“DQR” nağıllarının sonu: İkinci “erməni dövləti” planı puç oldu

  “DQR” nağıllarının sonu:  İkinci “erməni dövləti” planı puç oldu
  07 Noyabr 2020    Oxunub:2920
Qondarma “Dağlıq Qarabağ respublikası hökuməti”nin noyabrın 4-də Xankəndidən İrəvana köçürülməsi erməni cəmiyyətini ciddi narahat edir.
Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyanın Ermənistana köçürülən “vətəndaşlar” üçün “sosial və inzibati xidmətləri həyata keçirən operativ qərargah”ın yaradıldığını bəyan etməsi də İrəvanda ciddi təşviş doğurub.

Məlumdur ki, Azərbaycan Ordusunun tarixi torpaqlarını erməni işğalçılarından azad etməsi Ermənistanda ağır siyasi və iqtisadi böhrana səbəb olub. Bir aydan çoxdur ki, davam edən döyüşlər işğalçı ölkənin çöküşünü sürətləndirir. Ordumuzun uğurlu əks-həmlə və sülhə məcburetmə əməliyyatları son 20 ildə Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlarımızda qeyri-qanuni məskunlaşdırılan ermənilərin kütləvi köçü ilə nəticələnir. Bu isə onsuz da iqtisadi təlatümlərlə əlləşən Paşinyan hakimiyyətini ağır yük altında qoyub.

Faktiki olaraq Xankəndi və digər ərazilərdə mülki erməni qalmayıb. Köçənlərin üz tutduğu istiqamət Ermənistanın paytaxtı olub. Bu isə İrəvan sakinlərinin heç də ürəyincə deyil. Onlar Qarabağdan qaçan ermənilərin səbəb olacağı problemlərdən ciddi narahatdırlar.

Ümumiyyətlə, yaxın günlərdə İrəvana köç edən Qarabağ ermənilərinin sayının artacağı istisna edilmir. Çünki bu illər ərzində işğal altında olan torpaqlarda xeyli sayda erməni ailəsi məcburi şəkildə məskunlaşdırılıb.

Digər tərəfdən Ermənistan silahlı qüvvələrinin ağır məğlubiyyəti fonunda Dağlıq Qarabağda yaşayan mülki ermənilər Azərbaycan Ordusunun yaxın günlərdə tam qələbə qazanacağını yaxşı başa düşürlər. Ermənistan hakimiyyətinin illər boyu Dağlıq Qarabağ və ətraf rayonlarda zorla yerləşdirdiyi bu insanları son bir ayda sakitləşdirmək və yalan vədlərlə orada qalmalarını təmin etmək cəhdləri uğursuzluğa düçar olur. Paşinyan nə qədər qələbə haqqında vədlər versə də, ermənilər hər gün azad edilən Azərbaycan torpaqlarının siyahısını bir ağızdan oxuyurlar. Erməni mətbuatının Şuşa qalasının yaxınlığında gedən döyüşlərdən yazdıqları isə Nikolun danışdığı "zəfər" nağıllarını tamamilə ifşa edir...

Əslində, ermənilərin əksəriyyəti müharibənin gətirdiyi ağır sosial-iqtisadi problemləri və mülki əhalidən qabaq postları qoyub qaçan ordunun etibarsızlığını aşkar görürlər. Bu gün onlar da gözəl anlayırlar ki, torpaqları azad edən Azərbaycan Ordusu dinc sakinlərə xələl yetirmir. Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağda yaşayan mülki əhaliyə legitim hərbi hədəf kimi yanaşmayıb, dinc insanlara münasibətdə Cenevrə konvensiyalarının tələblərindən çıxış edib. Bu günə kimi bir nəfər də olsun mülki şəxs hərbçimizin hədəfinə tuş gəlməyib. Bununla belə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin apardığı saxta təbliğatın təsiri altına düşən mülki ermənilər münaqişə regionunu tərk etməyi üstün tutublar.

