Rektor: “Qarabağ problemi dini məsələ deyil” - MÜSAHİBƏ

  Rektor:  “Qarabağ problemi dini məsələ deyil” -    MÜSAHİBƏ
  06 Oktyabr 2020    Oxunub:27317
“Təəssüf ki, bir çox Şərq ölkəsində İslam dini müasir dövrün insanına xitab edəcək şəkildə tədris olunmur”

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Azvision.az -ın suallarını cavablandırıb. Müsahibəni oxuculara təqdim edirik:
- Pandemiya dünya təhsil və tədris proseslərinə təsirsiz ötüşmədi. Azərbaycan təhsili, Azərbaycan İlahiyyat İnstitutu bu sınaqdan üzüağ çıxa bilirmi?

– Təəssüf ki, bu il koronavirus pandemiyası bütün dünyanı öz ağuşuna aldı. Azərbaycanda da mart ayının əvvəlindən etibarən, Təhsil Nazirliyinin tapşırığı ilə COVID-19 səbəbindən bütün məktəblərdə tədris dayandırıldı. O cümlədən, ali təhsil məktəblərində əyani tədrisə son verildi. Bundan sonra müxtəlif universitetlər martın sonunadək yaranmış problemin öhdəsindən fərqli şəkillərdə gəlməyə çalışdı. Bəziləri öz tələbələrinə “Zoom” proqramı üzərindən dərslər keçməyə başlasa da, digərləri bunu videoformat vasitəsilə həyata keçirdi. Bizim müəllimlər mart ayının Novruz bayramına qədər olan dövründə çalışdılar ki, dərslərini videoformat şəklində qursunlar. Bütün bu prosesləri isə həm Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) saytında, həm də sosial şəbəkədə yayımladıq. Bundan sonra Təhsil Nazirliyi bizə yeni sistem təqdim etdi ki, bu da “Microsoft Teams” platforması idi. Bu platforma işimizi çox asanlaşdırdı. İnstitutun kollektivi Novruz tətili boyu çalışaraq, nazirliyin köməkliyi ilə bu platformanı tələbələrimiz üçün əlçatan edə bildi. Martın sonundan etibarən isə artıq dərslərimizə davam etdik.



- Amma hazır olmadığımız onlayn dərslər problemləri ilə də özünü büruzə verdi...

– Ucqar bölgələrdə olan tələbələrin bir qisminin internetə qoşulma problemləri yarandı. Bəzi ali təhsil müəssisələri ilə müqayisə etdikdə, Azərbaycan İlahiyyat İnstitutunda onlayn dərslərdə iştirak edən tələbələrin kifayət qədər olduğunu söyləyə bilərik. Biz onlayn dərsləri iyun ayınadək davam etdirdik. İyunda da imtahanlarımızı onlayn şəkildə şifahi formatda həyata keçirdik. Deyərdim ki, tələbələrimizə bütün materialları ötürə bilmişdik.

Şübhəsiz ki, onlayn tədrisin müəyyən problemləri də mövcuddur. Bu sistem əyani tədrisin birbaşa verdiyi effekti verə bilmir. İstər tələbə-müəllim münasibətləri, istərsə də tələbələrin sualvermə, müzakirələrin aparılması imkanlarının daha geniş olması baxımından əyani təhsil daha üstündür. Yaranmış yeni situasiyaya isə artıq alışmaq lazımdır. Yeni situasiyada distant təhsil öz əhəmiyyətini büruzə verir və bu cür təhsil, artıq bütün ali təhsil ocaqlarında tətbiq olunur. Əslində, ciddi bir problemlə də qarşılaşmırıq. Hazırkı məlumatı diqqətinizə çatdırmaq istərdim ki, İlahiyyat İnstitutunda onlayn dərslərdə, təqribən, 95 faizdən çox tələbəmiz iştirak edir. Dərslərimiz də cədvələ uyğun şəkildə davam etdirilir. Yəni müəllim internet vasitəsilə “Microsoft Teams” proqramı üzərindən dərsini tədris edir və seminarlarımızı da bu şəkildə həyata keçiririk. Kollokvium və imtahanlarımızı da bu formatda həyata keçirəcəyik. Təhsil Nazirliyinin verəcəyi yeni qərardan asılı olaraq, hər iki formatda olan dərslərə hazırıq.

- Artıq yeni tədris ili yeni qaydalarla başlayıb. Qeyd etdiyiniz “Microsoft Teams” platformasının hansı üstünlüklərini müşahidə edirsiniz?

– “Microsoft Teams” platforması təkcə onlayn şəkildə tələbə ilə müəllimin görüşünü təşkil etmir. Bu platforma ilə materialötürmə çox asandır. Yəni müəllim keçəcəyi materialı birbaşa, asan şəkildə ötürə bilir. Bu proqramda seminarları da rahat şəkildə həyata keçirmək mümkündür. Bizim müəllimlərin bir çoxu, hətta bu proqram üzərindən testlər belə hazırlayaraq tələbələrə təqdim edə bildilər. Deyərdim ki, “Microsoft Teams” platformasının digər platformalardan bu baxımdan üstünlükləri çoxdur. Xüsusilə materialötürmə, imtahanların həyata keçirilməsi baxımından fərqlənir.

– Azərbaycanda dini sahədə savadlı mütəxəssislərin yetişməsi baxımından bəzi boşluqlar olub ki, bu, hazırda da müəyyən qədər özünü büruzə verir. Azərbaycan İlahiyyat İnstitutu yaxın gələcəkdə bu boşluqları doldura biləcəkmi?

– Bu problem sovet dövründən irəli gələn bir məsələdir. Bilirsiniz ki, Sovetlər zamanı dini təhsil xeyli məhdud səviyyədə həyata keçirilirdi. Yalnız Özbəkistanda Mir Ərəb Mədrəsəsi var idi; daha sonralar Daşkənd İslam İnstitutu da fəaliyyətə başladı. Azərbaycandan bura məhdud sayda insanlar gedirdilər. Bunun nəticəsində də dini bilən mütəxəssislərin azlığını müşahidə edirdik. Düzdür, 1989-cu ildə Qafqaz Müsəlmanları İdarəsinə bir mədrəsə açmaq icazəsi verildi. Bu mədrəsə isə müstəqillik əldə etdikdən sonra İslam Universitetinə çevrildi. Eyni zamanda, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi də din sahəsində tədrislə məşğul olmağa başladı. Bu iki ali təhsil müəssisəsi müəyyən boşluqları doldura bildi. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ilə ölkədə ali dini təhsil yeni bir mərhələyə qədəm qoydu. Dövlət din sahəsində özünün xüsusi bir ali müəssisəsini yaratdı. Soruşa bilərsiniz ki, belə bir təhsil ocağının yaradılması nəyə xidmət edir? Birincisi, din sahəsində peşəkar mütəxəssislərin yetişməsi məqsədinə. Belə bir həssas sahədə savadlı mütəxəssislərin yetişdirilməsi o qədər də asan deyildir. Dünyada böyük mərkəzlər var ki, onlarla da rəqabət aparmaq çətindir, amma İlahiyyat İnstitutunda bu potensial mövcuddur. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində çox güclü kadrlarımız var idi ki, Aİİ yaradılarkən bu fakültə də İnstitumuzun tərkibinə daxil edildi. Bundan sonra, artıq İlahiyyat İnstitutu qısa zaman kəsiyində peşəkar komanda yaratmağa və güclü təhsil verməyə müvəffəq ola bildi. Əminəm ki, boşluqları doldura biləcəyik, çünki həm potensialımız – müəllim kadrlarımız buna imkan verir, həm də bizi seçən tələbələrin səviyyəsinə də baxdıqda belə başa düşürəm ki, artıq Aİİ sizin qeyd etdiyiniz müəyyən çatışmazlıqları aradan qaldırmağa davam edəcək.



– İlahiyyat İnstitutunda Azərbaycandakı müsəlman olmayan dini icmalar üçün kadrlar hazırlana bilərmi?

– Bir var, din xadimi yetişdirmək, bir də var din mütəxəssisi hazırlamaq. Biz hələlik İslam sahəsində din xadimi yetişdiririk. Gələcəkdə sizin qeyd etdiyiniz istiqamətdə də müəyyən planlarımız var. Nəzərdə tutulub ki, Yəhudilik və Xristianlıq sahəsində belə kadrlar yetişdirilsin. Din mütəxəssisinə gəldikdə isə Yəhudilik, Xristianlıq, Buddizm və digər sahələrdə mütəxəssislər yetişdiririk. Qeyd etdiyim kimi, dinşünaslıqda təkcə İslamı deyil, dünyada mövcud olan böyük dinlərin hamısını tədris edirik.

– Əcnəbi tələbələr üçün İlahiyyat İnstitutunda geniş təhsil imkanları yaradılırmı?

– İnstitutumuzda, artıq yerli tələbələrlə yanaşı, əcnəbilər də təhsil alırlar. Biz daha çox xaricdə yaşayan soydaşlarımızın Aİİ-də təhsil almalarında maraqlıyıq. Keçən il xaricdə yaşayan beş soydaşımız İnstitutumuza qəbul olunub. Bu il də Aİİ-yə soydaşlarımızın qəbul edilmələri planlaşdırılır. Çalışırıq ki, onların yarana biləcək problemlərini də həll edək. Onlara müəyyən çətinliklərin aradan qaldırılması üçün dövlət səviyyəsində yüksək təqaüdlər də ayrılıb. Bu təqaüdlər isə imkan verir ki, həmin şəxslər Bakıda rahat şəkildə məskunlaşa bilsinlər və İlahiyyat İnstitutunda uğurlu təhsil alsınlar. Onların paytaxtımızda yaşaması üçün Mənəvi Dəyərlərin Təbliği Fondu da müəyyən təqaüd ayırır ki, bu tələbələr Azərbaycana gələndə mənzil problemi ilə rastlaşmasınlar. Hələlik, yataqxanamız yoxdur, amma gördüyünüz kimi, xarici tələbələrimiz, xaricdə yaşayan soydaşlarımıza olan dövlət qayğısı yüksək səviyyədədir. Burada qayğının göstərilməsində müəyyən məqsəd var. Yalnız Azərbaycanda deyil, xaricdə yaşayan soydaşlarımıza qarşı da müəyyən mərkəzlərdən dini təhdidlər olur. Bu təhdidlərin qarşısını almaq, dini insanlara olduğu kimi – xurafatdan, radikallıqdan uzaq şəkildə təbliğ etmək üçün həmin soydaşlarımızın Aİİ-də təhsil almalarına zərurət var.

– Xarici tələbələrin təhsil imkanlarını qeyd etdiniz. Bəs xarici dil biliyi necə, yaxşı dinşünas və ya islamşünas olmaq üçün əsas şərt sayıla bilərmi?

