Həkim: “Yoluxmaların real sayı statistikadan daha yüksəkdir” - MÜSAHİBƏ

  Həkim:  “Yoluxmaların real sayı statistikadan daha yüksəkdir” -  MÜSAHİBƏ
  06 Aprel 2021    Oxunub:11015
Son günlər Azərbaycanda COVID-19 virusuna gündəlik yoluxma və ölüm hallarının sayı artır. Təkcə ötən gün ölkəmizdə 34 nəfər koronavirusdan dünyasını dəyişib, 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək ölkəmizdə 271 min 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 242 min 293 nəfər müalicə olunaraq sağalıb, 3711 nəfər vəfat edib. Aktiv xəstə sayı 25830 nəfərdir.

Azvision.az -ın əməkdaşı vətəndaşları maraqlandıran bir çox suallara cavab tapmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBIB) işçi qrupunun üzvü, infeksionist Vüsalə Yaşara müraciət edib. Həmsöhbətimiz koronavirusa yoluxma hallarının niyə artması və vaksinasiya prosesi ilə vacib məqamlardan söz açıb.

Həmin müsahibəni təqdim edirik:

- Bu gün ölkədə gündəlik yoluxma səviyyəsi 2500-ün üzərindədir və dünən rekord sayda ölüm (34 nəfər) qeydə alındı. Gündəlik yoluxan və ölənlərin sayının artmasını nə ilə izah edərdiniz?

- Bu rəqəmlər real yoluxma rəqəmləri deyil. Realda yoluxanların sayı gündəlik açıqlanan statistik rəqəmlərdən daha yüksəkdir. Belə ki, bir ailədə bir nəfərin verdiyi COVID testi müsbət çıxır və biz bunu qeydiyyata ala bilirik. Digər ailə üzvlərində isə əlamətlər olsa da, onlar çox zaman test vermir və statistikadan yayınmış olurlar. Bu zaman nəticəyə gələ bilirik ki, real rəqəmlər çox yüksəkdir. Yoluxma sayları yüksək olduğu halda ölüm hallarında da artım müşahidə edilir. Bu, normaldır, dünyanın bütün ölkələrində bu hal yaşanır. Yoluxma sayı artdıqca, ağır xəstə sayı, xəstəxanada yatış sayı artır və ölüm hallarında da çoxalmalar görülə bilir. Bu, bizim üçün də qaçılmaz vəziyyətdir.

- Müxtəlif səbəblərdən rəqəmlərin olduğundan çox göstərildiyini qeyd edənlər də olur.

Hələ də ölkəmizdə "COVID yoxdur" deyən və səthi yanaşan insanlar varsa, həqiqətən onların düşüncə tərzinə heyranam. Rəqəmlərin şişirdilməsi dünyanın heç bir ölkəsinə sərf etmir. Çünki koronavirusun iqtisadiyyatımıza, turizmə, təhsilə nə qədər ziyan vurduğunu bilirik. Bir ölkənin COVID-li xəstənin müalicəsi üçün ayırdığı vəsait çoxdur və onun nə qədər böyük məbləğlər hesabına başa gəldiyini bilirik. Onlar bizimlə bərabər bu dönəmin içərisindən keçsəydilər, bizim nə qədər əziyyət çəkdiyimizi bilərdilər.

Bir ildən çoxdur ki, pandemiya ilə mübarizə aparırıq və qorunmağın yolları artıq hər kəsə bəllidir. Mənim dediklərim insanlar üçün sadə görünə bilər, lakin maskadan istfadə, sosial məsafəni gözləmək və əl gigiyenasına diqqət etmək vacibdir. Bunlardan daha çox önəmli məqam insanların sıx toplaşdığı yerlərdən uzaq olmasıdır. Bura tədbirlər, mərasimlər, ad günləri və digərləri aiddir. Yaxın çevrəmiz, qohum-əqrabamızın COVID olub-olmadığına əmin deyilik. Bunun üçün maksimum ehtiyatlı olmalıyıq. Belə tədbirlərdən uzaq durmaq lazımdır. Çünki o tədbirlərdə maska çıxarılır, yemək yeyilir və istənilən halda yoluxma olur. Müraciət edən xəstələrdə ən çox gördüyümüz bu haldır.

