Qarabağ Rusiya üçün əngələ çevrilir – TƏHLİL

Qarabağ Rusiya üçün əngələ çevrilir – TƏHLİL
  28 Dekabr 2013    Oxunub:1516
Bu həftə Gömrük Birliyinin üvü olan 3 ölkənin – Rusiya, Belorus və Qazaxıstanın rəhbərləri Moskvada yeni layihənin – Avrasiya İqtisadi İttifaqının vəziyyətini müzakirə etdilər. Razılaşdırılan “yol xəritəsi”nə görə, yeni İttifaq 1 il ərzində tam fəaliyyətə başlamalıdır.

“Gömrük Birliyinə daxil olan ökələr nəzərdə tutulmuş qrafiki dəqiq yerinə yetirmək niyyətindədirlər. Ən geci 2014-cü ilin mayında müqaviləni imzalayıb, ratifikasiya üçün ölkələrimizin parlamentlərinə göndərəcəyik. Beləliklə, gələn ilin sonuna qədər bütün zəruri ratifikasiya prosedurlarını həyata keçirmək üçün qanunvericilərin kifayət qədər vaxtı olacaq. Və 2015-ci ilin yanvarın birindən Avrasiya İqtisadi İttifaqı tam formatda ilinə başlaya biləcək. Hər halda, biz buna çalışırıq”,- deyə Rusiya prezidenti Vladimir Putin bildirib.

Toplantıda Ermənistan və Qırğızıstan prezidentlərinin, Ukraynanın baş nazirinin də iştirak etməsi ondan xəbər verirdi ki, Moskva bu ölkələri də Avrasiya İqtisadi İttifaqında görməyə çalışır. Və belə getsə, yəqin ki, görəcək də. Həmin 3 dövlətin arasında mövqeyi nisbətən mübahisəli olan Ukraynadır ki, yayılan son informasiyalara görə Kiyev yol xəritəsini imzalamağa hazırdır. Qalan ikisinə gəlincə, Vladimir Putinin sözlərinə görə, Ermənistanın Gömrük İttifaqına və Vahid qtisadi Məkana qoşulması üçün yol xəritəsi təsdiqlənib. Anoloji sənədin layihəsi praktik olaraq Qırğızıstan üçün də hazırdır: “Biz razılaşdıq ki, məsələni təxirə salmadan dərhal onun üzərində işləməyə başlayaq”.

Amma bundan o yana problemlər başlayır. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, Ermənistan Gömrük İttifaqına qoşularkən Qarabağ münaqişəsini nəzərə almaq lazımdır. Yada salaq ki, bir neçə ay əvvəl Belorus prezidenti Aleksand Lukaşenko da oxşar fikir səsləndirmişdi.

Bu, çox vacib bir nüans olmaqla, bir neçə məqamdan xəbər verir. Əvvəla, Azərbaycanın MDB məkanındakı nüfuzu artıq elə bir həddədir ki, hətta Rusiyanın vacib geosiyasi layihəsində iştirak edən dövlətlər də onu nəzərə almağı vacib sayırlar.

İkincisi, Qarabağ probleminin qalması artıq Rusiyanın planlarına mane olmağa başlayır.

Və üçüncüsü, Ermənistanın işğalçılığı fakt kimi onun qarşısına qoyulur. İndi əgər Rusiya Ermənistanı öz yaratdığı İttifaqın tam hüquqlu üzvünə çevirmək istəyirsə, Qarabağ məsələsinin həlli istiqamətində addımlar atmalıdır.

Bu məqam Ermənistan rəhbərliyini də pis vəziyyətdə qoyub. Çünki Yerevan Rusiyanın geosiyasi layihələrində həm də ona görə iştirak edir ki, Qarabağ məsələsində dividendlər qazansın. Sarkisyan artıq bəyan edib ki, yol xəritəsində nələrin olduğundan xəbəri yoxdur. Əlbəttə ki, bu, sadəcə, vəziyyətdən çıxmaq cəhdidir. Çünki Ermənistan parlamentindəki fraksiyalar Nazarbayevin bəyanatının yolverilməz olduğunu bildiriblər.

Amma ziddiyyət tək bununla bağlı deyil. Lukaşenkonun fikrincə, yeni yaradılan İttifaq dövlətlərin üzərində siyasi üstquruma çevrilməməlidir. Nazarbayevin bu istiqamətdəki fikri isə daha kəskin oldu.

- Avrasiya İqtisadi Birliyinin yaradılması müasir innovativ layihədir.- deyə Qazaxıstan prezidenti bildirib. - O, bəzilərinin qələmə vermək istədiyi kimi, keçmiş SSRİ-nin bərpası cəhdi deyil. Keçmişə dönüş yoxdur və olmayacaq. Bu, bizim ümumi, birmənalı mövqeyimizdir. Biz geriyə yox, irəli gedirik. İnteqrasiya heç kimə pulsuz konfetlər vermir. Biz öz dövlətlərimizin maraqları üçün buna gedirik. Bir daha demək istəyirəm ki, bizim birlikdə dövlətlərin siyasi suverenliyi möhkəmdir və sarsılmazdır.

Qazaxıstan prezidentinin sözlərinə görə, yeni birlik sərhədlərin qorunması, təhlükəsizlik, müdafiə, miqrasiya siyasəti, sağlamlıq, təhsil, mədəniyyət kimi sahələrə qarışmamalıdır. O, Avrasiya İqtisadi İttifaqını NAFTA, MERKASUR, ASEAN, ATES tipli bir təşkilat kimi görür. Amma aydındır ki, Rusiyanın məqsədi heç də təkcə bu deyil. Çünki həmin tipdə olan iqtisadi birliklər postsovet məkanında onsuz da var.

Nəticədə belə bir vəziyyət alınır: 2015-ci ildə 6 dövlətin iştirakı ilə Avrasiya İqtisadi İttifaqı yarana bilər, amma yenə də Moskvanın istədiyi və nəzərdə tutfduğu layihə olmayacaq. İndiyə qədər yaradılan Azad İqtisadi Məkan, Vahid Ticarət Zonası, Avrasiya İqtisadi Birliyi və digər qurumlar kimi.

Tariyel Həsənov
AzVision.az




Teqlər:  





Xəbər lenti