“Fransa erməni maraqlarının girovuna çevrilir” - Deputat

“Fransa erməni maraqlarının girovuna çevrilir” -  Deputat
  26 Noyabr 2020    Oxunub:2108
“Bu gün Azərbaycan Parlamentində Fransa senatının qəbul etdiyi qərəzli qətnamə ilə bağlı xüsusi bəyanatın hazırlanması və hökumətə tövsiyyə ediməsi tamamilə adekvatdır və hüquqa əsaslanır”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Onun sözlərinə görə, bəyanatda Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağı təklif əslində hələ bu ölkənin senatının qəbul etdiyi 145 saylı qətnamədən əvvəl Fransa rəsmilərinin ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan fikirlərə etirazdır:

“Görünür, Fransada bir qrup siyasi avanturist var ki, onlar bu ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirməyə çalışır. Ancaq bununla yanaşı unutmaq olmaz ki, məlum qətnaməyə 304 senat səs verib. Bu özlüyündə bir göstəricidir və Fransa senatının hansı siyasi əhval-ruhiyyədə olduğunu bildirir. Ona görə də Azərbaycan bu cür aqressiv mövqeyə mütləq münasibət bildirməli və haqqı olanı tələb etməli idi. Milli Məclis də məhz bu addımı atdı və ermənidən artıq erməniçilik edən ölkənin senatına bildirdi ki, sizin qərar sadəcə kağız parçasıdır, yalnız Fransa xarici siyasətinin və demokratiyasının özünüifşasına xidmət edir. Belə bir ölkənin beynəlxalq hüquqdan danışmağa və onun tələblərinin yerinə gətirilməsini iddia etməyə, ya da hansısa vasitəçilik missiyasını yerinə yetirməyə mənəvi-hüquqi haqqı yoxdur”.

Hikmət Babaoğlu qeyd edib ki, biz artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi təqdim olunan termini siyasi-diplomatik leksikondan çıxarmışıq. Qan tökərək öz ərazi bütövlüyümüzü bərpa etmişik. Bununla da beynəlxalq hüququn və BMT təhlükəsizilik Şurasının qəbul etdiyi qətnamələrin tələblərini yerinə gətirmişik:

“Ermənistanı Dağlıq Qarabağ adında heç bir qurumu tanımadığı sənədə qol çəkməyə məcbur etmişik. Bu isə həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi Fransanın səsə verdiyi qətnamələrin icrası, Fransanın rəsmi olaraq tanıdığı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması deməkdir. Ona görə də, Azərbaycanın əleyhinə hər hansı addım atarkən Fransa Senatı əvvəlcə bu barədə ciddi düşünməli idi. Azərbaycan bundan sonra da onun maraqlarına toxunan hər hansı fəaliyyətə qarşı milli iradə və qətiyyət nümayiş etdirəcəkdir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Hikmət-Babaoğlu   Dağlıq-Qarabağ   Fransa  





Xəbər lenti