Bir neçə gün əvvəl onlar hansısa tədbirdə iştitrak etdiyini qeyd edirlər. Buna çox diqqət etmək lazımdır. Mart ayında Beynəlxalq Qadınlar Günü ilə bağlı çox restoranlarda sıxlıqlar müşahidə olunurdu. Eyni zamanda adətlərimizdən olan "Qara bayram"da çox sıx təşkil edilib. Bunu gələn xəstələrdən eşidirik, Novruz bayramında qohum-əqrabın bir-birinin evinə gediş-gəlişi də çox olub. Biz həmin mərasimlərdəki yoluxmaları görürürük. Mart ayında hələ 8 Martın fəsadlarını görürdük. Hazırda isə biz Novruz bayramının yoluxmalarını görməyə başlamışıq.



- Gündəlik yoluxma və paralel olaraq ölüm hallarının artması insanların sağlamlıqlarına etinasız yanaşmasından irəli gəlir?

- Hər şeyi insanların üzərinə atmağın tərəfdarı deyiləm. Çünki psixoloji vəziyyət də göz qarşısındadır. Artıq bir ildən çoxdur ki, COVID-lə mübarizədəyik, Bu dönəmdə hamının sinirləri gərginləşib, artıq insanlar qaydalara əməl etmək istəmir. Digər tərəfdən pandemiyadan çıxış yolu olan vaksinasiyaya da fərqli yanaşmalar görürük. Vaksinin ilk dozasını alanlar artıq rahat davranmağa, maskasız gəzməyə başlayırlar. “Mən vaksinliyəm, mənə heç nə olmaz” deyə düşünürlər. Və ya xəstəliyinin gizli dönəmində vaksinasiya olunur və bundan xəbəri yoxdur. Bu hallara görə vaksinasiya olunmuş insanlar belə qaydalara ciddi əməl etməlidir, arxayınlaşmalı deyillər.

- İnsanlar arasında vaksinasiyaya maraq necədir? Yoluxmanın çoxalması fonunda vəzəyyəti necə qiymətləndirirsiniz?

- “Vaksinasiya heç kimi COVID-ə yoluxdurmur” deyə bir şey yoxdur. Vaksinasiyada II doz alınandan 2 həftə sonra immunitet formalaşmağa başlayır. Biz o müddəti gözləmirik, daha rahat davranırıq. Vaksinin qoruyuculuq dərəcəsi 100 faiz deyil. Nə qədər aşağı qoruyuculuğu olan vaksin də olsa uğur, yoluxma zəncirini qırmaq deməkdir. Vaksində 100 faiz qoruyuculuq olmadığı üçün peyvənd olunan insanlarda immunitet formalaşmaya və xəstəliyə yoluxma ola bilər. Biz xəstəliyin gizli dövründə vaksinasiya oluna bilərik və xəstəliyin əlamətləri meydana çıxanda vaksinasiyanı tamamlamış oluruq. Bu zaman düşünürük ki, "vaksin olundum, niyə yoluxdum?". Çünki xəstəliyin gizli dövründə idim və xəbərim olmadan I doz vaksini almışam. Bunların hamısı nəzərə alınmalıdır.

- Yoluxma zəncirini qırmaq, kütləvi immunitetin yaranması üçün əhalinin neçə faizi vaksinasiya olunmalıdır?

- Azərbaycanda əhalinin ən azı 70 faizi peyvənd olunmalıdır ki, kütləvi immunitet yaransın və yoluxma zəncirini qıra bilək. Hələki çox az sayda insan peyvənd olunub və bununla yoluxma zənvcirini qırmaq mümkün deyil. 70 faizdən aşağı kütlənin vaksinasiya olunması bizə uğur gətirəcək rəqəm deyil. Əhalinin 70-80 faizinin vaksinasiya olunması uğurlu nəticə verə bilər.

