Türkiyədə korrupsiya qalmaqalının arxasında kim durur? – TƏHLİL

Türkiyədə korrupsiya qalmaqalının arxasında kim durur? – TƏHLİL
  17 Yanvar 2014    Oxunub:1529
Keçən ilin sonunda Türkiyə hakimiyyətinin yuxarı eşelonunda təmsil olunan şəxslərin korrupsiya qalmaqalında adlarının açıqlanması və ardınca həyata keçirilən həbslər hakim partiya AKP-nin və onun rəhbəri, baş nazir Rəcəb Tayyib Ərdoğanın nüfuzuna ciddi zərbə vurdu. Türkiyənin siyasi səhnəsi hələ də həmin hadisələrin təsirində qalmaqdadır.

Hazırda Türkiyə siyasi gündəmində müzakirə olunan əsas məsələ AKP-nin parlamentə təqdim etdiyi iki qanun layihəsidir. Birinci qanun layihəsi məhkəmə sistemində islahatların aparılmasını nəzərdə tutur. Qanun qəbul olunarsa, ölkənin Ədliyyə Nazirliyi prokuror və hakimlərin təyinatına birbaşa müdaxilə edə biləcək. Digər qanun layihəsi isə hökumətin KİV-ə və internet resurslarına nəzarəti gücləndirməsinə imkan verəcək.

Türkiyəli təhlilçilər hesab edir ki, baş nazir Ərdoğan bu yolla məhkəmə sistemi və KİV üzərində hökumətin nəzarətini artırmaq istəyir. Belə ki, hökumətdə təmsil olunan üç nazirin korrupsiya qalmaqalında adının hallanması və dərhal KİV tərəfindən informasiyanın yayılması məhz yuxarıda qeyd olunan sahələrin hökumətin nəzarətindən kənar olması ilə bağlıdır.

Qanunların müzakirəsi fonunda, prezident olmasına baxmayaraq, Türkiyə siyasi arenasında daim “Ərdoğandan sonra ikinci” hesab olunan Abdullah Gülün mövqeyi güclənməkdədir. Korrupsiya olayı ilə “ləkələnən” hakim Ədalət və İnkişaf Partiyası artıq ölkədə külli-ixtiyar sahibi kimi deyil. Gül qanun layihələri ilə bağlı yaranmış partiyalararası mübahisələrlə əlaqədar müxalif partiya rəhbərləri ilə yanaşı baş nazir Ərdoğanı da sıravi bir partiya lideri kimi öz qəbuluna dəvət edib. Prezidentin məsələyə müdaxilə etməsi məhz Məclisdə təmsil olunan partiyaların təhriki ilə baş tutub.

Türkiyədəki hadisələrin təhlilindən belə nəticəyə gəlmək olar ki, baş vermiş korrupsiya qalmaqalının arxasında hakimiyyətdə olan qüvvələr dayanır. Çünki, bu ölkədə belə genişmiqyaslı siyasi kampaniyanı həyata keçirə bilmək üçün yetərincə resursa yalnız hakimiyyət malikdir.

Korrupsiya əməliyyatına “Ergenekon”u həyata keçirmiş prokuror Zəkəriyyə Özün rəhbərlik etməsi hakimiyyətin izini göstərən məqamlardandır. Məhz “Ergenekon” əməliyyatı hökumətə hərbi rəhbərlikdə təmsil olunan və mərkəzə tabe olmaqdan boyun qaçıran generalların həbsinə imkan yaratmış, tədricən isə hərbi qüvvələr tamamilə hökumətin nəzarətinə götürülmüşdü.

Digər tərəfdən, rüşvət verməkdə günahlandırılan Rza Zərrab və Əli Ağaoğlu kimi iş adamları Türkiyədə kifayət qədər populyar və reklam olunmuş şəxslərdir. Güman etmək olar ki, məhz belə şəxslərin seçilməsi əvvəlcədən düşünülmüş addımdır və geniş ictimai fikrə təsir göstərməyə hesablanıb.

Hakimiyyətin belə bir kampaniya həyata keçirməsi səbəbi ilə bağlı iki versiya irəli sürülə bilər. Birincisi ondan ibarətdir ki, həqiqətən də, hakimiyyət daxilində parçalanma var və korrupsiya əməliyyatı din xadimi, nurçular yaxud “hizmət”in rəhbəri kimi tanınan və hazırda Amerikada yaşayan Fətullah Gülənin hakimiyyətdə təmsil olunan tərəfdarlarının Ərdoğana zərbəsidir. Söhbət ondan gedir ki, Gülən camaatı mayda keçiriləcək prezident seçkilərində Ərdoğanın seçilməsini istəməyə bilərlər. Çünki konstitusiya dəyişikliyindən sonra yeni seçiləcək prezident daha böyük səlahiyyətlərə malik olacaq, dövlət idarəetməsində əsas söz sahibinə çevriləcək, faktiki Türkiyə prezident idarəetmə üsullu respublikaya çevriləcək. Başqa sözlə desək, prezident hakimiyyəti baş nazirlə bölmək məcburiyyətində qalmayacaq. Əgər Ərdoğan prezident seçilərsə artıq Gülən camaatı ilə hesablaşmaya biləcək və təkhakimiyyətliliyi əldə edəcək. Bu isə Fətullah Gülən tərəfdarlarını qane etməyə bilər və onlar Ərdoğanın bu günə qədər hakimiyyəti bölməyə məcbur olduğu Abdullah Gülün prezident kürsüsündə saxlamağı istəyə bilərlər.

İkinci versiya isə ondan ibarət ola bilər ki, hakimiyyət daxilində heç bir parçalanma mövcud deyil və korrupsiya əməliyyatı hakimiyyət daxilində olan bəzi qüvvələrin vurulmasına hesablanıb ki, bu qüvvələr prezident seçkisi öncəsi müəyyən problemlər yarada bilərlər. Belə ki, üç nazirin istefası ilə yanaşı həmin nazirliklərdə genişmiqyaslı “təmizləmə” işlərinin aparıldığını da nəzərdən qaçırmaq olmaz.

Paralel olaraq, AKP-nin nüfuzdan düşməsi fonunda məhkəmə sistemi və KİV-in nəzarətə alınmasını həyata keçirmək üçün qeyri populyar addımlar atılır ki, bu məsələlərin həlli yeni prezidentə qalmasın. Hətta ola bilər ki, hakim qüvvələr Ərdoğanın deyil məhz Abdullah Gülün prezident kimi namizədliyinin irəli sürülməsini razılaşa bilər. Belə olan halda təbii ki, yenə mahiyyət dəyişməyəcək və Ərdoğan qeyri-rəsmi lider kimi dövləti idarə edə biləcək.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti