Artur Rasizadə ali məktəblərlə bağlı QƏRAR verdi

Artur Rasizadə ali məktəblərlə bağlı QƏRAR verdi
  27 Dekabr 2013    Oxunub:1830
Baş nazir Artur Rasizadə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında qaydaları təsdiq edib.

AzVision.az xəbər verir ki, bu barədə rəsmi dövlət qəzetində məlumat verilib.

Bildirilib ki, bu qaydalarda nəzərdə tutulub ki, bunlar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil edilir

Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri bunlardır: hər bir təhsilalanın (bundan sonra - tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi; ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi; təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması; tələbəyə sərbəst iş üçün şəraitin yaradılması; biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiq edilməsi; hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması; hər bir fənn üzrə ayrıca jurnalın tərtib edilməsi; tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması; təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla); fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması.

Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir.

Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan-kənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.

Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

Bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə, müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla bu Qaydaların 3.2.11-ci yarımbəndinin tələbləri gözlənilməklə, hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) də seçməyə icazə verilir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir.

Tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etməsi və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil alması məqsədi ilə bu Qaydaların 3.2.5-ci yarımbəndinin tələbləri gözlənilməklə, ödənişli əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini) seçmək hüququ da verilir. Bu şərtlərlə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom verilir. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; təcrübələrdə iştirak etməsi; laboratoriya işlərini yerinə yetirməsi; kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; imtahanlara hazırlığı və imtahanları verməsi; buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi.

Tələbəyə müəllim seçmək imkanı yaradılır. Bir müəllimi seçən tələbələrin sayı bakalavriat səviyyəsində 30-dan çox olarsa, ali təhsil müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir. Bu halda tələbələrin qruplar üzrə siyahısı ərizələrinin qeydəalınma ardıcıllığına görə müəyyənləşdirilir. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə fənn (fənlər) üzrə akademik borcu qalmış hesab olunur və o, həmin fənn (fənlər) üçün müəyyən edilmiş kreditləri bu Qaydaların 3.2.14-cü yarımbəndinin tələblərinə uyğun olaraq qazana bilər.

Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur: akademik borcların ləğv edilməsi; fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması; müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi; ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması. Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir. Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır. Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalanadək başa çatdırılır. Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur. Tələbə yay semestrində iştirakından asılı olmayaraq, payız semestri üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək fakültəyə təqdim etməlidir və o, bu Qaydaların 3.3.1-ci yarımbəndində göstərilən müddətdə öz fərdi tədris planında müvafiq dəyişikliklər edə bilər. Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək məqsədi ilə tələbəyə yenidən imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni yenidən götürərək dinləməklə imtahan verir. Tələbə öz məqsədinə nail olmadıqda, onun əvvəl topladığı bal qüvvədə qalır.. Ali təhsil müəssisələrində yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla).

Akademik məsləhətçi (tyutor) xidməti kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə ali təhsil müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur. Tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslər arasından seçilirlər. Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur.

Tyutorlar tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyurlar; tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər; tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verirlər; yay semestrinin təşkilində iştirak edirlər.


Teqlər:  





Xəbər lenti