AXCP-nin keçmiş funksionerindən Əli Kərimliyə qarşı yeni ittihamlar

  21 Yanvar 2020    Oxunub : 2378
 AXCP-nin keçmiş funksionerindən Əli Kərimliyə qarşı yeni ittihamlar
Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.
Azvision.az xəbər verir ki, hakim Cəmilə Musayevanın sədrliyi ilə baş tutan məhkəmə prosesinə Əli Kərimlinin vəkili Fəxrəddin Mehdiyev də qatılıb.

Şikayətçi Aydın Əliyev məhkəmədə Əli KərimliAXCP-yə qarşı yeni iddia qaldırıb. O bildirib ki, AXCP iş üzrə cavabdeh qismində prosesə cəlb edilməlidir:

"İşə baxılarkən cavabdeh tərəf məhkəməyə 10 iyun 2019-cu il tarixli AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının protokolundan çıxarış təqdim edərək mənim partiya sıralarından xaric edilməyim barədə qərar qəbul edildiyini bildirmişdi. Həmin qərar qanunsuz və əsassızdır, həm də saxtadır. Əgər həmin iclas həqiqətən keçirilmişdisə və bu qərar qəbul edilmişdisə, onda cavabdeh tərəf mənim bu barədə xəbərdar olunmağımla bağlı sənədləri məhkəməyə təqdim etsin. Çünki mənim qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmağım haqqında heç bir sübut yoxdur. Həmçinin AXCP Cəbrayıl rayon şöbəsində təmsil olunduğum dayaq dəstəsi və rayon məclisində mənim haqqımda heç bir qərar qəbul olunmayıb. Cavabdeh tərəf mənim hüquqlarımı kobud şəkildə pozmaqda davam edir".

A. Əliyev əlavə edib ki, qərar 10 iyun 2019-cu ildə çıxarılsa da, ona bu barədə heç bir məlumat verilməyib. O, diqqətə çatdırıb ki, barəsində verilən qərarın qəbul edilməsində iştirak edən şəxslərin əksəriyyəti qanunsuz olaraq iclasda iştirak ediblər.

"AXCP-nin nizamnaməsinin 6-cı maddəsində açıq şəkildə göstərilir ki, icra orqanları – sədr müavini, müşavirləri Ali Məclisin Rəyasət Heyətinə üzv ola bilməzlər. Həmin iclasda Fuad Qəhrəmanlı AXCP-nin sədr müavini, Məhəmməd İbrahim AXCP sədrinin müşaviri, Gözəl Bayramlı AXCP-nin sədr müavini, Saqif Qurbanov AXCP-nin Təşkilat şöbəsinin müdiri kimi iştirak ediblər və bu, qanunsuzdur. Belə olan halda həmin şəxslərin səs vermələri qərarın tam saxta olmasını təsdiq edir. Bu səbəbdən xahiş edirəm ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası iş üzrə əlavə cavabdeh qismində məhkəməyə cəlb edilsin, Rəyasət Heyətinin 10 iyun 2019-cu il tarixli qərarı ləğv olunsun və AXCP-yə bərpa olunmağım cavabdehlər tərəfindən mənim Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsini icra etməyimə maneçilik törətməsinin aradan qaldırılması haqqında qətnamə çıxarılsın", - deyən A. Əliyev üzləşdiyi bütün qanunsuzluqlara görə partiya sədri Əli Kərimlini ittiham edib.

Qeyd edək ki, iş üzə məhkəmə prosesi yanvarın 22-də davam etdiriləcək.

Bəxtiyar Məmmədov
Azvision.az

Teqlər: AXCP   Əli-Kərimli   Məhkəm