Azərbaycan 100 milyard dollardan çox gəlir əldə edəcək

 Azərbaycan 100 milyard dollardan çox gəlir əldə edəcək
  01 Yanvar 2021    Oxunub:9048
Azərbaycan qazının Avropa bazarına çıxarılması ölkə üçün həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir. Bu, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin formalaşması baxımından vacib hesab olunur.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

İqtisadçı deputat bildirib ki, Azərbaycan qazı Cənubi Qaz Dəhlizi çərçivəsində Avropa, xüsusən də son dayanacaq olan İtaliya bazarına çıxarılır.

"Bu, bir tərəfdən Azərbaycan-Avropa Birliyi arasındakı iqtisadi və strateji əməkdaşlığa pozitiv təsir göstərəcək. Xüsusən də Azərbaycan-İtaliya əməkdaşlığının yeni mərhələyə daxil olmasına imkan verəcək. Bu, eyni zamanda Azərbaycan üçün böyük iqtisadi hadisədir. Azərbaycan Cənubi Qaz Dəhlizi çərçivəsində bütövlükdə Avropaya birinci mərhələdə 10 milyard, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql etmək niyyətindədir. Türkiyəyə nəql ediləcək qazı, o cümlədən Şərqi Avropadan Bolqarıstana daxili şəbəkə vasitəsilə ötürüləcək qazı da nəzərə alsaq, Azərbaycan Cənubi Qaz Dəhlizi vasitəsilə illik 31,5 milyard kubmetr mavi qaz ixracatın həyata keçirmək niyyətindədir. Bu da təbii ki, ölkəmiz üçün Cənubi Qaz Dəhlizinin reallaşması ilə 100 milyard dollardan artıq gəlirin daxil olması deməkdir".



Deputat vurğulayıb ki, bu da enerji gəlirlərinin diverfikasiyasına imkan yaradacaq: "Avropaya qaz nəqli Azərbaycanın regional strateji mövqeyini daha da möhkəmləndirəcək. Azərbaycan bununla Avropanın enerji təhlükəsizliyinə daha yaxından töhfə vermək imkanı qazanacaq ki, bu da ölkəmizin strateji mövqeyinə ciddi, pozitiv təsir göstərəcək. Bu, həm də Azərbaycanın  Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu artıracaq. Azərbaycan praktiki olaraq Avropa üçün yeni alternativ enerji təhlükəsizliyinin formalaşmasında mənbədir. Bu baxımdan TAP tarixi və strateji əhəmiyyət daşıyır. Bu hadisə ölkəmizin regional strateji mövqeyinin uzun müddət daha da möhkəmlənməsi və kifayət qədər güclü olacağı anlamına gəlir".

Qeyd edək ki, ötən gün TAP vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qaz Avropa bazarına – İtaliya, Yunanıstan və Bolqariyaya çatdırılıb. Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail olub.

Aytən Zəhra
Azvision.az


Teqlər: TAP   Azərbaycan   Avropa  





Xəbər lenti