Mikayıl Cabbarov illik HESABAT verdi

Mikayıl Cabbarov illik HESABAT verdi
  30 Dekabr 2013    Oxunub:2728
Təhsil Nazirliyi 2013-cü ildə təhsil sahəsində həyata keçirilmiş ən mühüm islahatlar, tədbirlər və yeniliklər barədə hesabat verib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2013-cü il ərzində Təhsil Nazirliyi tərəfindən təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin təmin olunması, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi sahəsində bir sıra islahatyönlü tədbirlər həyata keçirilib və mühüm addımlar atılıb.

Belə addımlardan biri XI sinfi bitirən 90 mindən çox məzunun hamısına attestat almaq imkanının yaradılması oldu. Ölkə Prezidentinin tapşırığı əsasında orta məktəbləri bitirən şagirdlərin hamısına attestatın verilməsi barədə Təhsil Nazirliyinin təklifi Hökumət səviyyəsinə çıxarılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 may tarixli Qərarı ilə qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib.

Bu il buraxılış imtahanlarında 2 qiyməti almış yüzlərlə məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Ali və orta ixtisas məktəbləri ilə yanaşı, həmin şəxslərin ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq şanslarının olduğunu da nəzərə alsaq, bununla da həmin gənclərin sosial həyata aktiv şəkildə qoşulmaq imkanlarının xeyli artdığını görərik.

2013-cü il ildə ölkənin təhsil həyatındakı yeniliklərdən biri də dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqların vaxtından əvvəl məktəbə qəbulu üzrə yeni qaydaların qəbulu olub. Yeni qaydalara uyğun yaradılmış komissiyaların fəaliyyəti nəticəsində 8 min 846 nəfər uşaq bu il vaxtından əvvəl birinci sinfə qəbul edilib.

Cari ildə ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu prosesində çeviklik artırılıb. Əvvəlki dövrdə müəllimlərin işə qəbulu ilə bağlı təkcə test imtahanları 6-7 həftə ərzində aparılırdısa, cari ildə isə bu proses cəmi 13 gün çəkib. Qeyd edək ki, bu il 3286 vakant yer müsabiqəyə çıxarılıb. Vakant yerlərə 18782 nəfər elektron ərizə verib. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə, ümumilikdə 1281 nəfər işə qəbul olunub. Əvvəlki illərdən fərqli olaraq, cari ildə müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmayıb, işə qəbul olunacaq müəllimlərin peşəkar kompetensiyalarının daha yüksək olması müsabiqənin əsas meyarı kimi götürülüb.

Bundan başqa, Təhsil Nazirliyi tərəfindən noyabr ayında ümumtəhsil məktəblərində boş qalmış vakant yerlərə əlavə yerləşdirmə aparılıb. Əlavə yerləşdirmədə cari ildə müəllimlərin işə qəbulu müsabiqəsində keçid balı toplamış, lakin işə qəbul olunmamış şəxslər iştirak ediblər. Bu mərhələdə iştirak edən 1257 nəfərdən 165 nəfəri işə qəbul olunub.

2013-2014-cü dərs ili üçün I, II, IV, V, VI, VIII, IX və X siniflər üçün 146 adda 4022150 nüsxə dərslik və dərslik komplektləri çap edilib və yerlərə çatdırılıb. VI sinif dərslikləri ilk dəfə olaraq kurikulum əsasında hazırlanıb. Digər dərsliklər isə əvvəlki nəşrlər üzərində redaktə işi aparılmaqla çap olunub.

Təhsil Nazirliyində əvvəlki illərdən fərqli olaraq, qarşıdakı illərdə ümumtəhsil məktəb dərsliklərinin 1 il sınaqdan keçirilməklə tədrisdə istifadəyə verilməsi qərara alınıb. Bu yanaşma dərsliklərin keyfiyyətinin yüksəldilməsinə, dərsliklərdə çatışmazlıqların minimuma endirilməsinə, dərslik yaradıcılığına müəllif potensialının aktiv cəlb olunmasına kömək edəcəkdir. Bu sahədə ilk addım olaraq hər il iki sinif üzrə dərsliklərin hazırlanmasına başlanılıb. Artıq 2014-2015-ci tədris ilinə kurikulum əsasında VII və VIII siniflərin yeni dərslik komplektlərinin hazırlanması prosesinə başlanılıb. VII siniflərin dərslik komplektləri növbəti tədris ilinin əvvəlinə kimi çap olunaraq ümumtəhsil məktəblərinə çatdırılacaqdır. VIII siniflər üçün hazırlanan dərsliklərin məhdud sayda çap edilərək 1 il seçilmiş məktəblərdə pilot layihə kimi sınaqdan keçirilməsi və sonra bütün məktəblərə verilməsi nəzərdə tutulur. Bu mexanizmin qarşıdakı illərdə də davam etdirilməsi planlaşdırılır. Dərslik müəlliflərinin peşəkarlığını artırılmaq və müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yaradıcılığına aktiv təşviq etməkdən ötrü təlim kurslarının keçirilməsi də nəzərdə tutulur.

Bu ilin uğurlarından biri də “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı” üzrə layiqli namizədlərin seçilməsi prosesi olub. Proqramın icra olunduğu 6 il ərzində ilk dəfə namizədlərlə tam şəffaf şəkildə təhsil alacaqları dildə ali təhsil müəssisələrinin, nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət tərkibdə komissiyalar tərəfindən müsahibələr aparılıb və obyektiv seçim edilib. Bu il əvvəlki illərlə müqayisədə sayca ən çox tələbə - 787 nəfər aparıcı xarici ali məktəblərdə təhsil almaq hüququ qazanıb.

Təhsil Nazirliyi tərəfindən bu il həmçinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və dövlət-biznes partnyorluğuna əsaslanan sosial xarakterli Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlanılıb. Layihə peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsinə və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu layihə çərçivəsində müxtəlif dövlət və özəl, o cümlədən xarici tərəfdaşlarla əməkdaşlıq qurularaq bir sıra ilk-peşə ixtisas təhsili müəssisələrinin bazasında müasir resurs mərkəzləri yaradılıb.

Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində, lisey və gimnaziyalarda qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlanılıb. Nazirliyin tabeliyindəki xüsusi internat məktəbləri üçün (əqli və fiziki qüsurlu uşaqlar, vərəm, revmatizm xəstəliyi) müvafiq dietik menyular hazırlanıb. Menyulara xəstəliklərin nozoloji formasına, gedişinə, ağırlıq dərəcəsinə, remissiya və ya residiv dövrlərinə uyğun fərdi dəyişikliklər edilib. Bundan əlavə, qeyd olunan bütün təlim-tədris ocaqlarında qidalanma yaş qrupları, uşaq və yeniyetmələrin üzərinə düşən əqli və fiziki yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və iş rejimi nəzərə alınmaqla təşkil edilib. Qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsi beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və baş verən hər hansı bir çatışmazlığın operativ şəkildə aradan qaldırılması məqsədlərinə xidmət edir. Rasional və balanslaşdırılmış qidalanma uşaqların sağlamlığını və harmonik inkişafını təmin edən vacib və effektiv amillərdən biridir. Düzgün qidalanma uşaqlarda beyinin, intellektin, mərkəzi sinir sisteminin inkişafına və formalaşmasına önəmli təsir göstərir. Uşaq və yeniyetmə yaşlarında düzgün qidalanma qida maddələrinə olan gündəlik tələbatı ödəməklə yanaşı, həm də onların hərtərəfli inkişaf ahəngini təmin edir.

2013-2014-cü tədris ilində respublika üzrə 240, o cümlədən Bakı şəhərindəki 27 ümumi təhsil müəssisəsində 370 fizika, kimya və biologiya fənn laboratoriyası müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. Bu iş dövlət büdcəsindən ayrılmış müvafiq vəsait hesabına Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilib.

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair Müvəqqəti Təlimat qəbul olunub və “Müəllimin formativ qiymətləndirmə dəftəri” hazırlanıb.

Təhsil Nazirliyi tərəfindən ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi keçirilib. Müsabiqənin nəticəsi olaraq “Təhsil siyasəti üzrə təşəbbüslər” istiqaməti üzrə 13, “Təhsil sahəsində tədqiqat təşəbbüsləri” üzrə 5, ümumilikdə 18 layihə müsbət qiymətləndirilib.

2013-ci ildə növbəti uğurlu addımlardan biri də məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təlimlərin təşkili olub. İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edir. 547 nəfər pedaqoji kadr qeydiyyatdan keçib. Təlimlərdə iştirak etmək üçün namizədliyini irəli sürmüş 547 nəfər 3 mərhələli müsabiqədən keçməlidir. Müsabiqənin birinci mərhələsi artıq başa çatıb. Növbəti mərhələyə 152 nəfər pedaqoji kadr keçə bilib. Müsabiqənin növbəti mərhələsi yanvar ayının sonunda yekunlaşacaqdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013–cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb. Aylıq avans məbləğlərinin həcmi şagirdlərinin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000–1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilib. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan cari məsələlərinin həllinə sərf ediləcək.

2013-cü il oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil sahəsində mütərəqqi islahatları nəzərdə tutan növbəti bir sənədə imza atıb. Bu sənəd ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi ilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü həllini əks etdirən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq olunması barədə sərəncamdır. Dövlət Strategiyası təhsil islahatlarının daha sistemli aparılması və ölkənin inkişafına daha yüksək töhfələr vermək istiqamətində düşünülmüş konseptual bir sənəddir. Dövlət Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planının layihəsinin hazırlanması məqsədilə Təhsil Nazirliyində işçi qrup yaradılıb.

2013-cü ildə təhsil sahəsindəki yeniliklərdən biri də ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların əsas prioritetlərinin elan olunmasıdır. Bu sahə üzrə prioritetlərin açıqlanması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsinə və geniş ictimaiyyətin məlumatlandırılmasına xidmət edir. Ümumi təhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlərin keçirilməsində əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarət olub.

2013-cü il dekabrın 14-də Təhsil Nazirliyi tərəfindən Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilib. Azərbaycanın bütün bölgələrindən nümayəndələrin seçildiyi qurultayda dövlət rəsmiləri, millət vəkilləri, ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin, yerli təhsil qurumlarının rəhbərləri, nüfuzlu müəllim, ziyalılar və digər müvafiq qurumların əməkdaşları iştirak ediblər.

Təhsil Nazirliyi tərəfindən dərsliklərin satış məqsədilə çap edilməsindən əldə edilən gəlirin istifadəsi məsələlərinin tənzimlənməsi barədə müvafiq qərar qəbul olunub. Bu qərar dərslik müəlliflərinin hüquqlarının qorunması və müasir tələblərə cavab verən dərsliklərin hazırlanması üçün onların yaradıcılığa həvəsləndirilməsi, eyni zamanda dərslik yazılması fəaliyyətinin təşviqini təmin etmək məqsədlərinə xidmət edir. Artıq dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin müvafiq hesabına daxil olan vəsaitin 50 faizi dərslik müəlliflərinə ödəniləcək. Müvafiq gəlirin digər hissəsinin isə dərsliklərin yazılmasının stimullaşdırılması, bu sahədə mövcud olan beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün sərf olunması qərara alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 dekabr tarixli qərarı ilə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs yükünün maksimal yuxarı həddi 24 saatdan 36 saata qaldırılıb.

Bu il Təhsil Nazirliyi KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün yeni siyasət formalaşdırıb. Bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edib. Cari ildə Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarının artırılması məqsədilə KİV nümayəndələri üçün seminar və brifinqlər keçirilib, onların İsmayıllı rayonuna səfəri təşkil olunub. Eyni zamanda Təhsil Nazirliyinin tabeliyində olan mətbu orqanların fəaliyyətinin gücləndirilməsi, ali məktəblərin mətbuat xidmətləri ilə faydalı işin qurulması istiqamətində müvafiq addımlar atılıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti