Cəhənnəm əslində haradır – ARAŞDIRMA, FOTOLAR, XƏRİTƏ

Cəhənnəm əslində haradır – ARAŞDIRMA, FOTOLAR, XƏRİTƏ
  03 Fevral 2014    Oxunub:16244
Dini təlimlərin əksəriyyəti günahkarlara ölümdən sonra göndəriləcəkləri əzablarla dolu, qaranlıq bir dünya vəd edir. Bu anlayış qədim mifologiyaların əksəriyyətində bu və ya digər formada mövcuddur. Tenqriçi əcdadlarımızın `Tamaq` dediyi bu dəhşətli aləmi dünyanın ən qədim dini məxəzlərindən olan vedalar `Naraka`, `Patala-loka`, `Yama-loka` və ya `Tamasa-loka`, yəhudilər `Şeol` və ya `Gehinnom`, xristianlar `Aid` (Ad, Hell), müsəlmanlar isə `Cəhənnəm` adlandırır.

Cəhənnəmin təsvirində hər bir təlim orijinal rənglərdən istifadə etsə də, fikirlər müəyyən nöqtələrdə (yanar odlar, dəhşətli ağrı və əzab, qaranlıq) kəsişir. Bu əzablar dünyasına verilən adların etimalogiyası da bir çox maraqlı həqiqətlərin üzərinə işıq salır.

Tamaq

İndi `Cəhənnəm` adlandırdığımız aləmı tenqriçi türklərin `Tamaq` adlandırması təsadüfi deyil. Veda şastralarında “naraka” (cəhənnəm) sözünün sinonimlərindən biri kimi “tamas” sözü də işlənir. Sözün kökü “tamah”dır və “qaranlıq”, “cəhalət” kimi mənalar verir. Bu, Vedik inanclarla tenqriçilik arasındakı paralellərdən biridir və Tamaqın cahillərin getdiyi qaranlıq bir dünya olduğuna işarə edir. Qədim türklər də Tamaqı vedalardakı Naraka kimi günahkarların islaholunma yeri, müvəqqəti bir məskən kimi təsəvvür edirdilər.

Vedalara görə, Naraka planetləri həyat şəraitinin çətinliyinə və fiziki əzabların şidətinə görə 7 kateqoriyaya bölünür ki, bunlardan sonuncunun da 21 növü var. Günahkar ruhlar əməllərinə uyğun olaraq bu planetlərdən birində layiq görüldüyü cəza növünə uyğun bir bədən alaraq bir ömür yaşayır, günahı təmizləndikdən sonra yenidən orta sitem planetlərinin (Yer tipli planetlərin) birində insan bədəni, başqa sözlə, maddi əsarətdən qurtuluş şansı alır. O, seçimində azaddır. Amma yenidən səhvlərə yol verərsə, yenə cəhənnəmə göndəriləcək.. Bu doğuluş və ölümlər (samsara) ruhun tam təmizlənərək Tanrının Ali Məskəninə qayıtmağa layiq hala gəldiyi anadək davam edəcək.

“Günahkarlar dünyasını Günəşin himayədarı Vivasvanın qüdrətli oğlu Yamaraca idarə edir. O, öz köməkçiləri yamadutlarla birlikdə Pitriloka planetində yaşayır. Bədənini tərk edən ruhları yamadutlar onun hüzuruna gətirirlər. Yamarac Uca Tanrının qoyduğu qanunlar üzrə, onları ədalətlə mühakimə edir və bütün əməllərini nəzərə almaqla layiq olduqları planetə göndərir” (Şrimad-bhaqavatam” 5.26. 6)

Hər bir naraka planeti müəyyən kateqoriya ruhlar üçün nəzərdə tutulub. Oğrular Sandamşa, seksual manyaklar Taptasurma, yalan şahidliklə pul qazananlar Aviçi, heyvanlara zülm edənlər Şulaprota adlı narakaya, öz hərəkətləri ilə ləyaqətli valideynlərinin adına ləkə gətirən övladlar həmin planetdəki irin və qandan ibarət Vaytaranı gölünə ... düşəcəklər. (“Şrimad-bhaqavatam” 5. 26)

Etrussk esxatologiyasına (dünyanın, bəşəriyyətin sonu haqqında dini təsəvvürlərinə görə, yeraltı dünyanın (Aid) hökmdarı və ölüm iblisi Harun nəhəg çəkici ilə insanları öldürür. Tartar vadisinin eybəcər qadınları – erinilər (Vanf, Kelsu, Min, Hafum, linf) öz arabalarına minərək, yeni ölüb gələnləri təmtəraqla qarşılayırlar.