- Bu hədəfə nə vaxt nail olmaq olar?

- Zamanı müəyyənləşdirmək çətindir. Çünki birtərəfli məsələ deyil. Bu, insanların vaksinasiya prosesinə cəlb olunması ilə bağlıdır. Hazırda 40 yaş üzərində insanlar vaksinasiya olunursa, onlar daha aktiv prosesə cəlb olunmalıdır. Amma yayınanlar, müxtəlif səbəblər gətirib vaksin olunmaq istəməyənlər də çoxdur. Nə qədər çox insan vaksinasiya aktiv şəkildə iştirak etsə, bir o qədər proses sürətlə gedə bilər.

- Koronavirusdan sağalan insanlar peyvənd olunmalıdırmı? Bununla bağlı müxtəlif fikirlər səsləndirilir. Siz nə deyə bilərsiniz?

- Hazırda ölkəmizdə aparılan vaksinasiya strategiyasına görə, COVID-ə yoluxan insanlar son bir il ərzində vaksin olunmurlar. Məqsəd ilk növbədə immuniteti olmayan insanların vaksinləşməsinin planlaşdırılmasıdır. Amma COVID-i keçirmiş insan 3 aydan sonra rahat şəkildə vaksinasiya oluna bilər. Heç bir sıxıntı yoxdur. Çünki biz qoruyuculuğun nə qədər müddət davam edəcəyini bilmirik, ona görə antiteli olan insanlar belə vaksin olunmalıdır. Antitel humorol immunitetin göstəricisidir. Burada hüceyrəvi immunitet də var. Ona görə tək antitetlə görə qərar vermək doğru deyil. Araşdırmalar gedir. Hətta bir sıra araşdırmalara əsasən, qadınlarda antitel kişilərə nisbətən daha yüksək görünür və II mərhələ vaksinasiyadan sonra 95-97 faiz insanlarda “CoronaVac” peyvəndi ilə antitel yaranıb. Ölkəmizdə təəssüf ki, belə araşdırma aparılmayıb. Tək insanların fərdi fikri ilə nəsə demək doğru olmaz.

- Yay aylarında insanların koronavirusdan xilas olacağı iddia edilir Bu barədə nə düşünürsünüz?

- 2021-ci ilin sonuna qədər hələ ki, bizdə xəstəliyin tam nəzarətə götürüləcəyinə ehtimal etmirəm. Bunu həkim olaraq qeyd edirəm. COVID-dan qurtulmaq vaksinasiyanın nə qədər sürətli getməsindən asılı olacaq. İndidən bir söz demək ekstrasenslik olacaq. Artımlar və azalmalar ara-sıra müşahidə ediləcək. Ancaq bu templə koronavirusun ilin sonuna qədər ölkəmizdə sonlanacağına ehtimal etmirəm. Vaksinasiya nə qədər sürətlə gedərsə, biz bir o qədər tez maskadan qurtulmuş olarıq.

- Ölkəmizə gətirilən yeni peyvəndlərin digərlərindən fərqi nədədir? Effektivliyi necədir?

- Təsdiqlənmiş peyvəndlərin hamısına etibar etməliyik. Ən aşağı qoruyuculuq faizi olan peyvənd belə heç bir şey olmamasından yaxşıdır. “AstraZeneca” və digərlərinin qoruyuculuğu 90 faizin üzərindədir. Ona görə masimum dərəcədə qoruyuculuğu yüksək olan peyvəndlərin ölkəyə gətirilməsi ilə bağlı işlər aparılır. Nə qədər yüksək qoruyuculuğu olan vaksin ölkəyə gəlsə, bir o qədər yaxşı olar.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  





Xəbər lenti