Tariximizin 29 illik Xocalı yarası - VİDEO

Tariximizin 29 illik Xocalı yarası -  VİDEO
  26 Fevral 2021    Oxunub:6524
Xocalı faciəsi azərbaycanlıların ürəyində elə yaradır ki, dünyanın dörd bir yanından loğmanlar yığışsa da, ona məlhəm tapa bilməz. Şəhərin adı çəkiləndə ilk ağla gələn qarlı, şaxtalı hava, çarəsiz insanlar və onların Şuşaya qədər ucalan naləsi olur. Sanki həmin gün tanrı da xocalıları unutmuşdu. Onların yeganə pənahı qarlı dağlar və meşələr idi. O meşələrdə kimi atasını, kimi anasını, kimi də uşaqlığını qoyub gəldi. Bu gün həmin körpələr böyüyüb, yetkin insanlardırlar və Xocalı faciəsinin 29 ilini qeyd edirlər.
Hər bir azərbaycanlı 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən törədilən dəhşətli cinayəti ürək yanğısı ilə xatırlayır.

Mühasirəyə alınan və üzərinə ağır hərbi texnika yürüdülən dinc xocalıları qəddarlıqla qətlə yetirən düşmənin amansızlığı heç vaxt unudulmayacaq. Yandırılan şəhərdən qaçıb xilas olmaq istəyən qocaya, cavana, uşağa rəhm edilmədi, dinc insanlar yollarda, meşələrdə pusqu qurularaq vəhşicəsinə öldürüldü.



Ermənilərin insanlığa qarşı törətdiyi bu dəhşətli cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırım zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə dərmə-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv olub, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Xilas ola bilən çarəsiz, hər şeydən əli üzülmüş xocalılar Ağdama keçmək ümidi ilə şaxtalı və qarlı günlərdə meşəyə üz tutmuşdular. Qışın sərt soyuğunda gecəni orada keçirib səhəri irəliləmək niyyətində idilər. Amma qaniçən erməni əsgərləri həmin insanları da mühasirəyə alaraq qətlə yetiriblər. Meşəni qançanağına döndərən düşmən insalığa sığmayan cinayətə əl atıb.

Həmin gün şəhər əhalisinin imdadına çatan yeganə qüvvə Ağdamdakı könüllü dəstələr idi. Fevralın 26-sı səhər saatlarında Xocalıdan gələnlərdən nə baş verdiyini öyrəndikdən sonra onlar Ağdama gedən yolun üstündəki Qaraqaya adlı hündürlüyü ermənilərdən azad ediblər. Yalnız bundan sonra Şelli kəndi istiqamətində canlarını qurtarmaq istəyən dinc xocalılar xilas edilib. Qaraqaya əməliyyatı nəticəsində 200-ə yaxın insan əsirlikdən azad olunub, 100-dən çox meyit Ağdama gətirilib. Orada yerli camaat cəhənnəmdən sağ çıxa bilənlərə isti qucaq açıb, meyitlər isə Ağdam Cümə məscidinə aparılıb.



28 ildən sonra işğaldan azad edilən Ağdam şəhərinə səfərimiz zamanı Xocalı faciəsini xatırlamadan keçə bilməzdik. Həmin günlərin canlı şahidləri deyir ki, Ağdam Cümə məscidinə gətirilən meyitlər burada yuyulduqdan sonra Uzundərə qəbiristanlığında dəfn edilirdi.

Xocalıda atası şəhid olan, qardaşı itkin düşən İbrahim Həsənova o qanlı gecəni xatırlamaq asan deyil. O qeyd edib ki, Xocalıda şəhid olanların və itkin düşənlərin hər birini Ağdam Cümə məscidinə gətirirdilər:

"Biz neçə gün öz yaxınlarımızı axtardıq. Qohumlarımın çoxundan bu günə qədər də məlumatımız yoxdur. Sonradan əmimgilin meyitini tapdıq və Ağdam ərazisində dəfn etdik. Bibimgilin ailəsini və qardaşımı tapa bilmədik. Şükürlər olsun ki, bizim Ordumuz nəyə qadir olduğumuzu ermənilərə göstərdi".

Xocalıda əsir götürülən və işgəncələrə məruz qalan soydaşlarımızın xilas olunmasında Milli Qəhrəman Allahverdi Bağırovun böyük rolu olub. O, 1003 xocalı sakinini erməni əsirliyindən xilas edib və həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında böyük qəhrəmanlıq göstərib.



Bu il Xocalı faciəsi ilk dəfə fərqli şəkildə anılır. Ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığa qovuşdu, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı.

Ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb. 44 günlük Vətən müharibəsi nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və Şuşa şəhəri işğaldan azad edilib, qüdrətli Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən Azərbaycana qaytarılıb. Bu gün doğma Qarabağımızda şanlı bayrağımız qürurla dalğalanır.

Bu il ilk dəfədir ki, Xocalı qurbanlarının əziz xatirəsini qalib ölkənin qalib vətəndaşları kimi yad edirik.

Müxbir: Anar Kəlbiyev
Foto: Şahin Sərdarov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Xocalı   Ağdam   Fevral  





Xəbər lenti