İmtahan nəticələrinə mənfi təsir edəcək amillər - Ekspert rəyi

İmtahan nəticələrinə mənfi təsir edəcək amillər -  Ekspert rəyi
  18 May 2020    Oxunub:4613
Uzun müddət orta məktəblərdə, hazırlıq kurslarında, repetitor yanında ənənəvi dərslərin, hazırlıqların dayanması qəbul imtahanlarının nəticəsinə təsir göstərəcək.
Bunu Azvision.az -a təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, heç də bütün şagirdlər onlayn dərslərə qoşula bilməyib və onlayn dərslərin keyfiyyəti ənənəvi dərslərlə müqayisədə aşağıdır.

“Bundan başqa, imtahanlarda situasiya tipli testlərdən istifadə də imtahan nəticələrinə mənfi təsir göstərəcək. Əvvəlki illərlə müqayisədə bu il abituriyentlər sistemli şəkildə ali məktəblərə hazırlaşa bilmədilər”.

K.Əsədov bildirib ki, digər tərəfdən qəbul imtahanlarının keçən illə müqayisədə 1 dəfə keçirilməsi, sınaq imtahanlarının olmaması qəbul imtahanlarının nəticələrinə təsir göstərəcək.

"Artıq Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün mayın 12-dən elektron ərizə qəbuluna başlayıb. Subbakalavrların isə ərizə qəbulu 1 iyundan başlayacaq. 6 gün ərində 43834 abituriyent elektron ərizəsini təsdiq edib. Onlardan 39120 abituriyent I-IV ixtisas qrupu üzrə, 27337 nəfər V ixtisas qrupu üzrə, 27513 isə orta ixtisas təhsili pilləsinə qəbul olmaq üçün elektron ərizəsində seçim edib. Ən çox abituriyent hələ ki, I ixtisas qrupu üzrə ərizə təqdim edib, 16613 nəfər. Ən az isə IV ixtisas qrupu üzrə abituriyent ərizə təqdim edib, 2898 nəfər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: İmtahan  





Xəbər lenti