Alman mifalogiyasına görə, ölülər aləmi Niflheymin padşahı nəhəng Heldir. Qəhrəmanlardan başqa bütün ölənlər onun hüzuruna göndərilirlər.

Cəhənnəm

Müsəlmanların işlətdiyi “cəhənnəm” sözü yəhudicə "Hinnom vadisi" mənasını verən “gehinnom” un ərəb dilinin təsiri ilə dəyişmiş formasıdır. Bu söz Tövratdakı “şeol” sözünün sinonimi olaraq Bibliyadan sonra yaranan yəhudi ədəbiyyatında yer alıb.

Maraqlıdır ki, əslində Hinnom vadisi İsraildə, Yerusəlimdən bir qədər cənubda yerləşən real coğrafi məkandır. Bu yerin daha qədim adı Tofet olub. Hinnom isə şəxs adıdır. Vadi bir zamanlar Hinnom oğullarına məxsus olub və buna görə də “gey-ben-Hinnom”, yəni “Hinnom oğullarının vadisi” adlanıb. “Ge-Hinnom” isə “gey-ben-Hinnom”un qısa deyilişidir.

Qədim mənbələr bu yeri (Tofeti) oğlan uşaqlarının Melex adlı semit məbudu üçün diri-diri odda yandırıldığı qurbangah olaraq nişan verir (Nav.15:8; 18:16; 2 Çar.28:3; 33:6; İer.32:35). Sonralar çar İosiya bu ənənəni qadağan edib və Hinnom vadisini zibilliyə çevirib. Onun göstərişi ilə Yerusəlimin bütün tullantıları, o cümlədən edam edilmiş cinayətkarların meyidi, heyvan cəsədləri buraya atılaraq kükürd əlavə etməklə yandırılaraq məhv edilirmiş.

İsanın təbliğatı dövründə də həmin vadi zibillik idi. İsa məhz buna görə günahkarların digər aləmlərdən təcrid edilərək narakaya atılmasını lazımsız zir-zibilin Hinnom vadisində yandırılması ilə müqayisə edərək təbliğatında bir epitet kimi istifadə edib. O, bununla insanlara demək istəyirdi ki, həyatını təyinatı üzrə yaşamayanlar sonda Tanrının əbədi padşahlığına layiq görülməyəcək, əksinə Hinnom dərəsində yandırılan zir-zibil kimi lazımsız sayılacaqlar. Bu epitetdən onun şagirdlərinin də geniş istifadə etməsi, sonralar ge-Hinnomu yaddaşlara günahkar ruhların əbədi məskəni kimi bir yanlış təsəvvürlə köçürüb.

Hazırda Hennom vadisi yaşıl ağaclarla zəngin, səfalı bir yer kimi tanınır. Müasir fotoları vadinin yaxınlığında gözəl və müasir yaşayış binalarının ucaldığını göstərir.

“Cəhənnəm” ivrit və arami dillərindəki “ge-Hinnom”un ərəbləşmiş variantı olsa da, Qurandakı Cəhənnəmdə nə yaşıl ağaclardan, nə də yaraşıqlı yaşayış binalarından əsər-əlamət yoxdur. Ora dəhşətli əzablar yeridir. İslam dininə görə Cəhənnəm 7 təbəqədən (bəzi ayələr bunları təbəqə yox, qapı adlandırır) ibarətdir. “(Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər” (Əl-hicr, 44).

Cəhənnəmin üzərindən qıldan nazik Sirat körpüsü çəkilib. Ruhi dünyanın Cənnətə gedən yolu məhz bu körpüdən keçir. Günah yükü çox olanlar ağırlığa tablaşmayaraq ayaqları sürüşür (və ya körpü qırılır), günahkar körpüdən yıxılıb cəhənnəmə vasil olur.

Əbədi və şiddətli əzablar aləmi

Cəhənnəmə düşənlərə Quran və hədislər amansız alov, su əvəzinə irin və qan, yemək əvəzinə zəhərdən də acı, boğazda qalan meyvələrdən başqa yaxşı heç nə vəd etmir. “Onların yeməyi (zəhərdən də acı) zəridən başqa bir şey olmayacaq. (o yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar” (əl-Faşiyə,6-7). Çünki ora zalımlar üçün yaradılıb.



Cəhənnəm odu nə az-nə çox, düz 3 min il qalanaraq öz şərəfsiz qonaqlarını qarşılanmaq üçün hazırlanıb: “Peyğəmbər həmçinin deyib: Cəhənnəmin Odunu o, ağ olana kimi min il, sonra köz kimi qızarana qədər daha min il və sonra yenidən qaralana kimi daha min il yandırmışlar. O, zülmət gecə kimi qaradır” (ət-Tirmizi, İbn Macə). Bu oda düşənlərin bədəni hər nədən olsa, təbii ki, yanacaq. Amma günahkarlar bir dəfə yanmaqla canlarını qurtara bilmir: “Onların dəriləri yanıb bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik!” (ən-Nisa, 56). “Hələ qarşıda Cəhənnəm vardır. İrinli-qanlı (sədid) sudan içirdiləcəkdir! O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar. Ona hər tərəfdən ölüm gələr, lakin ölməz (İbrahim,16-17) . “Onlar orada nə bir sərinlik, nə də içməyə bir şey tapacaqlar; qaynar sudan və irindən başqa” (ən-Nəbə, 24-25) . “O gün günahkarları qandallanmış görəcəksən! Köynəkləri qətrandan olacaq, üz gözlərini də atəş bürüyəcəkdir”! (İbrahim,49-50) .

Cəhənnəmin təbəqələri

Quranın Əl-Hicr surəsinin 44-cü ayəsində bəhs edilən cəhənnəm qapıları digər ayələrdə də ardıcıl sadalanmır. Onların tam siyahısına yalnız hədislərdə rast gəlmək mümükündür. İbn Ömər və ibn-Cüreyxə istinadən danışılan hədislərin birində Peyğəmbərin bu qapıları belə sıraladığı deyilir: “Cəhənnəmin yeddi qapısı var və onlardan biri mənim ümmətimə əl qaldıranlar üçündür. Birinci qapı Cəhənnəm adlanır, ikinci Ləza (od), üçüncü Hutamə (odlanmış), dördüncü əs-Səhr (cəhənnəm), beşinci Saqar (alov), altıncı Cahim (cəhənnəm), yeddinci əl-Haviya (uçurum)”.
Bu qapıların alt-alta yerləşdiyi deyilir və buna görə də onlar bəzən “təbəqə” də adlandırılırlar. Qapılar nə qədər aşağıdırsa, onların hərarətinin dəhşəti çoxalır. Bu qapılar əsl məhbəs qapıları kimi təsvir edilir: “Cəhənnəmin qapıları ora keçənlərin arxasınca bağlanacaq və onlar dəmir bizlərlə oda doğru qovulacaqlar” (Muqatil) . İslam etiqadına görə, hər bir təbəqə müəyyən günahlara görə nəzərdə tutulub: "Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!”

Şeol – yəhudi cəhənnəmi

Tövratda “şeol” sözü 60 dəfə işlənir. Mütəxəssislər bunların heç də hamısını “cəhənnəm” sözünün sinonimi kimi qəbul etmir. Bəzi yerdə onu “qəbir”, bəzən “ölüm”, bəzən isə ruhun tamamilə məhv edilməsi (ruhi ölüm) kimi tərcümə edirlər. Cəhənnəm mənasında işlənərkən, bir məkan olaraq, şeolun yeri də təzadlı cizgilərlə təsvir edilir. O, gah yeraltı dünya (Saylar 16:30) , gah dağ ətəyi (İona, 2:7) , gah da ağzını geniş açaraq öz qurbanlarını udan qorxunc yırtıcı (Çıxış. 5:14) kimi təsvir edilir. Padşahlar, adi insanlar, varlılar və kasıblar, ağalar və qullar — hamısı şeolda bərabərdir. Dünynın hər yeri kimi ora da Tanrıya tabedir (Zəbur, 139:8; İov 26:6). Ora düşənlərə verilən ən böyük cəza isə Tanrı ilə ünsiyyət və ona ibadət imkanının olmamasıdır (Çıxış. 38:18; Zəbur. 30:10; 88:12–13).

Yəhudi inancında şeola düşənlərə sağ qalan yaxınları onları ləyaqətlə dəfn etmək və onların ruhuna qida təklif etməklə kömək etmiş olurlar. Tövratın cəhənnəmə göndərdiyi ruhların sırasında qılıncla öldürülən və qaydalara uyğun dəfn edilməyənlər, həmçinin sünnətsiz ölənlər də olacaq (İsayya 14–19).

Talmudada da cəhənnəm təzadlı təsvirlərlə təqdim edilir. O, gah “dərinliklərdə yerləşən” yanar odlar dünyası, gah göylərdəki məchul aləm, gah da “qaranlıq dağlar arxasındakı” ölkə kimi təsvir olunur. Talmudun günahkarlara kəsdiyi cəza “ölçüyə ölçü” prinsipinə əsaslanır.

(Ardı var)

Cəmşid Bəxtiyar
Xüsusi olaraq, AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti