ABŞ Ukraynada necə `işləyir` - TƏHLİL

ABŞ Ukraynada necə `işləyir` - TƏHLİL
  08 Fevral 2014    Oxunub:1810
ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuladla ABŞ-ın Kiyevdəki səfiri Cefri Payettanın Ukraynadakı məsələləri müzakirə etdiyi telefon danışıqlarının audioyazısı internetə yerləşdirilib və böyük səs-küyə səbəb olub. Çünki bu danışıqlar Ukraynada baş verən siyasi hadisələrinin mahiyyətinin açılması və Amerikanın tutduğu mövqelə bağlı müəyyən ipucları verir.

Danışığın əvvəlində Nulandla Payetta Ukraynadaki müxalif “UDAR” partiyasının sədri Vitali Kliçkonun hökumətə daxil olması məsələsini müzakirə edirlər. Payetta Kliçkonun hökumətə daxil olması məsələsinin mürəkkəb olduğunu və hələlik “UDAR” rəhbərinin mövqeyinin qeyri-müəyyən olması barədə məlumat verir. Hər iki diplomat Kliçkonun baş nazirin müavini təyin edilməsinin məqsəduyğun olmamasında razılığa gəlirlər və Nuland müxalifət liderləri ilə görüşün təşkilini Payettadan xahiş edir.

Daha sonra digər müxalifət lideri Arseni Yasenyukun baş nazir postuna daha layiqli olması barədə diplomatlar arasında fikir mübadiləsi aparılır. Ukrayna müxalifətinin üçüncü əsas siması olan milliyyətçi Oleq Tyaqniboka gəldikdə isə, Payetta “onun uşaqlarının sakitləşdirilməsi ilə bağlı problemlər çıxacaq və Yanukoviçin qismən də buna ümid edir”,- deyə bildirib.

Məlumdur ki, Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə qarşıdurmanı aradan qaldırmaq üçün müxalifətçilərə hökumət başına keçməyi təklif etmişdi. Ehtimal etmək olar ki, Yanukoviç bununla müxalifəti ağır yük altına salmaqla onların siyayasi imicinə ziyan vurmaq, müxalifətçilər arasında fikir ayrılığı yaratmaq və eyni zamanda ölkədə qarşıdurmanı azaltmaq niyyətində olub. Yanukoviç anlayır ki, böhran vəziyyətindən ölkəni heç bir baş nazir çıxara bilməyəcək və hökümət rəhbəri təyin olunacaq siyasi xadim xalqın ümidlərini doğrulda bilməyəcəyi üçün dərhal siyasi reytinqi düşəcək.

Prezidentin Yasenyuka baş nazir, Kliçkoya baş nazirin müavini, Tyaqniboka isə ümumiyyətlə heç bir vəzifə təklif etməməsi müxalifətçilər arasında narazılıq yaradılmasına hesablanıb. Bunu amerikalı diplomatların danışıqları da sübut edir. Kliçkonun Yasenyukun müavini olmaq istəmədiyini danışıqlardan anlamaq mümkündür. Nədənsə amerikalılar da Yasenyukun baş nazir olmasına razıdırlar. Güman ki, Amerika Yasenyukun baş nazir postunda “yanma” ehtimalını nəzərə alaraq, ehtiyat lider kimi Kliçkonu saxlamaq istəyirlər. Məhz buna görə Nuland “Düşünürəm ki Kliçko hökumətdən kənarda qalmalıdır, inanmıram ki, onun hökumətə daxil olması yaxşı ideyadır” deyir.

Viktoriya Nulandın mətbuata verdiyi açıqlamaları nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, nə qədər təhlükəli olsa da, Amerika müxalifətin hökumətə keçməsinə etiraz etmir. Bununla belə, hökumətin iqtidarla müştərək formalaşdırılmasının tərəfdarıdır.

Payetta Ukraynanın müxalifət liderləri ilə düzənlənəcək telefon danışıqlarında onların hər birinin rolunun nədən ibarət olacağının izah ediləcəyini qeyd edir. Amerika müxalifətçilərin prezident Yanukoviçin oyununun qurbanına çevrilməsini istəmir, eyni zamanda hökuməti də əldən vermək niyyətində deyillər. Odur ki, Yasenyuk ilkin mərdələdə baş nazir kimi irəli sürülür digər müxalifətçilər isə ehtiyatda saxlanılırlar.

Nuland danışıq zamanı BMT-dəki nümayəndə Robert Seri və BMT baş katibi Pan Qi Munun dəstəyinin problemin həllinə kömək göstərəcəyinə, hadisələri bir-biriə uyğunlaşdırmaqla Avropa Birliyinə dərs verəcəklərinə ümid etdiyini bildirir və Avropa Birliyinin ünvanına “fuck” söyüşündən istifadə edir. Bu, onu göstərir ki, Amerika Avropa Birliyinin Ukrayna məsələsində qətiyyətsizliyindən narazıdır. Moskva Avropanın məhz bu qətiyyətsizliyindən istifadə edərək Ukrayna prezidentini Assosiativ üzvlükdən imtina etməyə razı sala bilib. Yanukoviçin Rusiyaya meyillənməsinin əsas səbəbi ölkənin iqtisadi böhrandan çıxarmaq istəyi ilə bağlıdır və Avropa Birliyi lazım olan anda Kiyevə iqtisadi yardım göstərməkdən boyun qaçırdı.

Təbii ki, belə bir materialın internetə düşməsi məhz Moskvanın əl işidir. Belə ki, ABŞ rəsmiləri qeyd edir ki, internetdə yerləşdirilmiş yazı ilə bağlı məlumat ilk olaraq Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşlarından birinin “Twitter” hesabından yayılıb. Eyni zamanda yayılan videoda rusca tərcümənin göstərilməsi də rusların maraqlı olmasını sübut edir. Moskva bununla təbii ki, ilk növbədə Amerikanın Ukraynanın daxili işlərinə qarışdığını sübut etmək və öz nümayəndələrinin Qərbin ünvanına yağdırdığı ittihamları doğrulamağa çalışır.

Digər tərəfdən, Moskva Avropa ilə Amerika arasındsa son aylarda soyuqlaşan münasibətləri daha da pisləşdirmək məqsədi güdür. Rusiya Qərbin silahından elə Qərbə qarşı istifadə etməyə çalışıb.

Diplomatlar arasında danışıqlar onu sübut edir ki, Amerika da Rusiya kimi Ukraynanı öz tərəfinə çəkməyə çalışır. Lakin bu dövlətlərin fəaliyyət mexanizmləri fərqlidir. Rusiya dövlət başçısını öz tərəfinə çəkməklə məsələnin asan yolla həllinə can atdığı halda, ABŞ müxalifətlə işləyir və ölkənin ictimai fikrini qərbyönümlü etməyə çalışır.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti