Suriyada azərbaycanlı ölümlərinə kim son qoyacaq?!

Suriyada azərbaycanlı ölümlərinə kim son qoyacaq?!
  16 Yanvar 2014    Oxunub:3988
Son vaxtlar Suriyadan az qala gündə bir azərbaycanlının ölüm xəbəri gəlir. AzVision.az olaraq biz bu məsələni davamlı diqqətdə saxlayır və xəbərləri veririk. Vəziyyət doğrudan da təhlükəli və acınacaqlıdır. Budur, həmin xəbərlərdən sadəcə, bəziləri:

Suriyada daha bir azərbaycanlı öldürülüb
Suriyada daha bir azərbaycanlı öldürülüb - VİDEO
Suriyada daha bir azərbaycanlı öldürüldü - FOTO
Suriyada 14 yaşlı azərbaycanlı öldürüldü
Suriyada daha bir azərbaycanlı öldürüldü - FOTO
Suriyada daha bir azərbaycanlı öldürüldü
Suriyada daha iki azərbaycanlı öldürülüb - FOTO

Suriyada döyüşən azərbaycanlı gənclərin dəqiq sayını heç kim bilmir, amma hiss olunur ki, onlar az deyillər. Lermontovun “Yelkən” şeirinin ritorikasıyla desək, uzaq eldə nə axtarırlar onlar, öz yurdlarını niyə tərk edib gediblər? Cavab məlumdur: Bu bədbəxtlər ürəkdən inanırlar ki, gedib Suriyada ölməklə cənnətə düşəcəklər. Çünki cihad edirlər.

Orduda gənclərimiz həlak olanda "Əsgər ölümünə son" deyə küçəyə çıxıb mitinq keçirənlər indi haradadırlar, niyə çıxıb etiraz eləmirlər? Bəyəm Suriyaya ölməyə gedənlər bizim uşaqlar deyil? Onların ata-anası yoxdur? Niyə heç kim gənclərimizi dini radikalizmə sürüyüb onu və yaxınlarını, ailəsini bədbəxt edənlərə etirazını bildirmir?

Axı əslində bunlar, daha dəhşətli itkilərdir. Çünki orduda hansı səbəbdən ölməsindən asılı olmayaraq, bir gənc öz vətəninə xidmət edərkən həlak olur. Ən azından, bu yolda qurban gedir. Heç nə də olmasa, niyə əsgər getdiyi bəllidir. Suriyaya gedənlər isə məlum deyil nə məqsəd uğrunda, kimin üçün ölürlər.

Bəs niyə bu ölümlər heç kimin vecinə deyil? Çünki hamı başını bulayır: “Ağlı olardı, vəhhabilərin təsirinə düşməzdi!..”, “ Vəhhabilərə qoşuldu, axırda belə oldu”...
Buna görə də hamı onlara az qala nifrət edir, ölümlərinə biganə yanaşır və hətta gizlicə sevinirlər də: “Vəhhabi idi, getdi öldü”. Ardınca “əcəb oldu” deyə əlavə edənlər də var. Sanki erməni ölümündən söhbət gedir. Azərbaycan cəmiyyətində əcaib bir düşmən obrazı yaradılıb: “Vəhhabi”. Beyinlərdə belə bir zondaj aparılıb ki, kim vəhhabidirsə, o, bizdən deyil. Gedib ölürsə də, cəhənnəmə ki.

Bu yaramaz yanaşmaya son qoymaq lazımdır. Nə vəhhabi?! Əmin olun, əgər müharibə Suriyada yox, İranda olsaydı, onda da hər həftə 3-4 şiə gəncin ölüm xəbəri gələcəkdi. Bəlkə də daha çox. Nazik bığ-saqqal buraxıb, bütün günü Əli yolu getmələrindən danışan, bu yolda öz həmvətənlərinin başını kəsməyə hazır olan cavanlarımız gedib öz başlarını İranda qoyacaqdılar. Çünki onlarla heç də vəhhabilərdən daha az manipulyasiya olunmur. Sadəcə, özləri bunun fərqində deyillər. Yəni bu problemə “vəhhabilərdir” deyib keçmək düzgün deyil. Şiə radikalizminə yaxından bələd olan insan kimi bilirəm ki, o, hec də vəhhabilikdən az təhlükəli deyil. Hətta daha qorxuludur. Çünki “vəhhabilik” Azərbaycan üçün yaddır, onun kütləviləşməsi üçün zəmin yoxdur. Şiə radikalizminin kütləviləşməsi üçün isə zəmin var. Sadəcə, bu təhlükə hələ ki latent formadadır.

Ölkədə bu fanatiklər necə yetişirlər, onların beynini kimlər, nə zaman, harada doldurur? Digər tərəfdən, bu qədər fanatik yetişirsə, kim zəmanət verə bilər ki, sabah sünni-şiə toqquşmaları elə Azərbaycanın özündə qızışmayacaq?

Nə qədər ki gec deyil, bu məsələyə ictimai müdaxilə lazımdır. Təkcə hüquq-mühafizə orqanlarının işi kifayət olmaya bilər. Kütlə ilə işləmək lazımdır. Savadsız insan dindar olanda gec-tez radikallığa gedəcək. Savadsız insanın dindarlığı çox təhlükəlidir, barıt çəlləyi kimi bir şeydir, nə vaxtsa partlayacaq. Ona görə də, uşaqlara və yeniyetmələ din öyrədilməsinə son qoyulmalıdır. Ancaq 16 yaşdan, dünyagörüşü, şəxsiyyət formalaşmağa başlayandan sonra bunu etmək olar. Təcrübə göstərir ki, dini uşaqlıqdan öyrənənlər yeniyetmə vaxtı asanlıqla radikallaşırlar.

Təəssüf ki, gəncləri dini radikalizmdən qorumaq heç bir siyasi qüvvənin, ictimai təşkilatın, QHT-nin marağında deyil. Heç kim bu yöndə maarifləndirmə işi aparmır. Nəticədə din Azərbaycanda ən anormal formalarda təzahür edir: bəziləri cinə inanır (çünki dində var), digərləri cihada gedir (çünki dində var)... Bu insanlara nəyisə izah etmək mümkün deyil. Çünki bura məntiqin aciz qaldığı yerdir. Sadəcə, maarifləndirmə hərəkatı genişlənməli və sağlam fikirli qüvvələr (əgər varsa) ortaya çıxıb, vəziyyəti dəyişməyə çalışmalıdırlar. Nə qədər ki, gec deyil...

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti