İran Bakıda tutulan casusa işgəncə verildiyini iddia edir

İran Bakıda tutulan casusa işgəncə verildiyini iddia edir
  31 Dekabr 2013    Oxunub:1061
“Fars” agentliyi: “Bəhram Feyzini ailəsi ilə təhdid ediblər...”
İran növbəti dəfə Azərbaycanda casusluğa görə həbs edilən vətəndaşının işgəncəyə məruz qaldığını iddia edib. Bu ölkənin yarırəsmi “Fars” agentliyinin yaydığı xəbərə görə bu ilin payızında Bakıda Ağır Cinayətlər Məhkəməsi tərəfindən 15 il həbs cəzasına məhkum edilmiş İran vətəndaşı Bəhram Feyzini ailəsi ilə təhdid ediblər.

Virtualaz.org xəbər verir ki, İran agentliyi məlumatı “Feyziyə yaxın mənbə”yə istinadən yayıb. Bildirilir ki, o günahını etiraf etmək barədə ifadəsini təzyiq və işgəncə altında yazıb. “Azərbaycan müstəntiqləri ona ağır psixoloji və fiziki təzyiqlər göstəriblər, o cümlədən ailəsi ilə təhdid ediblər” deyə mənbə bildirib. Xəbərə görə Feyzi bildirib ki, o günahsızdır və müstəntiqlər ailəsini təhdid edəndən sonra ittihamı qəbul etməyə məcbur olub. Feyzi Bakıya ticarət üçün gəldiyini və ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətlərin heç birini törətmədiyini bildirir.

İran vətəndaşına casusluqla yanaşı narkotik ittihamı da irəli sürülüb. Onun məhkəməsi qapalı keçirildiyindən cinayət işinin və ittihamın detalları barədə məlumat yoxdur. İndiyədək rəsmi Tehran bir neçə dəfə Bəhram Feyzinin məsələsini qaldırıb. Məhbus həbsxanada etiraz olaraq aclıq aksiyası da keçirib. İranın Bakıdakı səfirliyinin əməkdaşları həbsxanada onunla görüşüblər və Feyzinin səhhətinin yaxşı olmadığını bildiriblər.


Teqlər:





Xəbər lenti