Şəhid mədəniyyət işçilərinin ailələri və qazilərlə görüş keçirildi

  28 Yanvar 2021    Oxunub : 1545
Şəhid mədəniyyət işçilərinin ailələri və qazilərlə görüş keçirildi
Yanvarın 27-də Milli Kitabxanada Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan mədəniyyət işçilərinin ailə üzvləri və döyüşlərdə yaralanan mədəniyyət işçiləri ilə görüş keçirilib.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Nazirliyin Regional siyasət şöbəsinin müdiri vəzifəsini icra edən Vüqar Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib.

V.Məmmədov qeyd edbi ki, tarixi Zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb, 10 nəfər mədəniyyət işçisi yaralanıb. Mədəniyyət sahəsində çalışan 160-dan çox insanın yaxın qohumu şəhid olub: “Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə nazirlik tərəfindən maddi yardım göstərilib. Məsələ Mədəniyyət Nazirliyinin daim diqqətində saxlanılacaq və bundan sonra da bu istiqamətdə əhəmiyyətli addımlar atılacaq. Belə ki, əvvəllər çalışdığı müəssisələrdə və aidiyyəti rayonların aparıcı mədəniyyət müəssisələrində şəhidlərə dair guşələrin yaradılması, regionlarda fəaliyyət göstərən xalq teatrları tərəfindən Vətən müharibəsində iştirak etmiş, şəhid olmuş və yaralanmış şəxslərin keçdiyi döyüş yolunu əks etdirən tamaşaların hazırlanması, 27 sentyabr - Anım Günündə, habelə digər əlamətdar günlərdə şəhidlərə həsr olunmuş xatirə və dəstək tədbirlərinin təşkili kimi işlər həyata keçiriləcək”.

Sonra şəhid mədəniyyət işçilərinin ailə üzvləri çıxış edərək övladlarının adlarının əbədiləşdirilməsi haqqında təkliflər irəli sürüblər.

Sonda Vətən müharibəsində canını fəda edən mədəniyyət işçilərinə həsr olunmuş videoçarx nümayiş olunub.

Qeyd edək ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə minlərlə Vətən övladı ilə bərabər, mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub. Müxtəlif döyüş bölgələrində qəhrəmanlıq göstərən mədəniyyət işçilərindən 8 nəfər – Füzuli şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Toğrul Hacıyev, Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Rauf Əliyev, Gəncə şəhər Nizami məqbərəsinin bələdçisi Hikmət Məmmədov, Göyçay şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Alim İbrahimov, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin müəllimi Zamin Rəhimov, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Hümmətov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın işıq operatoru Əliağa Məmmədov, Tərtər şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Mehman Əliyev şəhidlik zirvəsinə ucalıblar.

10 nəfər mədəniyyət işçisi – İsmayıllı Regional Mədəniyyət İdarəsinin aparıcı mütəxəssisi Orxan Babazadə, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının üzvü Fərrux Həsənov, Balakən rayon 1 saylı şəhər Sənətkarlıq klubunun müdiri Turan Musayev, C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin təsərrüfat müdiri Cəmaləddin Şahməmmədov, Yevlax şəhər 6 nömrəli Diyarşünaslıq klubunun metodisti Ələmdar Quliyev, Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin müəllimi Məsim Məsimzadə, Leopold və Mstislav Rostopoviçlərin Ev-Muzeyinin elmi işçisi Vüqar Məmmədzadə, “Dublaj” studiyasının montajçısı Ömər Mirzəxanov, Akademik Milli Dram Teatrın rəssamı Tərlan Əsgərli və Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqqası Firdovsi Eyvazov döyüşlərdə yaralanıblar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, şəhid mədəniyyəti işçiləri Əliağa Məmmədov, Toğrul Hacıyev, Rauf Əliyev, Hikmət Məmmədov, Alim İbrahimov, Zamin Rəhimov, Tural Hümmətov ölümlərindən sonra “Vətən uğrunda” medalı ilə təltif ediliblər. Həmçinin döyüşlərdə yaralanmış mədəniyyət işçiləri də müxtəlif medallarla təltif olunublar.

Azvision.az

Teqlər: Mədəniyyə   Şəhid   Ailə   Qazi   Görüş