Aqrar sektorun inkişafı üçün nələr lazımdır? - TƏHLİL

Aqrar sektorun inkişafı üçün nələr lazımdır? - TƏHLİL
  15 Fevral 2014    Oxunub:2382
Cari ilin ölkədə “Sənaye ili” elan edilməsi, həmçinin 2 il öncədən qarşıdakı 10 il ərzində ümumi daxili məhsul (ÜDM) istehsalını qeyri-neft sektorunun hesabına 2 dəfə artırmaq vəzifəsinin qarşıya qoyulması regionların sosial-iqtisadi inkişafına dair yeni mərhələyə başlamaq lazım gəldiyini zəruri edirdi. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının 1 ay öncə başa çatması bu mənada yerinə düşdü.

Adı çəkilən proqramın icrasına dair bu yaxında keçirilən konfransda da deyildi ki, keçən 10 ilin ərzində regionların inkişafında böyük nəticələr əldə olunub. ÜDM-in artması (3,4 dəfə), yoxsulluğun (5,3 %-ədək) azalması, işsizliyin ciddi problemdən çıxması, ölkə vətəndaşlarının dolanışıq vəziyyətinin 10 il əvvəldəki ilə müqayisədə aşkar yaxşılaşması regionların sosial-iqtisadi inkişafının nəticəsidir.

Ümumiyyətlə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının 3-cü ilinin yekunlarına həsr olunan 2012-ci ilin fevralında keçirilən konfransda da deyilmişdi ki, hələ əvvəlki proqramın icrası zamanı - 2004-2008-ci illərdə ölkəmizdə 760 min sayda yeni iş yerinin açılması ölkədə işsizliyin aradan qaldırılması və yoxsulluğun aşağı salınması üçün xüsusi əhəmiyyət kəsb etmişdi. Prezident İlham Əliyev həmin konfransda çıxışında bildirmişdi ki, 2004-cü ildə qəbul edilmiş ilk proqram ölkəmizin iqtisadi inkişafıına mühüm təkan verib.

Ancaq indi vəziyyət başqadır: 2003-2013-cü illərdə ölkənin ümumi sosial-iqtisadi inkişaf göstəriciləri iqtisadiyyatın idarə olunmasında yeni mərhələnin yetişdiyini göstərir ki, bu da 2020-ci ilədək daha sürətlə inkişaf etmək, iqtisadiyyatı modernləşdirmək, ÜDM istehsalını qeyri-neft sektorun hesabına 2 dəfə artırmaq üçün rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalını yaxşılaşdırmaq və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirləri ön plana çıxarıb.

Bu baxımdan, icrası 1 ay öncə başa çatmış proqramın 3-cü ilinin yekunlarına dair yazmışdıq ki, emal və sənaye tipli istehsal sahəsi ixtisaslı kadrlar tələb edir. Digər tərəfdən, nə qədər çox sayda muəssisə yaradılsa da bunların işləməsi üçün xammal lazımdır. Odur ki, istənilən halda hər şeyin əsasında kənd təsərrüfatının dayandığı aşkar görünür. Və bu mənada, aqrar sahə regionların sosial-iqtisadi inkişafı üçün özül sayılır. Çünki torpaq ən birinci və əvəzolunmaz istehsal vasitəsi sayıldığından nə qədər çox sayda iri sənaye müəssisələri yaradılsa da əhəmiyyətini itirmir və bunun vasitəsiylə istehsal edilən məhsul olmasa iri sənaye müəssisələri “cansız bədən” kimi görünür.

Xüsusən də, yüngül və yeyinti sənaye sahələrinin inkişafı kənd təsərrüfatından kənarda mümkün deyil, o səbəbdən ki, neft məhsulları istehsalı prosesindən kənar sənayenin bütün növ emaledici sahələri ona bağlıdır. Odur ki, cari ilin ölkədə “Sənaye ili” elan olunması da aqrar sektorun inkişafında mühüm rol oynamalıdır.

Doğrudur, Prezident kənd təsərrüfatının inkişafının növbəti illərdə də iqtisadi sahədə prioritet təşkil edəcəyini və onun inkişafı ilə bağlı yeni tədbirlər görüləcəyini vurğulayıb. Dövlət başçısı bunun üçün sözügedən sahəyə cavabdeh olan qurumda – Kənd Təsərrüfatı Nazirliyində (KTN) struktur dəyişikliyindən tutmuş, bölgələr üzrə ixtisaslaşma aparmaq, torpaqların elektron uçot sistemini yaratmaq, subsidiyaların verilməsində tam şəffaflıq yaranmasına nail olmaq, o cümlədən fermerlərə istehsal etdikləri məhsulları satmağa yardım etmək, ərzağın keyfiyyətinə diqqət yetirmək, aqroparkların, logistika mərkəzlərinin yaradılması kimi istiqamətlər də göstərib. Bütün bunlar sektorun gələcək inkişafında hökumət tərəfindən nəzərə alınacaq.

Bizim toxunmaq istədiyimiz isə “2008-2015-ci illərdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı”na əsasən ölkəmizin 2015-ci ilə qədər özünü kənd təsərrüfatı məhsullarının əsas növləri ilə təmin etmək və istehsalın artığını isə xaricə ixrac etməli olduğu məsələsidir. Belə ki, son illər ərzində hər iki istiqamətdə ciddi irəliləyişlər əldə olunsa da 100 %-lik nəticəyə hələ də nail ola bilməmişik.

Doğrudur, 2004-2013-cü illərdə kənd əhalisinin sayının 10,2 % artması fonunda ümumi kənd təsərrüfatı məhsulları istehsalı həcmi 3,3 dəfə artmış, qeyd olunan sahənin mühüm bölməsi olan bitkiçilikdə 2004-2013-cü illərdə əkin sahələrinin 64,2 min hektar genişlənməsi ilə əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsi yüksəlib, heyvandarlıq məhsulları istehsalı isə 2004-cü ildəki 697 milyon manata qarşı 2013-cü ildə 2 milyard 617 milyon manat təşkil edərək (3,8 dəfə artaraq) ümumi kənd təsərrüfatı məhsulunun strukturunda 49,5 % paya çatıb.

Amma bütün bunlara rəğmən, özümüzü yumurta ilə 96,5, süd və süd məhsulları ilə 75, taxılla 65, üzümlə 94, kartofla 98, duzla 72, bitki yağları və marqarin ilə 70, kərə yağıyla isə 50 % təmin edirik.

Ötən yazıda da qeyd etdik ki, bəzi mütəxəssislər bizdə aqrar sektorun dövlət tərəfindən dəstəklənmədiyini deyirlər. Vergi güzəştlərinin tədbiqi, müxtəlif növ aqrar məhsulların istehsalını artırmaq məqsədilə subsidiyalar isə bunu inkar edir. Bunlarla yanaşı, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditləşdirmə də həyata keçirilir ki, buna rəğmən, Azərbaycanda aqrar sektorda istehsal əvvəlki illərdə olduğu kimi kifayət qədər yenə baha başa gəlir və bu da özünü ilk növbədə, məhsuldarlığın aşağı səviyyədə olmasında göstərir.

Başqa sözlə desək, istehsal kəmiyyətcə artsa da bazar rəqabətqabiliyyətlilikdə idxaldan asılı qalır. Ona görə də məsələn, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və sahibkarlığın inkişafını sürətləndirmək məqsədiylə 27 noyabr 2001-ci il tarixdə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanunun tədbiqi müddəti hər dəfə 5 il uzadılır.

Bir daha xatırladaq ki, ölkəmizdə kənd təsərrüfatında məşğul əhalinin sayı 1,67 milyon nəfər təşkil edir ki, bu da iqtisadiyyatda məşğul əhalinin 37,9%-i deməkdir. Kənd təsərrüfatının ÜDM istehsalında payı isə cəmi 5,2%-dir. Bu da onu göstərir ki, istehsala maraq azdır. Bunun yolu isə fərdi, xırda və orta səviyyəli təsərrüfat sahiblərinin sayını genişləndirməkdən keçir ki, bizdə isə onlar torpaqdan tədricən uzaqlaşırlar. Bu tendensiya bir neçə il öncədən müşahidə edilir. Belə ki, bölgələrdə iri sənaye və emal obyektləri tikilib istifadəyə verildikcə kəndlilər muzdlu əməyə üstünlük verirlər.

Odur ki, regionların sosial-iqtisadi inkişafının yeni mərhələsində kənd təcərrüfatı əsas hədəf seçilməlidir. Rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsinin dərinləşdirilməsi və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirlər daha çox məhz bu sahənin inkişafına yönəlik həyata keçirilməlidir. Bunun üçün sözügedən sahədə istehsala ciddi diqqət yetirilməli və aqrar sektorun rəqabətqabiliyyətliliyi diqqət mərkəzində saxlanmalıdır.

Yeri gəlmişkən, hazırda ixrac olunan əsas kənd təsərrüfatı və qida məhsullarına meyvə və tərəvəz, şəkər, bitki yağı, spirtli və spirtsiz içkilər daxildir. Şəkər və ondan hazırlanan məhsullar sarıdan isə daha çox imkana malikik. Bu məhsulların sayını artırmaq üçün ilk növbədə daxili bazarı rəqabətqabiliyyətli məhsullarla təmin etmək lazımdır ki, aqrar sektorda məhsuldarlığın artması bundan sonra sırf ixraca xidmət etsin. Ona görə ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsulları daxili bazardan öz xarici analoqlarını sıxışdırıb çıxarmalıdır.

Düzdür, yeni ixrac bazarlarının müəyyənləşdirilməsi, ərzaq məhsullarının xaricə satışının artırılması məqsədilə ixrac qabiliyyətli müəssisələrin yaradılması indi də diqqət mərkəzindədir və qablaşdırma, saxlanma, daşınma imkanlarının artırılması üzrə layihələrin həyata keçirilməsi, Aktau şəhərində logistik mərkəzin yaradılması işi artıq icra olunmaqdadır.

Ümumilikdə, son 10 ildə qeyri-neft ixracının 4,7, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracının 2,5, ixrac olunan qeyri-neft məhsulları çeşidinin 1,7 dəfə, ixrac ölkələrinin sayının 20 vahid artdığı deyilir.

Deyilənlərə əsasən, Prezidentin 16 yanvar 2014-cü il tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir.

Sənədə əsasən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində əlavə tədbirlər görmək, kənd təsərrüfatı məhsulları ixracını artırmaq, aqrar sahədə istehsalçıları və istehlakçıların maraqlarını qormaq və ərzaq bazarının səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə KTN tərəfindən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası” hazırlanacaq ki, bu da özündə aqrar siyasətin əsas prinsipləri daxil olmaqla, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri əks etdirməklə ölkənin regionlarının bundan sonrakı inkişafında bizcə, tələb olunan “nəbzi tutmağa” əlavə imkan yaradacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti