“Sahibkarlar üçün dəstək mexanizmi hazırlanır” - Vüqar Bayramov
İqtisadçı deputat bildirib ki, dizel yanacağının qiymətindəki artımlardan sonra hər iki sektor üzrə dəstək paketinin genişləndirilməsi gözlənilir.
"İlin yeni başlanmasını nəzərə alsaq, kənd təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür. O baxımdan biz də təklif edirik ki, aqrar sektorda subsidiyaların məbləği 2021-ci il üzrə hesablanan zaman dizel yanacağındakı qiymət artımı nəzərə alınsın. Bu zaman dizel yanacağının qiymətinin atmasının kənd təsərrüfatı məhsullarının bahalaşmasına təsirlərini minimumlaşdırmaq olacaq. Subsidiya məbləğinin artırılması nəticə etibarı ilə imkan verəcək ki, aqrar sektorda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərindəki potensial artımın qarşısı alınsın, qiymətlərdəki stabilliyi qoruyub saxlamaq mümkün olsun".
V.Bayramovun sözlərinə görə, Tarif Şurasının qərarında qeyd olunduğu kimi hökumət ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan sahibkarlar üçün dəstək mexanizmi hazırlayır.
"Dəstək mexanizmində xüsusən dizel yanacağının qiymətinin artmasından yaranan fərqin nəzərə alınması və buna uyğun olaraq ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi dəstəyin nümayiş etdiriləcəyi gözlənilir. Bu, ictimai nəqliyyatda fəaliyyət göstərən sahibkarların xərclərinin optimallaşdırılması baxımından əhəmiyyətlidir. Rəsmi olaraq ictimai nəqliyyatda qiymət artımlarının olmayacağı barədə məlumat verildi. O konteksdən dizelin qiymətinin artımındakı fərqin ictimai nəqliyyat sektorunda olan sahibkarlar üçün dövlət tərəfindən dəstək formasında ödəniləcəyi gözlənilir".
Bundan əlavə, deputat hesab edir ki, qiymət artımlarının psixoloji tərəflərinin olmasını nəzərə alıb, istehlak bazarındakı monitorinqlər gücləndirilməlidir: "Xüsusən süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi çox vacibdir. Dizel və benzinin qiymətinin artmasının təsir etmədiyi sektorlarda süni şəkildə qiymət artımının baş verməməsi üçün monitorinqlərin gücləndirilməsinə ehtiyac var. Bu monitorinqlər hansı məhsulların xərclərinə qiymət artımlarının təsir etdiyini, hansılarına təsir etmədiyini müyyənləşdirmək baxımından əhəmiyyətlidir. Bu da bazarda psixoloji səbəbdən süni qiymət artımlarının qarşısını ala bilər".
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə ölkədə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Aytən Zəhra
Azvision.az
Teqlər: Benzin Dizel Qiymət Artım