   Muzey