Baş Prokurorluq nazirliklə birgə aztəminatlı ailələrə ərzaq yardımı edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə pandemiyaya qarşı mübarizə məqsədilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsinə dair çağırışına dəstək olaraq prokurorluq əməkdaşları da sosial həmrəylik nümayiş etdirirlər. Onlar aztəminatlı ailələrə dövlət qayğısının təzahürü olaraq növbəti addım kimi, həmin ailələrin sosial müdafiəsinin həyata keçirilməsi məqsədilə yardımlar ediblər.
Baş Prokurorluğun əməkdaşları müvafiq şəhər, rayon prokurorluqları və sosial müdafiə qurumlarının nümayəndələri ilə birgə Bakı şəhərinin Nəsimi, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər, Pirallahı və Qaradağ rayonları, eləcə də Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran şəhərlərində və Abşeron rayonunda yaşayan 1000 aztəminatlı ailəyə evlərində ərzaq məhsullarından ibarət yardımlar təqdim ediblər.
Prokurorluq əməkdaşları eyni zamanda həmin insanların səhhəti ilə maraqlanıb onlarla maarifləndirici söhbətlər aparmaqla yanaşı, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydaları barədə də məlumat veriblər.
Göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edən aztəminatlı ailələrin üzvləri dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Azvision.az
Teqlər: Baş-Prokurorluq