– Bizdə bildiyiniz kimi, iki istiqamət mövcuddur ki, bunlar da Dinşünaslıq və İslamşünaslıqdır. İslamşünaslıq sırf İslam din xadimi hazırlamaq üçündür ki, burada da ərəb dili mütləq şərtdir. Məlumdur ki, bizim mənbələrimizin əksəriyyəti ərəbcədir. Ərəb dilini dərindən mənimsəyə bilməyən yaxşı islamşünas ola bilməz. Biz də çalışırıq ki, ərəb dilini tələbələrimizə yaxşı öyrədək. Ərəb dili müəllimlərimizin bir qismi xaricdə sırf bu dil üzrə təhsil almış şmütəxəssislərdir. Yəni onlar ərəb dilini, sözün həqiqi mənasında, ərəb kimi bilən insanlardır. Digər qisim isə BDU-nun Şərqşünaslıq və İlahiyyat fakültələrini bitirib ki, onlar da kifayət qədər yüksək ərəb dili potensialına malikdirlər. Qısası, ərəb dili sahəsində də güclü mütəxəssislərimiz var və təkcə dərslərin keçirilməsi ilə də kifayətlənmirik. Boloniya prosesi elədir ki, burada istədiyimiz qədər dərs tətbiq edə bilmirik. Müəyyən məhdudlaşdırma var ki, şübhəsiz, bunun da doğru tərəfləri mövcuddur. Çalışırıq ki, ərəb dilində olan əlavə kurslarla tələbələrimizin dil biliklərini daha da gücləndirək. Bu kursların istər danışıq, istərsə də klassik mənbə oxumada mühüm rolu var.

Bildiyiniz kimi, müasir ərəb dili ilə klassik ərəb dili arasında müəyyən fərqlər mövcuddur. İslam mənbələrinin əksəriyyəti isə klassik ərəb dilindədir. Bu mənbələri oxumaq o qədər asan deyildir. Mütəxəssislərimiz var ki, onlar həmin mənbələri rahat şəkildə oxuya bilirlər. Bu mənada, tələbələrə də o mənbələr effektli şəkildə çatdırıla bilir. Dinşünaslıq sahəsinə gəldikdə isə, burada ingilis dilinin qavranılması çox vacibdir. Müasir dinşünaslıq dedikdə, xaricdə olan dini araşdırma qurumları (religious studies) yada düşür. Biz çalışdıq ki, dinşünaslıq standartlarımızı quranda bunu həmin bölümlərə uyğun həyata keçirək. Yəni burada yalnız İslam deyil, böyük dünya dinləri də tədris olunur. Məlumatları isə deskriptiv yolla veririk. “Bu din düzdür, digəri yanlışdır” anlayışını qəti şəkildə öz proqramımıza daxil etmirik. Xaricdəki universitetlərin dini araşdırmalar bölmələrindənecə təhsil verilirsə, dinşünaslıqda o cür təhsili seçmişik. Bu mənbələrin bir qismi isə ərəb dili ilə yanaşı, ingiliscədir. Ona görə də dinşünaslarımızın üzərinə düşən vəzifə daha genişdir. Onlar bir neçə dili mənimsəməlidirlər.



Dinşünaslığın ən önəmli hissələri din sosiologiyası, din psixologiyası, din fəlsəfəsi, dinlərin tarixidir ki, bunların da hamısına dair müasir mənbələrin əksəriyyəti ingilis dilindədir. Düzdür, rus, türk dillərində də mənbələr mövcuddur, amma ən sanballı mənbələr ingilis dilində yazılıb. Bu səbəbdən də çalışırıq ki, ingilis dili problemini həll edək. Dərs olaraq həm ingilis dilini tədris edirik, həm də oktyabrın 1-dən Beynəlxalq Miqrasiya Təşkilatının Bakı nümayəndəliyi ilə birlikdə 50 tələbəmiz üçün ingilis dili kursu açmışıq. Burada da kifayət qədər ingilis dili üzrə məlumatlı olan müəllimlər onlayn şəkildə dərslər keçəcəklər.

– Bu yaxınlarda İnstitutunuzda təhsilalanların xüsusi geyim forması ilə təmin olunacaqlarına dair məsələ sosial şəbəkələrdə bir qədər yanlış anlaşılmışdı. Əslində, bu, adi bir məsələ deyildimi?

– Xüsusi təhsil verən ali təhsil müəssisələrində vahid geyim məsələsi çoxdan mövcuddur. Özəl universitetlərin bəzilərində də bunu görmək mümkündür. Geyim məsələsini bəzən çox qabardırlar. Əslində, burada dövlətin əsas məqsədi ondan ibarətdir ki, sadəcə olaraq, İnstituta gələn tələbələri vahid geyimlə təmin etsin. Vahid geyim dedikdə söhbət hansısa dini geyimdən getmir. Biz dünyəvi bir ölkəyik. Bu geyim də elə bir formada olacaq ki, insanlar onu normal qarşılayacaqlar. Bir çox Avropa ölkəsində, İngiltərənin özündə belə, bu cür geyim formaları standart şəkildə tələbə və şagirdlər üçün tətbiq edilib. Başqa ölkələrdə ali dini təhsil verən universitetlərdə də bunları müşahidə edirik. Bir daha qeyd etmək istərdim ki, bu geyim məsələsinə “dini geyimlər donu” geyindirmək doğru deyildir. Xüsusi geyim forması normal, cəmiyyətdə qəbul edilən geyim olacaq.

