Fətullah Gülənin hərəkatı partiya ola bilərmi? – TƏHLİL

Fətullah Gülənin hərəkatı partiya ola bilərmi? – TƏHLİL
  21 Fevral 2014    Oxunub:1458
Türkiyədə baş nazir Rəcəb Tayyip Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası ilə dini lider Fətullah Gülən tərəfdarları arasında “soyuq müharibə” davam edir. Tərəflərin bir-birinə qarşı ittiham dolu hücumları hələ də ölkənin əsas gündəmini formalaşdırır.

Baş nazir Ərdoğan Gülən camaatını paralel hökümət, partiya daxilində parelel partiya qurmaqda ittiham edir və onlara təklif edib ki, seçkilərdə demokratik qaydada mübarizə aparmaq üçün siyasi partiya yaratsınlar. Fətullah Gülənin qurduğu `Hizmət` hərəkatına yaxın olan `Zaman` qəzetində hərəkatın partiya qurmasının yolverilməz olduğu və bunun ümumiyyətlə, hizmətin ideyasına zidd olduğu bildirilib.

Regionda və Türkiyədə baş verən son bir ilin hadisələrini təhlil etsək, Ərdoğanın Gülən camaatı ilə qarşıdurmaya getməkdə əsas məqsədinin nədən ibarət olması ilə bağlı bir neçə ehtimal irəli sürmək olar.

Fakt ondan ibarətdir ki, Ərdoğan Gülənlə eyni cəbhədə olması barədə formalaşmış fikri həm daxildə həm də ölkə xaricində silmək istəyir. Baş nazir öz partiyası ilə Hizmət hərəkatı arasında hər kəsin asanlıqla sezə biləcəyi sərhədin çəkiləməsinə çalışır. Hizmətlə AK partinin qarşıdurması Ərdoğanla Gülənin əvvəlcədən müəyyən məqsədlər üçün razılaşdırılmış birgə planı da ola bilər, yaxud Ərdoğanın birtərəfli planının nəticəsi kimi yarana bilər.

Belə ki, “Müsəlman qardaşları”təşkilatınınn Misirdə, HƏMAS təşkilatının Fələstində, AKP-nin isə Türkiyədə demokratik seçki nəticəsində hakimiyyətə gəlməsi və ardınca bir-birilərinə qarşılıqlı dəstək verməsi Yaxın Şərqdə qüvvələr balansını pozmağa başladı. Qeyd olunan təşkilatları birləşdirən əsas məqam onların dini yönümlü və sünni olmalarıdır. İran və Suriya kimi şiə hakimiyyətlərin sıxışdırılması, neft pullarından varlanmış sünni ərəb dövlətlərin də dəstəyi Yaxın Şərqdə qüvvələr balansının pozulduğunu göstərən faktorlar idi. Regionda hansısa konkret qüvvələrin birləşməsi və aşkar üstünlük əldə etməsi Yaxın Şərqə kənardan müdaxilənin gələcəkdə qarşısını ala bilərdi.

Odur ki, 2013-cü ilin iyul ayının əvvəlində Muhammed Mursi devrildi, ilin sonundan etibarən isə İrana qarşı tətbiq edilən sanksiyalar yumşaldı. İyulun 3-də Türkiyədə Gezi Parkı olayları başladı. Söhbət ondan gedir ki, dini təmayüllü hakimiyyətlər zəiflədilməyə və ya devrilməyə məhkum olundu.

Ərdoğan bu reallıqdan irəli gələrək “dini təmayüllü partiya” emblemini üstündən atmaq üçün AKP-nin daxilindəki dini faktorun Hizmət hərəkatının olmasını göstərməklə hakimiyyətini kənar müdaxilələrdən qorumaq məqsədi güdə bilər. Ankaranın dərhal İranla iqtisadi sazişlər bağlaması da, regiondakı balansı “düzəltməyə” kömək üçün etdiyini göstərmək üçün ola bilər. Belə olan halda Gülənlə razılaşması mümkündür.

Lakin eyni zamanda Ərdoğanın bu planı Gülənlə razılaşdırmadan həyata keçirməsi də ehtimal edilə bilər. Baş nazir rəhbərlik etdiyi partiyanın 10 ildən artıqdır ki, seçkilərdə qalibiyyətində Hizmətin dəstəyinin də həlledici rol oynadığını anlayır. Bu Hizmət nümayəndələrinin yuxarı hakimiyyət eşelonlarında yer tutmasına və təbii ki, hökumətin qərarlarının istiqamətinə təsir etmək imkanı yaradıb. Hizmətlə nümayişkəranə konfliktə daxil olması, birincsi dünya icmasının gözündə onun üzərindən dinçi emblemini götürür, ikincisi isə Ərdoğana şəriksiz hakimiyyət qurmağa şərait yaradır.

Hizmət hərəkatının partiya quracağı inandırıcı görünməsə də, Hizmət adı altında partiyanın hansısa siyasi qüvvələr tərəfindən yaradılması mümkündür. Bunu Fətullah Gülən istəməsə də belə bir partiya elə Ərdoğanın sifarişi ilə də, həmçinin ümumiyyətlə siyasətə daxil olmaq istəyən Hizmətdən qopan yaxud qopacaq qüvvələr tərəfindən yardıla bilər. Hizmət adı altında partiya Türkiyədə populyar olacağı və rəğbətlə qarşılanacağı, elektoratın mühüm hissəsinə sahib olacağını proqnozlaşdırmaq mümkündür. Belə üstünlükdən yararlanmaq istəyən çox siyasətçi tapılacaq.

Ərdoğanın isə özünə yaxın olan qüvvələr tərəfindən belə bir partiya yaratmaq ehtimalını irəli sürməyə əsas yaradan faktor ondan ibarətdir ki, baş nazir qərb ölkələrində mövcud olan idarəetmə sisteminə yaxın ikipartiyalı sistemi tətbiq etmək isəyə bilər. Bir-biri ilə ziddiyyətdə olan lakin vahid mərkəzdən idarə olunan iki əsas partiyanın seçicilərin səslərinin əsas hissəsinə sahib çıxması hakimiyyəti itirmək riskini sıfıra endirir, ictimayyət demokratiyanın təntənəsinə sevinir, Avropa institutları isə seçkilərin öz standartlarına tam cavab verdiyini təsdiq edirlər.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti