Polis 1 kq-dan artıq heroin ələ keçirdi

Polis 1 kq-dan artıq heroin ələ keçirdi
  12 Avqust 2020    Oxunub:2971
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, Ağcabədi rayon Avşar kənd sakinləri Zaur Hüseynov və Elşən Hüseynovun narkotik maddə olan heroini Avşar kəndi ərazisində satmaları barədə RPŞ-yə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Elşən Hüseynov və Zaur Hüseynovun 1 kiloqram heroini 20 min manata satmaq istədikləri müəyyən edilib.

Keçirilən əməliyyat tədbirinin nəticəsində E.Hüseynov saxlanılaraq polis şöbəsinə gətirilib, Z.Hüseynovun isə saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bununla da polis əməkdaşları tərəfindən külli miqdarda heroinin realizə olunmasının qarşısı alınıb. Tədbirlərin davamı olaraq hal şahidlərinin iştirakı ilə Z.Hüseynovun yaşadığı evə də baxış keçirilib və oradan 100 qram heroin, 16 qramdan artıq psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Azvision.az



Teqlər: Polis   Heroin  





Xəbər lenti