– Əlbəttə, xüsusi geyim formasından da vacib mövzular var ki, bunlardan biri də tələbələrin karyera imkanlarıdır. Məzunlarınız üçün geniş iş imkanları varmı?

– Öncə onu deyim ki, BDU-nun İlahiyyat fakültəsi Aİİ-nin strukturuna daxil edildiyi üçün artıq məzunlarımız var, yəni hər il məzun veririk. Bu il isə 4-cü kursumuz yoxdur. İlahiyyat İnstitutuna ilk qəbul olunanlar hazırda üçüncü kursdadırlar, gələn il məzun verəcəyik. Məzunların iş imkanlarına gəldikdə isə, dinşünasların daha çox dövlət orqanlarında çalışmaları nəzərdə tutulur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumlarda məzunlar üçün iş imkanları mövcuddur. İslamşünaslar isə din xadimi kimi hazırlandıqları üçün Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına veriləcək. Məzunlar, artıq bu qurum tərəfindən din xadimi kimi dəyərləndiriləcəklər.



– Aqil müəllim, hər bir universitet üçün başqa ölkələrlə, xarici güclü ali təhsil ocaqları ilə əməkdaşlıq mühüm əhəmiyyətə malikdir. İlahiyyat İnstitutu hansı universitetlərlə əməkdaşlıq qurub?

– Bizim dünyanın bir çox universitetləri ilə əlaqələrimiz mövcuddur. Məsələn, Türkiyədə bir neçə universitet var ki, onlarla müqavilələrimiz var, “Mövlanə” proqramına da qoşulmuşuq. Bu, bir növ, “Erasmus”un Türkiyə variantıdır. Bu universitetlər arasında İstanbul, Ankara, Mərmərə, Kırıkkale və digərlərini qeyd edə bilərəm. Bundan başqa, Misir Mədəniyyət Mərkəzi ilə kifayət qədər yaxın əlaqələrimiz var. Gələcəkdə, əlbəttə ki, Misir universitetləri ilə də sıx əlaqələr quracağıq. İndoneziyada Əhməd Dahlan Universiteti və Özbəkistan İslam Akademiyası ilə də müqavilələrimiz mövcuddur. Bundan başqa, Rusiyada Bolqar İslam Akademiyası, Moskva İslam İnstitutu ilə geniş əlaqələr qurulub. Eyni zamanda, bu yaxınlarda birgə konfrans keçirdiyimiz, Brüsseldə yerləşən İlahiyyat fakültəsi ilə də sıx əlaqələrimiz yaranıb. Yəni xaricdəki universitetlərlə əməkdaşlıq və əlaqələrimizi daha da gücləndiririk.

– İnstitutunuzda təhsil tam ödənişsizdir. Bu, İlahiyyat İnstitutunun avantajı və tələbələrə olan ən böyük güzəşti sayıla bilər. Bəs tələbələr üçün başqa hansı güzəştlər mövcuddur?

– Sizin də qeyd etdiyiniz kimi, təhsilin ödənişsiz olması tələbələrimiz üçün əsas və vacib güzəştlərdən sayılır. İkinci güzəşt kimi təhsilalanlara aylıq yemək xərcinin verilməsini qeyd edə bilərəm. Bildiyiniz kimi, bununla bağlı Nazirlər Kabinetinin qərarı oldu ki, buna əsasən də bu ildən Aİİ-də tələbələrə yeməkpulu veriləcək. Geyim məsələsi kimi bunu də cəmiyyətimizdə səhv anlayanlar olur. Deyirlər ki, bu güzəşt niyə məhz İlahiyyat İnstitutunda tətbiq edilir? Təəssüf ki, bəzən “Belə bir İnstitut bizə lazımdırmı?” kimi suallarla da rastlaşırıq... Mən deyərdim ki, bu, dünyanı tanımamaqdan irəli gəlir. Birincisi, din təkcə inanc işi deyil, həm də təhlükəsizlik məsələsidir. Yəni insanlar dini doğru, xurafatdan, radikalizmdən uzaq bir şəkildə bilməsələr, onda belə insanların yaşadıqları cəmiyyətdə böyük problemlər yaşanar. Biz artıq neçə illərdir ki, Orta Şərqin vəziyyətini də görürük. Bir çox müsəlman ölkəsində yaşananların əsas səbəblərindən biri də məhz onların doğru din təhsilinə malik olmamalarıdır. Digər tərəfdən, bu cür güzəştlər, deyək ki, haqqında söz açdığımız qidalanma ilə bağlı vəsait təkcə İlahiyyat İnstitutunda verilmir axı. Azərbaycanda mövcud olan xüsusi ali təhsil verən bir çox ali məktəbdə tələbələr yeməkpulu ilə də, xüsusi geyimlərlə də təmin edilirlər. Nəinki bizə yaxın olan Türkiyənin, dünyanın da müəyyən universitetlərində bu, adi haldır. Məsələn, Bolqar İslam Akademiyasında da bu cür güzəştli təminatlar var. Biz nə istəyirik? Azərbaycanlı tələbələr başqa yerə getmədən elə öz ölkəmizdə keyfiyyətli təhsil ala bilsinlər. Bir azərbaycanlı gənc, tələbə xaricdəki hansısa dini mərkəzə gedəndə, onu hər şeylə təmin edirlər. Onun qalması, qidası, hətta pulsuz geyimi üçün belə şərait yaradılır. Biz bu adi təminatları da öz üzərimizə götürməsək, o gənc xaricdəki istiqamətlərə yönələcək. Burada, hətta arzuolunmaz məsələlərlə bağlı təsir altına düşmə imkanları da çoxdur. Bu mənada, ölkəmizi dini baxımdan sığortalamaq, eyni zamanda, dini təhsil alan tələbələrimizin başqa istiqamətlərə yönəlməmələri üçün belə güzəştlər zəruri addımlar sayılmalıdır. Dövlətimizə təşəkkür edirəm ki, bu cür şərait yaradıldı və İlahiyyat İnstitutunda tələbələr yemək xərcləri, geyimlə təmin olundular.

