Süni qiymət artıran sahibkarları sərt cəza gözləyir

   Süni qiymət artıran sahibkarları sərt cəza gözləyir
  18 Mart 2021    Oxunub:1753
Əsassız qiymət artımına yol verilməklə istehlak bazarının iştirakçılarının hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlərə yol verən sahibkarlıq subyektləri barədə ciddi məsuliyyət tədbirləri görüləcək.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Azvision.az -a verilən məlumata görə, bu halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında gündəlik monitorinq aparılır. Son günlər istehlak mallarına tələbatın artması səbəbindən monitorinqlər intensivləşdirilib. Monitorinqlərin nəticələri təhlil olunaraq, əsassız qiymət artımının olub-olmaması araşdırılır.

Dövlət Xidmətində iri istehsalçılar, idxalçılar və market şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Novruz bayramı ilə əlaqədar bir sıra ərzaq mallarına tələbatın artması fonunda mövcud qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması ilə bağlı məsələlər müzakirə edilib.



Sahibkarlara əsassız qiymət artımına yol verilməməsi, marketlərdə qiymətlərin malların üzərində düzgün göstərilməsi, kassa qiymətləri ilə eynilik təşkil etməsi, istehlakçılarla market şəbəkələri arasında əməkdaşlığın gücləndirilməsi, satılan məhsulun keyfiyyəti və qiyməti barədə narazılıqlar olduğu halda məsələnin ciddi və operativ araşdırılması, istehlakçı hüquqlarının təmin olunması və müştəri məmnuniyyətinin yüksəldilməsi barədə tövsiyələr verilib.

Əsassız qiymət artımının, yəni qiymətlərin obyektiv əsas olmadan artırılmasının yolverilməz olduğu vurğulanıb.

Azvision.az


Teqlər: Qiymət   Artım   Sahibkar  





Xəbər lenti