Ermənistanın qorxduğunu göstərən gedişlər – TƏHLİL

Ermənistanın qorxduğunu göstərən gedişlər – TƏHLİL
  04 Fevral 2014    Oxunub:1491
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja və KTMT-nın birləşmiş qərargahının rəisi Aleksandr Studenikin Yerevana işgüzar səfər ediblər. Səfər çərçivəsində Bordyuja Ermənistanın prezidenti Serj Sarkisyan, Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan və müdafiə naziri Seyran Ohanyanla görüşüb. Qeyd edək ki, Nikolay Bordyujanın səfəri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın dəvəti əsasında həyata keçir.

Görünür ki, Ermənistan Azərbaycan tərəfdən istənilən an hərbi hərbi əməliyyatlara başlamasından narahatdır. Ermənistan KİV-i iddia edir ki, 20-23 yanvar tarixlərində Azərbaycan tərəfi işğal olunmuş ərazilərlə yanaşı, Ermənistanın da ərazisində təxribatlar törədib. Konkret olaraq cəbhə xəttində baş vermiş əməliyyatlarla bağlı dəqiq məlumat olmasa da, Ermənilərin qorxuya düşdükləri ölkə rəsmilərinin bəyanatından hiss olunur. Üstəgəl, Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 21-də Gəncə şəhərindəki çıxışı zamanı Ermənistan torpaqlarının azərbaycanlıların tarixi yaşayış məskəni olduğunu bildirməsi və azərbaycanlıların gec-tez bu torpaqlara geri qayıdacağını vurğulaması ermənilərin narahatçılığını daha da artırıb.

Ermənistan KİV-ləri məhz Ermənistan-Azərbaycan sərhəddində gərginliyin olması barədə məlumatı təhlil etməyə və KTMT-nın yaradılmasına dair razılaşmanın 4-cü bəndinə istinad etməyə başladılar. Belə ki, həmin bənddə təşkilata üzv dövlətlərdən birinin ərazisinə hər hansı bir qanunazidd formada müdaxilə olunması təşkilatın bütün digər üzvlərinin ərazisinə müdaxilə olunması kimi qəbul olunur və belə olan halda dərhal digər üzvlər lazımi köməklikləri, hətta hərbi yardım belə göstərməlidirlər.

Qeyd edək ki, baş vermiş hadisələrlə bağlı KTMT-nın mətbuat xidmətinin rəhbəri Vladimir Zeynəddinov bu barədə məlumatının olmadığını bildirmiş və heç bir münasibət açıqlamamışdı. Ümumiyyətlə, KTMT Ermənistan-Azərbaycan sərhəddində atəşkəsin pozulmasına dair heç bir bəyanat vermədi.

Bir anlıq ehtimal etsək ki, Azərbaycan Hərbi qüvvələri həqiqətən də Ermənistanın ərazisinə silahlı müdaxilə ediblər. Bu halda belə, Ermənistanın hansısa qeyri-funksional regional təşkilatın müqaviləsinə istinad edib kömək istəməsi məntiqsizlik və gülüş doğuran vəziyyətdir. Belə çıxır ki, Ermənistan bütün beynəlxalq hüquq normalarının ziddinə olaraq qonşu dövlətin ərazisini işğal edib öz nəzarətində saxlaya bilər, ancaq həmin dövlət ona qarşı hərbi əməliyyat keçirə bilməz.

Ermənistanın KTMT-nın baş katibini köməyə çağırdığını Artur Baqdasaryan da gizlətmir. O, mətbuat üçün verdiyi açıqlamada bildirib ki, Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyət Bardyuja ilə görüşdə müzakirə olunacaq.

Lakin Ermənistan rəhbərliyinin KTMT-dan kömək umması Bordyujanın özünü çıxılmaz vəziyyətdə qoyub. Bordyuja necə desin ki, onun baş katibi olduğu “hərbi-siyasi” təşkilat formal xarakter daşıyır və heç bir real təsir imkanlarına malik deyil. Heç Ermənistana hərbi yardım göstərilməsinin hüquqi əsası da yoxdur. Çünki belə qərarları hər bir üzv ölkənin rəhbəri təsdiq etməlidir. İşğal siyasətinə görə Ermənistanı tənqid edən KTMT-nın Belorus və Qazaxıstan kimi dövlətləri bu qərarı necə təsdiq edə bilər?

Maraqlı burasıdır ki, Ermənistan heç bir beynəlxalq təşkilata müraciət etməyib. Bir tərəfdən ona görə ki, özü beynəlxalq hüquq normalarının pozucusu kimi tanınır, o biri tərəfdən isə ona görə ki, Gömrük İttifaqına qoşulduğunu bəyan edib. Bəlkə də, Baqdasaryanın Gömrük İttifaqına qoşulmaqla yanaşı Avropa Birliyə ilə əməkdaşlıq edəcəklərini bildirməsi Avropadan məsələyə münasibət bildirilməsini istəməyə hazırlaşmaları ilə bağlıdır.

Hər bir halda Ermənistan artıq anlayır ki, Azərbaycanın hərbi müdaxiləsi baş verəcəyi təqdirdə Yerevanı beynəlxalq arenada dəstəkləyəcək qüvvə qalmayıb. Təbii ki, Rusiya istisna olmaqla. Ancaq Rusiyanın Ermənistana hərbi yardım göstərməsinə beynəlxalq səviyyədə hüquqi don geyindirməsi get-gedə çətinləşir. Əslində KTMT yaradılma səbəblərindən biri də məhz budur, lakin bu ideya artıq effektiv hesab oluna bilməz.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti