“Virtual Hackathon – 2020” müsabiqəsi başa çatdı

“Virtual Hackathon – 2020” müsabiqəsi başa çatdı
  05 May 2020    Oxunub:3743
Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Azərbaycan və Türkiyə universitetləri arasında keçirilən “Virtual Hackathon – 2020” müsabiqəsi başa çatıb.
“Biz birlikdə güclüyük” adlı müsabiqə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə keçirilib.

AzTU-dan Azvision.az -a bildirilib ki, müsabiqənin şərtlərinə görə, komandalar 48 saat ərzində “Slak” və “ZOOM” proqramlarından istifadə etməklə bir araya gəlib, müzakirələr aparıb və mentorların dəstəyindən faydalanıblar. Müsabiqədə əsasən səhiyyə, təhsil, əyləncə və sosial mövzu sahəsində olan ideyalar təqdim edilib.

Komandaların təqdimatları bitdikdən sonra qaliblər “Virtual Hackathon” müsabiqəsinin “Facebook” səhifəsində canlı yayımda elan olunub.

Müsabiqənin nəticələrinə əsasən, birinci yerə OSTİM Texniki Universitetinin komandasının hazırladığı “CoroWarner” proqramı layiq görülüb. “CoroWarner” pandemiya zamanı insanların və təşkilatların bir-birinə kömək etməsi üçün məlumatlandırıcı funksiya daşıyacaq.

İkinci yerə AzTU komandasının “Kondor” dronu layiq görülüb. “Kondor” infeksiyasının yayıldığı dövrdə əhalinin temperaturunun alternativ enerji ilə işləyən cihazlar vasitəsilə ölçülməsi, tibbi ləvazimatların təhlükəsiz çatdırılması, ərazilərin və kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün nəzərdə tutulur.

Üçüncü yerə Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Academy Azərbaycan” və Lənkəran Dövlət Universitetinin ideyası olan “Relive” platformaları layiq görülüb.

“Academy Azərbaycan” təhsil saytıdır, müəllim və tələbələrin vitual ünsiyyəti üçün nəzərdə tutulur. “Relive” portalı isə psixoloji yardım saytıdır, insanlara onlayn xidmət göstərəcək. Hər iki portal xüsusi karantin müddəti bitdikdən sonra da fəaliyyətini davam etdirəcək.

Müsabiqədə Mingəçevir Dövlət Universitetinin (MDU) “Danışan ixtisas” portalı fərqlənən layihə olaraq dördüncü yerə layiq görülüb. “Danışan ixtisas” portalında tələbələr ixtisas fənlərini oxumaqla yanaşı, bədii qiraətlə də məşğul ola biləcəklər. Portal elektron kitabxana funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, ilk 3 yeri tutmuş komandaya “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən 3 aylıq inkubasiya xidməti veriləcək. “CoroWarner” və “Kondor” layihəsinin prototipi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə hazırlanacaq. Qalib komandanın hər birinə müxtəlif hədiyyələr təqdim olunacaq.

Azvision.az


Teqlər:





Xəbər lenti