– Bildiyim qədər İlahiyyat İnstitutunda bir neçə xarici dil tədris olunur. Yəqin ki, gələcəkdə dillərin sayı da artar...

– Aİİ-də, əsasən, ərəb və ingilis dilləri tədris olunur. Magistraturada dinlərin tarixi ixtisaslaşmasında ivrit dilini keçirik. Fars dilində də kurslar açmağı planlaşdırırıq. Gələcəkdə tədris prosesindən asılı olaraq bu dillərin sayını artıra bilərik. Hazırda İnstitutda tədris Azərbaycan dilindədir. Gələcəkdə isə ərəbdilli, ingilisdilli və rusdilli bölmələrin də açılmasını planlaşdırırıq.

– Bu bölmələrin açılmasından başqa hansısa plan və yeniliklərin tətbiqini nəzərdə tutursunuzmu?

– Pandemiya şəraiti bir çox universitetdə olduğu kimi, bizim də arzularımızı həyata keçirməyə mane olur. Məsələn, Türkiyə universitetləri ilə müqavilələrimiz var idi ki, “Mövlana” və eyni zamanda, “Erasmus” proqramları vasitəsilə dünyanın digər yerlərinə tələbə və müəllim mübadiləmiz olacaqdı. Hazırda bu mübadiləni həyata keçirə bilmirik. İnşallah, gələcəkdə, pandemiyadan sonra bu planları reallaşdırmağı düşünürük. Eyni zamanda, bizim Kırıkkale Universiteti ilə İslam mədəniyyətində birgəyaşayış ənənəsi ilə əlaqəli çox böyük beynəlxalq simpoziumumuz da gözlənilirdi. Xeyli sayda tanınmış alimlərin də qatılacağı beynəlxalq tədbiri məcbur qalıb 2021-ci ilə təxirə saldıq. Həmçinin tələbələrimiz üçün bir neçə əlavə kurs açmaq planlarımız da var ki, bu kurslar ödənişsiz əsaslarla həyata keçiriləcək. Bu gün ərəb dilində klassik mətnoxuma kurslarımız mövcuddur, onların sayını daha da artıracağıq.



– Aqil müəllim, xatırlayıram ki, mən ali təhsil alan zaman bir çox hallarda rektorlar tələbələr üçün əlçatmaz olurdular. Dövr, artıq dəyişib, təhsil sistemindəki yeniliklər təhsil ocaqlarının idarəçiliyinə də öz təsirini göstərib. Hazırda institutunuzda tələbə-rektor münasibətləri necə qurulub?

– Tam səmimi deyirəm ki, mənim qapım həmişə tələbələrin üzünə açıq olur. Düzdür, indi pandemiya dövrüdür və təhsil, tədris prosesləri ilə bağlı müəyyən tənzimləmələr mövcuddur. Amma həmişə demişəm ki, tələbə ilə müəllimlər, idarəçilər arasında uçurum olmamalıdır. Əgər bu uçurum olacaqsa, tələbəyə verəcəyiniz dərsin, tədrisin keyfiyyəti də aşağı düşəcək. Universitetlər yalnız təlim-tədris məkanları deyil, həm də tərbiyə yerləridir. Tələbə müəllimlərindən nümunə götürməlidir. O görməlidir ki, oxuduğu sahəni kimlər təmsil edir və kimlərdən yaxşı mənada yararlana bilər. İlahiyyat sahəsində də bu məsələlər, xüsusilə önəmlidir. Bu baxımdan da istənilən sahədə tələbə ilə rektor arasında yaranan uçurum arzuolunmazdır. Rektorlar həmişə tələbələr üçün əlçatan olmalıdırlar.

– Doğru anladımsa, fəaliyyət göstərdiyiniz bu beş ay ərzində hansısa şikayət və ya narazılıqla qarşılaşmamısınız...

– Hələ ki, belə bir hal müşahidə etməmişəm. İnstitut yaranandan sistem elə qurulub ki, istər dekan, istər prorektorlar, istərsə də rektorun özü tələbələr üçün hər zaman əlçatan olur.

-– Gələcəyin savadlı kadrları, din xadimləri kimi yetişdirdiyiniz tələbələrə yalnız dini biliklər deyil, dünyəvi bilikləri də öyrədirsiniz. Bəs gənclərimizə – tələbələrə vətənpərvərliyi aşılayan, dövlətçiliklə bağlı hansısa tədbirlər görürsünüzmü? Onlara Vətənə bağlılıq aşılanırmı?

