Füzulidə top mərmisi tapıldı

  14 Avqust 2020    Oxunub : 3139
Füzulidə top mərmisi tapıldı
Avqust 14-də saat 13:33-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Şükürbəyli kəndində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə əkin sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. ANAMA-nın mütəxəssislərinin apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 125 millimetrlik top mərmisi (OF-26) və tank əleyhinə idarəolunmayan PQ-7 raketinin boş mühərrik hissəsi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatın tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az

Teqlər: ANAMA   Füzuli   Mərmi