“Ən gözəl hədiyyə deyib-gülmək, şənlənməkdir” - Çempionun özəl günü

  20 Fevral 2020    Oxunub : 4431
 “Ən gözəl hədiyyə deyib-gülmək, şənlənməkdir” - Çempionun özəl günü
“Həyat yoldaşım ad günümdə 6 ay solmayan gül hədiyyə etdi”
Həmsöhbətimiz Azərbaycanın tanınmış para-cüdoçusu Afaq Sultanovadır. Məlumat üçün bildirək ki, A.Sultanova 2012-ci ildə XIV Yay Paralimpiya Oyunlarında və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. O, 2010-cu ilin dünya çempionu, həm də 2011-ci ilin paralimpiya çempionudur. İdmançı Prezident İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Bu gün 33 yaşını qeyd edən Afaq Sultanova doğum günü ilə bağlı təəssüratlarını Azvision.az-la bölüşüb.

- Afaq xanım, qadın üçün yaş məfhumu nəyi ifadə edir?

- Mən bu suala cavab verməkdə çətinlik çəkirəm. Deyə bilməyəcəm.

- Hansı illərinizi bir də yaşamaq istərdiniz?

- Ən çox olimpiya çempionu olduğum il üçün darıxıram. İstəyərdim ki, o illər bir də təkrarlansın.



- Daha bir ili adlayıb, ömrün yeni çağına qədəm qoymaq sizi qorxutmur ki?

- Yox. Özüm haqqımda bu gün fikirləşdim ki, yaşımın artmasının heç bir ziyanı yoxdur. Qadın həmişə baxımlı olmalı və idmanla məşğul olmalıdır. Əgər belə olarsa, sağlam da qalar. Yaşın fərqi yoxdur. Qadın heç bir zaman qadın olduğunu unutmamalıdır.

- Sizi necə təbrik etsələr, ya da nə hədiyyə etsələr ürəyinizdən xəbər vermiş olarlar?

- Mənim üçün ən gözəl hədiyyə əzizlərimin, dostlarımın ətrafımda olması, bir yerdə oturub demək, gülmək, şənlənməkdir. Yanımda olmaları yetər. Hədiyyəyə gəlincə, mən sürprizləri xoşlayıram. Gözlənilməyən hədiyyələri sevirəm. Məsələn, dostlarımdan biri mənim müxtəlif illərdə çəkilmiş şəkillərimi bir yerə toplayıb hədiyyə edib. Bu, ürəyimdən oldu.



- Sirr deyilsə, həyat yoldaşınız sizə nə hədiyyə etdi?

- Həyat yoldaşım mənim üçün 6 ay solmayan gül gətizdirib. Onu da hədiyyə etdi.

- Övladınız varmı?

- İki övladım var. Birinin altı yaşı var, digəri isə yaş yarımlıqdır. Böyük uşağım məktəbdən gələndən sonra vərəqdə çəkdiyi ürək, gül və quş şəkillərini mənə hədiyyə etdi. Bununla məni təbrik etdi. Çox gözəl hisdir.

- Ən yadda qalan doğum gününüz hansı olub?

- Xatırlamıram.

- Doğum günündə hansı idmançının sizi təbrik etməsini istərdiniz?

- Mənim ən yaxın dostum Kifayət Qasımovadır. O da məni təbrik edib. Adətən doğum günü məclislərimi evdə təşkil edirəm. Bu gün isə restoranda qeyd edirəm.





Şahanə Rəhimli
Azvision.az

Teqlər: İdmançı