– Şübhəsiz. Həmişə demişəm ki, bizə təkcə savadlı din xadimi və mütəxəssisi lazım deyildir. Bizə vətənpərvər, savadlı din xadimi və din mütəxəssisi lazımdır. Yəni vətənpərvərlik hər amildən öndə olmalıdır. İnsan Vətənini sevməsə, nə qədər böyük mütəxəssis olur-olsun, xalqına, ölkəsinə xidmət etməyəcək. Keçirdiyimiz mütəmadi tədbirlərdə də bu amilə xüsusi önəm veririk. Məsələn, hazırda “Vətənimin şairləri – şairlər Vətəni” adlı bir yarışma keçiririk ki, müsabiqə bu yaxınlarda yekunlaşmalıdır. Bu cür tədbirlərin təşkil olunmasının əsas məqsədlərindən biri də tələbələrimizdə vətənpərvərlik hissinin daha da gücləndirilməsidir. Bu yarışmada vətənpərvərliyi tərənnüm edən şeirləri önə çəkmişik. Gələcəkdə də mütəmadi olaraq bunabənzər tədbirlərimizi davam etdirəcəyik. Pandemiyadan əvvəl tələbələrimizi Azərbaycanın müxtəlif guşələrinə səyahətlərə də aparırdıq. Bu, ölkəmizin həm tolerant mühitini tələbələrimizə tanıtmaq, həm də Azərbaycanın nə qədər qədim bir tarixə malik olduğunu, xalqımızın adət-ənənələrinə bağlılığını əyani göstərmək üçündür. Müsəlman dini məkanları ilə yanaşı, bir neçə dəfə Nic qəsəbəsində olmuşuq. Bilirsiniz ki, orada Alban-Udi icması fəaliyyət göstərir ki, Qəbələ və Oğuzda yaşayan udilər Azərbaycanın qədim Qafqaz Alban Kilsəsinin mənəvi varisləridir. Eyni zamanda, Azərbaycanın ən qədim yəhudi icmasının olduğu “Qırmızı qəsəbə”yə də səfərlərimiz olub. Tələbələrimiz bir çox tarixi və dini abidələrimizi –müsəlman və qeyri-müsəlman abidələrini ziyarət ediblər. Biz bunları etməklə, əslində, tələbələrimizə həm Azərbaycanın qədim tarixini, həm də vətənpərvərlik duyğusunu aşılamaq istəyirik. Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, İlahiyyat İnstitutunun tələbələri kifayət qədər vətənpərvərdirlər.

-– Bu yaxınlarda Prezident ermənilərin tarixi-dini abidələrimizi dağıtmasını və bəzi məscidlərdə, hətta heyvan saxlamalarını bir daha xatırladaraq bunu sərt şəkildə qınadı. Bu çirkin əməlləri əks etdirən bir çox video və fotosənədlər, sübutlar da var. Yəni doğrudan da bu, təkcə bizə qarşı yox, bütün Müsəlman dünyasına qarşı edilən cinayət sayılır. Sizcə, daha hansı hadisələr və faktlar olmalıdır ki, Ermənistan müsəlman ölkələri tərəfindən ciddi şəkildə qınansın?

– Bildiyiniz kimi, Qarabağ problemi dini məsələ deyildir. Sadəcə olaraq ermənilər bunu qəsdən dini məsələ kimi təqdim etməyə çalışırlar. Xatırlayıram ki, xarici KİV-lərdən biri Ermənistanı müsəlmanların arasında qalmış “zavallı” xristian azlıq kimi təqdim etmişdi. Yəni bu da erməni təbliğatının nəticəsi idi. Halbuki Azərbaycanda nəinki xristianlara, heç bir dinin nümayəndələrinə qarşı diskriminasiya olmayıb, bu gün də belə hallar mümkün deyildir. Ölkəmizdə digər dinin nümayəndələrinə kifayət qədər hüquqlar verilib, Azərbaycan öz xristian mirasına da sahib çıxır. Yəni biz təkcə müsəlman mirasımıza sahib çıxmırıq axı. Qafqaz Alban mirasımızı da qoruyuruq və o da daim bizim mirasımız sayılıb. Ermənilər isə təəssüflər olsun ki, işğal olunmuş torpaqlarda məlum vəhşiliklərini yalnız müsəlman mirasımıza qarşı etmirlər. Eyni zamanda, xristian Alban mirasına qarşı da anormal yanaşmalar sərgilənir. Bizim Alban kilsələrini erməni kilsələri adı altında bərpa edir, müəyyən dəyişikliklərə məruz qoyurlar. Məsələn, Kəlbəcərdə olan “Xudavəng” və “Gəncəsər” məbədləri buna nümunə ola bilər. Alban məbədi olsa da, onu erməni məbədi kimi təqdim edirlər. Qarabağ və İrəvanda məscidlərimizi nəinki dağıdaraq Yer üzündən siliblər, hətta bu şəhərdəki Azərbaycan mirasını saxtalaşdırmaq üçün bir məscidimizi başqa ölkənin dini məbədi adı altında guya bərpa da ediblər... Bunun özü də böyük bir təhrif və ümumilikdə, dünya dinlərinin tarixinə zərbədir. Təəssüf ki, bizim bu istiqamətdə olan səsimiz də dünya ictimaiyyətinə az çatır.

Bəli, təbliğatımız qurulur, bu istiqamətdə olan təbliğat işləri son illərdə xeyli güclənib də. Sadəcə olaraq, erməni lobbisinin gücü hələ ki, az da olsa öz sözünü deyə bilir. Buna baxmayaraq, öz haqq səsimizi dünyaya daha çox çatdırmalıyıq. Düzdür, dünyada da ikili standartlar mövcuddur. Bəzən reallığı görsələr belə, bunu sadəcə anlamaq istəmirlər. Ruhdan düşməməliyik, bundan sonra da təbliğatlarımızı fəal şəkildə aparmalıyıq. Düşünürəm ki, bu işdə təkcə dövlətdən gözləntilərimiz olmamalıdır. İctimai təşkilatlar, xaricdə yaşayan soydaşlarımız, tələbələr və b. belə məsələlərdə çox aktiv olmalıdırlar. Dövlətimiz onsuz da öz üzərinə düşəni edir.

– İkili standartların adi hal aldığı bir dünyada yaşadığımızı dediniz. Yeri gəlmişkən, bəs dünyanın dini mənzərəsi necə, sizi qane edirmi?

– Çox təəssüf ki, dünyanın dini mənzərəsi o qədər də yaxşı görünmür. Özünüz də müşahidə etdiniz ki, Orta Şərqdə “din, məzhəb” adı altında insanlar kütləvi şəkildə bir-birini necə qətlə yetirdilər. Müəyyən bölgələrdə, hətta radikal buddist qrupların müsəlmanlara hücumlarının, qətliamların həyata keçirildiyini gördük. Afrikanın müəyyən bölgələrində radikal müsəlman və xristian təşkilatlarının fəaliyyət göstərdiyini və onların qətliamlar törətdiyinin şahidi oluruq. Radikal hindu təşkilatlarının müsəlmanları necə təhdid etdiyinin də şahidiyik. Yəni bütün bunlar dinlərin, əslində, əsas məqsədi olan sülhdən uzaqlaşdırılmağa çalışıldığını göstərir. Elə İslam dinini götürək. İslam Allaha “təslimiyyət” deməkdir. “İslam” sözünün kökü “silm” kökündən götürülüb ki, bu da “sülh” deməkdir. Amma baxın görün ki, adı sülhdən gələn İslamı, artıq dünyada necə təbliğ edirlər? Təbii ki, bunu da edənlər xüsusi radikal qruplardır. Düşünürəm ki, burada təkcə dini səbəb görməməliyik. Düzdür, az da olsa bu məsələlərdə dini səbəblər var. Dinin radikal yozumlarının burada müəyyən rolunun olmasını qəbul edirəm. Eyni zamanda, siyasi və digər səbəbləri də görmək lazımdır. Biz radikallığı təkcə bir dini məsələ olaraq araşdırsaq, yanlış bir yola getmiş olarıq. Radikallıq yalnız dini yox, eyni zamanda, ictimai-siyasi və iqtisadi bir məsələdir. Bunun müxtəlif çalarları mövcuddur. Onları bir arada düşünməliyik ki, radikalizmin kökünü kəsə bilək. Bəli, razıyam ki, məsələnin din tərəfi bizi daha çox narahat etməlidir.

– Xüsusən də məsələnin dini təhsillə bağlı olan tərəfi...

– Haqlısınız. Məncə, bütün dünyada müasir standartlara uyğun din tədrisinin zamanı çatıb. Təəssüf ki, bir çox Şərq ölkəsində İslam dini müasir dövrün insanına xitab edəcək şəkildə tədris olunmur. Nəzərdə tutduğum müasir təhsil İslam dininin təhrifi demək deyil. Dini insanlara hər dövrün çağırışlarına cavab verə biləcək şəkildə çatdırmaq lazımdır. Əgər bunu bacarmasaq, bu, gələcəkdə dinin özünə də böyük zərbə olacaq. Qurani-Kərimin “İbrahim” surəsinin 24-25-ci ayələrində deyilir ki, “Xoş söz bir kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər”. Burada səslənən “xoş söz” kəlmeyi-şəhadət və İslam dinini nəzərdə tutur. Quran gözəl sözü bir ağaca bənzədir. Deyilir ki, bu ağacın budaqları hər fəsildə bar verir. Bu nə deməkdir? Mən dini ağacın kökünə bənzədirəm. Budaqların isə hər fəsildə yenilənməsi o deməkdir ki, o, hər əsrə xitab edir. Biz də dini insanlara elə çatdırmalıyıq ki, o, hər əsrə, dövrə xitab edə bilsin. Budaqlar köhnə qalsa, onlar kökə də sirayət edəcək və ağacın kökünü də qurudacaq. Yəni bu baxımdan hesab edirəm ki, doğru dini tədris həm din üçün, həm də müasir dünyamız üçün çox əhəmiyyətlidir.

– Azərbaycanda ekstremizmin, dini radikalizmin olmamasını hansı amillərlə əlaqələndirərdiniz?

– Bunu dünyanın bir çox yerini gəzmiş birisi kimi deyirəm:həqiqətən də Azərbaycan dini baxımdan nümunəvi ölkədir. Bizdə dinlərarası münasibətlər normal şəkildə davam edir. Hər il Şeyxülislam Allahşükür Paşazadə iftar süfrəsi açır ki, burada cənab Prezident özü də iştirak edir. Bu iftar süfrəsində Qafqaz Müsəlmanları İdarəsi sədrinin yanında yəhudi və xristianların da nümayəndələri otururlar. Bu mənzərənin özü çox şeydən xəbər verir, Azərbaycanda necə tolerant mühitin formalaşdığını nümayiş etdirir. Bu, tariximizdən gələn ənənədir, belə isti yanaşma xalqımızın mülayim xüsusiyyətlərindən biridir. Orta əsrlərdə yaşamış səyyahların bir çoxu da bu barədə yazıb. Məşhur Orta əsr coğrafiyaşünası Yaqut əl-Həməvinin “Mucəm əl-buldan” adlı əsərində qeyd edilir ki, Azərbaycan əhalisi çox mülayimdir... Yəni əhali olaraq tarixi yaddaşımızda mülayimlik həmişə olubdur. Birinci səbəb budur. İkincisi, Azərbaycandakı din anlayışı da daim mülayimliyi ilə seçilib.

Azərbaycanlıların çoxu müsəlmandır. Bizdə Orta əsrlərə diqqət yetirdikdə, daha çox irfan ənənəsinin hakim olduğunu görürük. İrfan ənənəsi isə xüsusən insanlara sülhü təbliğ edir, bir-birinə qarşı mehriban olmağı təlqin edir. Belə ənənənin özü də tolerantlığa əsaslanır və bizim indiki durumda olmağımızın əsas səbəblərindən sayılır. Üçüncüsü və ən önəmlisi isə, dövlətin dinə münasibətidir. Azərbaycan dünyəvi dövlətdir. Mən deyərdim ki, dünyəvilik din-dövlət münasibətləri mövzusunda insanlığın ağır təcrübələrindən sonra gəldiyi bir nəticədir. Tarixdən də bilirsiniz ki, Orta əsrlərdə Avropada din-məzhəb müharibələri genişlənmişdi. Bunun nəticəsində də elə yerlər olmuşdu ki, əhalinin üçdəbiri məhv edilmişdi. Həm də müəyyən dini dünyagörüşləri elmin inkişafına mane olurdu. Nəticədə, insanlar bu qənaətə gəldilər ki, dinlə dövlət işlərini bir-birindən ayırmaq lazımdır. Bu da dünyəvilik prinsipində öz əksini tapdı. Biz dinlə dövlət işini bir-birindən ayıranda nələri qazanırıq? Buradan həm din, həm də dövlət qazanır. Dövlət onu əldə edir ki, bütün dinlərə qarşı eyni məsafədə olur və müəyyən bir dini ideologiyaya əsaslanmır. Beləcə, dinindən asılı olmayaraq insanlar bir arada, mehriban yaşaya bilirlər. Eyni zamanda, dövlət şərait də yaradır ki, dinlər rahat şəkildə fəaliyyət göstərsinlər. Din isə onu qazanır ki, dövlət heç bir şəkildə dinin ibadət formalarına və digər daxili işlərinə müdaxilə etmir və s. Azərbaycan bu baxımdan nümunəvi ölkədir. Bizdəki dünyəvilik modeli dinlə-dövlətin bir-birindən tamamilə uzaqlaşdığı bir model deyildir. Azərbaycan dünyəvi modeli dinlə-dövlətin bir-biri ilə əməkdaşlıq etdiyi bir nümunədir. Bilirsiniz ki, bütün dini icmalara hər il dövlət tərəfindən müəyyən məbləğdə vəsait ayrılır. Bu da ölkəmizdə din-dövlət münasibətlərinin müsbət məcrada inkişafı üçün çox önəmlidir.

– Bəs sizə görə, haqqında söz açdığınız mövzu üzrə müsəlman Şərqinin bir nömrəli problemi nədir?

– Hansı ölkələr ki, dünyəviliyi bir prinsip kimi qəbul edib, bu, dinlə-dövlətin tamamilə bir-birindən qopması demək deyildir. Bu, əməkdaşlığı əsas götürən bir dünyəvilik sayılır. Məncə, müsəlman ölkələri arasında bu dövlətlər daha müvəffəqdirlər. Müsəlman Şərqində belə ölkələrin sayının çoxalmasını istərdim. Mənə görə, müsəlman Şərqinin birinci problemi hüquqi dünyəvilik prinsipinin bir çox ölkədə qəbul edilməməsidir. Bu, qəbul olunarsa, bir çox ciddi problemlər də öz həllini tapacaqdır.

– Nəhayət, son günlər Qarabağda baş verən hadisələr haqqında fikirlərinizi öyrənmək istərdik...

– Mən özüm də kəlbəcərliyəm və açığını deyim, bu günləri çoxdan gözləyirdik. Erməni təcavüzünə son qoymağın vaxtı artıq gəlmişdir. Bu gün Ali Baş Komandanın əmrində olan Azərbaycan əsgəri şanlı bir tarix yazır. Ermənistanın səbatsız rəhbərliyi bunu çoxdan başa düşməli idi ki, Azərbaycan xalqı və rəhbərliyi torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaq və onun azad olunması üçün əlindən gələni edəcəkdir. Bu gün bu tarixi məqam yetişib. Torpaqlarımız, artıq bir-bir azad olunur. Əsgərlərimizə Allahdan güc-qüvvət arzulayır, onların əzmi və igidliyi qarşısında baş əyirəm. Şəhidlərimizə isə rəhmət diləyirəm. İnşallah, sizinlə növbəti müsahibəni işğaldan azad olunacaq Kəlbəcərdə, Şuşada və Qarabağın digər rayonlarında gerçəkləşdirək.

- Müsahibə üçün təşəkkür edirəm. İnşallah tezliklə doğma eliniz olan Kəlbəcərdə “Qarabağ Azərbaycandır” deyək!

Tural Tağıyev
Azvision.az


Teqlər: Aqil-Şirinov   İlahiyyatİnstitutu  





Xəbər lenti