Bu gün nəinki Dağlıq Qarabağa köçürülən “qara camaat”, elə saxta rejimin saxta məmurları da hamıdan əvvəl qaçıb İrəvana sığınır. Qondarma rejimin rəhbəri Araik Arutyunyan bir neçə gün əvvəl özünün “Facebook” səhifəsində etiraf etmişdi ki, vəzifəli şəxslərin Xankəndini özbaşına tərk edərək Yerevana getmələri ciddi ictimai narazılıq doğurub. O, bu cür fərarilərə qarşı “sərt tədbirlərin görüləcəyini” bildirib.

Qondarma DQR “hökuməti”ndə yüksək vəzifə tutan məmurların Xankəndini özbaşına tərk etmələri, əslində, Ermənistanın hərbi məğlubiyyətinin açıq etirafıdır. Reallığı düzgün qiymətləndirən, ciddi informasiyalara malik olan həmin məmurlar Ermənistanın məğlubiyyətin astanasında olduğunu, Xankəndi və Şuşanın yaxın perspektivdə boşaldılacağını yaxşı anlayırlar. Onlar nəinki Araikə və onun beş-on nəfərlik qondarma “müdafiə qoşunlarına”, heç Nikolun vədlərinə də inanmır, şişirdilmiş ordunun qaçmaqda məharətli olduğunu bilirlər.

Qondarma DQR “hökuməti”ndə tutduqları postları ataraq Ermənistana qaçan məmurlar barəsində cinayət təqibinin başlanması belə, kütləvi xof və köçü aradan qaldıra bilməyib. İnzibati resursların nəticə verməməsi fonunda qondarma hökumətin Xankəndidən İrəvana yerləşdirilməsi ilə bağlı qərar verilib.

Əslində qondarma rejimin “hökuməti” İrəvana daşıması maraqlı məqamdır. Bu, həm də artıq Xankəndi və digər işğal edilmiş ərazilərimizdə yaşayış üçün hər hansı infrastruktur imkanların olmamasının etirafıdır. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları düşmənin strateji əhəmiyyətli infrastrukturunu sıradan çıxarmaqla, ona yalnız işğal etdiyi əraziləri tərk etmək şansı buraxıb.

“DQR hökuməti”nin İrəvana köçürülməsi qeyri-qanuni rejimin marionet mahiyyətini, sırf Ermənistan rəhbərliyindən asılı olduğunu bir daha təsdiqləyir.

Bundan əlavə, qondarma rejimin İrəvana köçürülməsi Ermənistanda daxili vəziyyətə təsirsiz ötüşməyib. Onsuz da gərgin olan daxili vəziyyət köçdən sonra xeyli gərginləşdirib. Qarabağ klanını təmsil edən rəqibləri bunu Nikol Paşinyanın ciddi hərbi-siyasi məğlubiyyəti kimi dəyərləndirir.

“DQR hökuməti”nin qaçması, Arayikin dili ilə desək- Xankəndini tərk etməsi oyuncaq hökumətin məhvi sayıla bilər. Bu köç ilə qondarma rejiminin de-fakto mövcudluğuna son qoyulub. İrəvanın “DQR”nin müstəqilliyini hansısa dövlətə tanıtdırmaq cəhdləri bundan sonra fiaskoya uğrayacaq. Bu da danılmaz faktdır ki, artıq Xankəndinin boşaldılması, hamıdan qabaq “rəsmilər”in ərazini tərk etməsi Ermənistan cəmiyyətində, habelə silahlı qüvvələrin şəxsi heyətində ruh düşkünlüyünü daha da artırıb. Bu, “Dağlıq Qarabağda ikinci müstəqil erməni dövləti” iddialarının iflasa uğradığını simvolizə edən addım kimi səciyyələndirilir.

İndi İrəvanda Dağlıq Qarabağın müstəqilliyi haqqında nağıllara daha az adam inanır, Paşinyanın “qələbəyə az qalıb” kimi boğazdan yuxarı fikirləri də ciddiyə alınmır. Erməni cəmiyyətini düşündürən sual budur - hanı bəs illərlə “məğlubedilməz” deyib təriflədiyiniz ordu ki, indi Araik güllə səslərini Xankəndində eşidən kimi dəstəsini başına yığıb Ermənistana qaçmağa məcbur oldu? Cavab isə birdir - Bu illər ərzində marionet "Dağlıq Qarabağ" rejimini necə yaratmışdılarsa, ordunu da elə qurublar…

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   qondarmarejim  





Xəbər lenti