Ərəblər İranla savaş istəyir - TƏHLİL

Ərəblər İranla savaş istəyir - TƏHLİL
  24 Fevral 2014    Oxunub:2361
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fars körfəzində yerləşən və İranın nəzarətində olan Əbu Musa, Böyük və Kiçik Tomb adalarının özünə məxsus olması ilə bağlı iddiaları yenidən gündəmə gəlib. Belə ki, BƏƏ mübahisəli hesab etdiyi adalarla bağlı məsələnin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmasını təklif edib. Buna cavab olaraq İran tərəfi həmin adaların özünün ayrılmaz hissəsi olduğunu bəyan edib.

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mərziyə Əfham bildirib ki, İranın Əbu Musa, Böyük və Kiçik Tomb adaları üzərində suverenliyi tarixi reallıqdır və BƏƏ-nin adalarla bağlı iddiaları əsasızdır.

Mübahisəli adalar Fars körfəzində Hind okeanına çıxışı təmin edən İranla Omanın arasında yerləşən Hörmüz boğazında strateji mövqeyə malikdirlər. Tarixən adalar İrana məxsus olub, lakin XX əsrin əvvəlində Böyük Britaniya tərəfindən işğal edilib. Britaniya 1968-ci ildə işğal etdiyi ərazilərdən çıxmaq qərarına gəlib. İngilislər adalardan çıxdıqdan sonra Abu Musa adası Şərcə əmirliyinə, Böyük və Kiçik Tomb isə Ras əl-Hayma əmirliyinə verildi. İran adaların geri qaytarılması ilə bağlı həm Britaniya həm də əmirliklərlə danişıqlar aparsa da heç bir nəticə əldə edə bilmədi. Həmin əmirliklər 1971-ci ildə BƏƏ-ə daxil olmaq qərarına gəldikdə, İran öz qoşunlarını adalara yeridərək faktiki həmin əraziləri işğal etdi. BƏƏ 1973-cü ildən etibarən beynəlxalq səviyyədə adaların qaytarılması məsələsini qaldırsa da, heç bir nəticə əldə edə bilməyib.

Adaların ən böyüyü olan Əbu Musa cəmi 12 kv km əraziyə malikdir. Adaların əhəmiyyəti onunla izah olunur ki, Hörmüz boğazının ən dərin və neftdaşıyan tankerlər üçün ən əlverişli keçidi məhz bu adaların arasındandır. Yəni adalara nəzarət Hörmüz boğazına nəzarət anlamına gəlir. Dünya bazarına ixrac olunan neftin 40 faizi bu boğazdan daşınır. Bundan əlavə Əbu Musa adasının özü də zəngin neft ehtiyatlarına malikdir.

BƏƏ üçün adaların geri alınması xüsusilə vacibdir. Çünki bu dövlətin Hörmüz boğazına çıxışı mövcud deyil. Adalara nəzarət BƏƏ-ni regionda söz sahibinə çevirir. Təsadüfi deyil ki, İran bu adalarda böyük hərbi kontingent saxlayır, adada hərbi aerodrom tikilmiş, hava hücumundan müdafiə qurğuları yerləşdirilmişdir. İranın adalarda yerləşdirdiyi həbi qüvvələr bu ölkəyə Hörmüz boğazına nəzarət imkanı yaradır. İran istədiyi vaxt boğazı bağlamaq və ixrac olunan neftin qarşısını almaq iqtidarındadır. Odur ki, Fars körfəzinə çıxışı olan neft ixrac edən ərəb ölkələri İrandan birbaşa asılıdırlar.

Təsadüfi deyil ki, 2012-ci ildə İrana qarşı hərbi müdaxilə məsələləri müzakirə olunarkən Fars körfəzinə Amerika hərbi gəmilərinin keçidi ehtimal olunurdu. İran üçün arzuolunmaz hal ondan ibarətdir ki, BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrdə Amerika hərbi bazaları mövcuddur. Eyni zamanda BƏƏ də daxil olmaqla ərəb ölkələri son illər neft gəlirləri hesabına böyük miqdarda silah-sursat alıb, eyni zamanda, ordu quruculuğunda mühüm irəliləyişlər əldə ediblər.

Dəniz yoluyla ixrac marşrutunun Hörmüz boğazından, quru yol isə Suriya və Livandan keçməsi səbəbindən ərəb ölkələri əsas neft hasilatçıları olsalar da, onların dünya bazarlarına çıxışı faktiki İranın nəzarətindədir. Livan və Suriyanı İran `Hizbullah` təşkilatı vasitəsi ilə öz nəzarətində saxlayır. Odur ki, ərəblərin Suriya müxalifətinə dəstək verməsi başa düşüləndir. Digər tərəfdən, mübahisəli üç adanın da BƏƏ-ə verilməsi ərəb dövlətlərinin hamısının maraqlarına uyğundur. Çünki belə olan halda Hörmüz boğazında nəzarət üstünlüyü Oman ilə BƏƏ-nin əlinə keçəcək. Təsadüfi deyil ki, Ərəb Ölkələri Liqası adaların BƏƏ-ə qaytarılması barədə dəfələrlə bəyanatla çıxış edib. Lakin Tehran üçün bu bəyanat o qədər də əhəmiyyət kəsb etmir.

Güman etmək olar ki, BƏƏ İrana qarşı beynəlxalq miqyasda hərbi müdaxilənin baş tutacağı təqdirdə hərbi yolla adaları özünə qaytarmağı ümid edir. Eyni zamanda, İrana hərbi müdaxilə planının hazırlayan qüvvələr üçün müharibə bəhanəsi də yaranmış olur.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti