Suriyada `cihad`ın Azərbaycana təhlükəsi - TƏHLİL

Suriyada `cihad`ın Azərbaycana təhlükəsi - TƏHLİL
  01 Fevral 2014    Oxunub:3791
Son həftələrdə Suriyada həlak olan azərbaycanlıların haqqında xəbərlər tez-tez eşidilir. Bu isə artıq narahat olmaq üçün ciddi siqnaldır: həmin gənclər kmdirlər, onlar nə vaxt və kimlərin təsiri altlına düşür, Suriyaya necə gedirlər? Bu işi hansı qüvvələr təşkil edir?

Əvvəlcə onu deyək ki, Suriyaya gedən təkcə azərbaycanılılar deyil, Avropanın demək olar, bütün ölkələrindən müsəlman gənclər Suriyada vuruşur. Bəzi rəqəmlərə görə, Bəşər Əsədə qarşı döyüşən 30-a yaxın qrupda birləşmiş təxminən 70 min qiyamçının haradasa 15-20 mini xaricdən gələnlərdir. Onların seçilməsi, hazırlaşdırılması və Suriyaya gətirilməsi ilə bir neçə mərkəz məşğuldur ki, bunların da arasında əksər ölkələrdə fəaliyyəti qadağan olunmuş `Hizb-ut-Təhrir` - yəni `Azadlıq Partiyası` daha aktivdir.

MDB məkanında Şimali Qafqazdan, Tatarıstandan və Krımdan daha çox gənc Suriyaya gedir. Ötən il Suriyanın Ukraynadakı səfiri Səid Akil açıq şəkildə bildirmişdi ki, ukrayna vətəndaşı olan Krım tatarları Əsəd hakimiyyətinə qarşı döyüşürlər.

Sxem demək olar ki, bütün ölkələr üçün eynidir: facebook-da radikal dindar gənclər seçilir, sonra onlarla birbaşa əlaqə qurulur. Bir müddət sonra onlar `turist` vizası ilə Türkiyəyə yollanır, ardınca Suriya ilə sərhəd bölgələrə aparılaraq, orada yerləşdirilirlər. Burada bir qədər hazırlıq keçəndən sonra `cihad` saydıqları savaşa qoşulmaq üçün Suriyaya keçirlər.

Qərbin bəzi analitik mərkəzlərinin iddialarına görə, Türkiyə hökuməti bilərəkdən buna göz yumur, çünki Suriyada xaosun davam etməsində və Əsəd hökumətinin yıxılmasında maraqlıdır. Amma demək lazımdır ki, Qərb dövlətləri özləri də Suriyaya gedən dini fanatiklərin qarşısını almaq üçün dəridən-qabıqdan çıxmırlar.

Aydındır ki, bu işi təşkil etmək üçün böyük bir qlobal şəbəkə qurulub. Kobud hesablamalara görə, 70-ə yaxın dövlətdən muzdluların toplanmasına, hazırlanmasına, Suriyaya aparılıb orada saxlanmasına hər ay 150-200 milyon dollar pul xərclənir. Amma bunun qarşılığında həmin şəxslər – tutaq ki, hər Avropa ölkəsindən yılığılan 50-100 nəfər,- hamısı birlikdə götürüləndə belə, Suriyada vəziyyətə təsir göstərməyə qadir deyillər. Bəs elə isə onların toplanmasında məqsəd nədir?

Cavab kifayət qədər qorxuludur.

Bu insanlar Suriyada sadəcə, döyüş hazırlığı keçir və paralel olaraq, ideoloji cəhətdən möhkəmlənirlər. Gələcəkdə öz ölkələrində istifadə olunmaq üçün.
Onlardan sağ qalanları gələcəkdə öz ölkələrində dini radikalizm cərəyanlarına başçılıq edəcək, ehtiyac olanda terror aktlarının təşkililə məşğul olacaqlar.
Bu, sadəcə ehtimal deyil. Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB xüsusi xidmət orqanları rəhbərlərinin görüşündə açıq şəkildə bidirmişdi ki, Suriyada müharibənin aktiv fazası başa çatandan sonra orada vuruşanlar öş ölkələrinə qayıdıb, ciddi təhlükəyə çevriləcəklər.

Bəzən yanlış olaraq düşünürlər ki, bu şəxslər pula görə döyüşməyə gedirlər. Əslində bu, belə deyil. Onların çoxu heç də kasıb sayıla bilməz, bəziləri hətta öz pulunu xərcləyərək döyüşməyə gedir. Çünki bu şəxslərdə dini fanatizm sosial patalogiya həddinə çatıb, onlar cihad etdiklərinə və cənnətə düşəcəklərinə doğrudan-doğruya inanırlar.

Bu məqamda dövrəyə dini təhlükəsizlik məsələsi girir. Bu həftə Şeyxülislam Allahşükür Paşazadə Suriyaya gedənlərin əməllərinin cihad olmadığı və onların şəhid sayılmadığı haqda fətva verdi. Amma bu fətva vəziyyəti dəyişə biləcəkmi? Yəqin ki, yox; çünki bir il əvvəl Tatarıstan müftiliyi də anoloji fətva vermişdi, amma heç bir effekt doğurmadı. Əksinə, müftilik `Hizbut-Təhrir`ə bağlı olan radikal dindarların hücumları ilə üzləşmişdi.

Çünki dində coğrafi və ya inzibati bölgü olmur. Məsələn, Tatarıstanda və ya Azərbaycanda yaşayan dindar öz dini rəhbəri kimi İranda, İraqda, Türkiyədə, Ərəbistanda yaşayan din xadimini görə bilər. Bu halda öz ölkəsinin dini idarəsi onun üçün heç bir əhəmiyyət daşımır.

`Azərbaycanlı Suriyada niyə vuruşmalıdır` sualının cavabı da burada gizlənib. İslama görə Azərbaycan və ya Suriya yoxdur. İslama görə dünya ərazisi iki yerə bölünür: `Dar-əs-Salam` və `Dar-ül-Hərb`. Suriya `Dar-ül-Hərb` olduğu üçün orada vuruşmaq olar.
Yəni ideoloji sistem normal məntiqin dağırda bilməyəcəyi qədər möhkəm işlənib.

Görünür, vəziyyəti dəyişmək üçün daha ciddi addımlar atmaq lazım gələcək. Məsələn, Azərbaycan vətəndaşlarına dövlətin sanksiyası olmadan hansısa hərbi əməliyyatlarda iştirakını qanunla qadağan etmək kimi.

Vüsal Məmmədov
AzVision.az






Teqlər:  





Xəbər lenti