Adı kimi vətənə Sadiq - VİDEO

   Adı kimi vətənə Sadiq -    VİDEO
  10 Yanvar 2021    Oxunub:10952
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məhv edərək torpaqlarımızdan qovdu. Dəmir yumruqla başı əzilən düşmən qarşımızda diz çökdü. Vətən müharibəsində Böyük Qələbə mayor Sadiq Həsənov kimi qəhrəman şəhid və qazilərimizin canı-qanı bahasına əldə edilib. Sadiq ömrünün 18 ilini hərb sənətinə həsr edib.
Mayor Sadiq Həsənov 1986-cı il sentyabrın 14-də qəhrəmanlar diyarı Naxçıvan şəhərində anadan olub. Şövkət ananın vətənpərvər ruhda böyüdüb boya-başa çatdırdığı 2 övladdan biri olan Sadiq ailənin sonbeşiyi və sevimlisi idi.

Orta təhsilini Naxçıvan şəhərində alan Sadiq 2000-ci ildə atasının təbirincə desək, hərb sənətinə, Vətənə olan sevgisindən Heydər Əliyev adına Hərbi Liseyə yol alır. 2003-cü ildə Ali Hərbi Məktəbə daxil olur, həmin məktəbi 2007-ci ildə motoatıcı ixtisası üzrə bitirərək Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi Vətənə olan borcunu şərəflə yerinə yetirməyə başlayır.

Zabit kimi müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət etməklə, yüksək çalışqanlığı, bilik və bacarığı sayəsində qısa müddətdə hərbi hissə komandanlığının etimadını qazanmağa müvəffəq olur. Müxtəlif illərdə nizami hissə rəisi, qərargah rəisinin köməkçisi, baş köməkçi vəzifələrində çalışır.

Mayor Həsənov xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı və nümunəvi xidmətilə fərqlənən hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları, həmçinin “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli və bir sıra medallarla təltif edilib.

Onu tanıyanların dilindən yalnız bu sözü eşidirik: Bir insan kimi çox gözəl xasiyyəti vardı. Tabeliyində olan elə bir hərbi qulluqçu olmazdı ki, hər hansı bir problemi ilə əlaqədar müraciət etsin, lakin mayor Sadiq Həsənov ona biganə baxsın. Hər zaman şəxsi heyətin qayğısına ailəsitək qalardı. Bütün bunlar ilk növbədə ailəyə olan dəyərdən irəli gəlirdi.

Şəhidimizin vətənə əmanət 2 qız övladı qalır. 9 yaşlı Lalə, 5 yaşlı İnci. O həmin Lalədir ki, atası şəhid olan gündən dilində bir şüar var: “Mən fəxr edirəm ki, şəhid qızıyam”. İndi o, bu şüarı balaca bacısı İnciyə də öyrədib. Elə bu gün də bizimlə söhbətinə bu şüarla başlayıb, doğum günündə ona yazılan şeirlə bitirdi.

Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirən bir zabit və hər bir qeyrətli Azərbaycan vətəndaşı kimi Sadiqin ən böyük arzusu məhz işğal altındakı torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması idi. Elə bu amalla həmin o gün-haqq savaşımızın başladığı gün 27 sentyabrda döyüşlərə qatılır, mərd hərbçilərlə birgə cəbhənin müxtəlif istiqamətlərində ermənilərin başına od-alov yağdırır. Elə ilk günlərdən bizə qələbə qazandıran oğullardan olur. Cəbhəyə yollananda da evdəkilər nigaran olmasın deyə ailəsinə heç nə bildirmir. 23 gün Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində əsl qəhrəmanlıqla savaşır. Oktyabrın 20-də Qubadlının Balasoltanlı kəndində öz əsgərini mənfur düşmən mərmisindən qorumaq üçün onun üzərinə atılaraq şəhidlik zirvəsini fəth edir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsi, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyi üçün ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidimiz olduqca vətənpərvər, mərd, dostcanlı bir insan idi. Cəbhəyə də böyük inam və həvəslə getmişdi. O, hərbi anda elə adı kimi sadiq qalan vətənpərvər, mərd bir hərbi qulluqçu kimi ən böyük arzusunun çin olması üçün qanından və canından keçməyə hər zaman hazır idi və keçdi də. İndi onun arzusu çindi, Azərbaycanımız bütövdü.

Naxçıvan televiziyasının əməkdaşları şəhid mayor Sadiq Həsənovla bağlı reportaj hazırlayıblar.

Həmin reportajı təqdim edirik:



Azvision.az


Teqlər: Naxçıvan   Şəhid  





Xəbər lenti