Ermənistana “İsgəndər - M” necə verilib? - Hərbi ekspert şərh edir - VİDEO

Ermənistana “İsgəndər - M” necə verilib? -  Hərbi ekspert şərh edir - VİDEO
  06 Aprel 2021    Oxunub:13904
Vətən müharibəsi dövründə Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərinə "İsgəndər-M" raketinin atılması son günlərin əsas müzakirə mövzusuna çevrilib. İstifadəsi və satışı qadağan olunan raketlərin Azərbaycan ərazisinə necə atılması və İrəvanın onu hansı yollarla əldə etməsi ciddi suallar doğurur.
İndiyədək yalnız Rusiyada olduğu bilinən "İsgəndər-M" raketlərini Ermənistana kimlər verib? Niyə məhz Şuşa hədəf seçildi?

Hərbi ekspert Ruslan İmanquliyev Azvision.az-a müsahibəsində bu və digər sualları cavablandırıb.

Ekspert hesab edir ki, "İsgəndər-M" raketlərinin Şuşaya kimlər tərəfindən hansı məqsədlə atılması məsələsi araşdırılmalıdır.

"Ermənistanda "İsgəndər-E" raketinin olması bəlli idi. Bizim ərazilərimizdə aşkarlanan "İsgəndər-M" raketinin qalıqlarıdır. Hansı ki, ANAMA tərəfindən aşkarlanıb, ictimaiyyətə təqdim olunub. Bu, bir faktdır. Heç kəs dana bilməz. Faktın qarşısında suallar çıxır. Ermənistanda bu raket sistemi yoxdursa, o zaman necə atıldı? Əslində, bu sualın özündə belə bir cavab var. Bir şeyi də unutmamaq lazımdır ki, düşmən hər şeyi edə biləcək düşməndir. Onların Gəncəyə, Tərtərə və digər mülki yaşayış yerlərinə raketlər atdığını bütün dünya gördü.

Dağıdıcı, məhvedici ballistik raketin Şuşaya atılması ermənilərin şəhəri tamamilə məhv etmək niyyətindən xəbər verir. Bu, onu göstərir ki, Ermənistan Azərbaycana qarşı hər bir təxribata hazırdır. Ancaq bir gerçəklik də var ki bunu tək Ermənistan kimi də dəyərləndirmək lazım deyil. Həm də regiondakı gücləri gözdən keçirmək lazımdır. Onların niyyətlərini analiz etməliyik. Həmçinin imzalanmış dostluq sazişlərini də gözdən keçirmək vacibdir. Azərbaycan daha diqqətli olmalıdır. Bizim torpaqlarda "İsgəndər-M" ballistik raketlərinin qalıqları aşkarlanıb. Hər kəs bilir ki bu, onların raketi deyil. Ermənistan həmin raketləri hansı yollarla əldə edib. Bu, bir çox suallar ortaya çıxarır. O suallar cavablandırılacaq. Biz o suallar ətrafında risk qiymətləndirmələrimizi gözdən keçirib, tədbirlər görəcəyik. Qarşıdakı düşməni real qiymətləndirməliyik. O düşmən bəlkə də bizim qarşımızda gördüyümüz düşmən deyil. Bəlkə də qarşıda gördüyümüz əsl düşmənin maşasıdır. Biz əsl düşməni və maşasını nəzərə alaraq, daha da böyümüş olacağıq, daha qüdrətli orduya malik olacağıq", - deyə hərbi ekspert vurğulayıb.

Müsahibənin tam mətni ilə təqdim etdiyimiz videodan tanış ola bilərsiniz:



Bəxtiyar Məmmədov
Video: Əhməd Xəlilov

Azvision.az


Teqlər: İsgəndər   Raket   Şuşa  





Xəbər lenti