Nazir müavini: `Mobil rabitə kəskin ucuzlaşacaq`
Əvvəli burada
Qəlbinur Biləsuvarlı:
- Salam, hörmətli İltimas müəllim! Hörmətli Əli Abbasov cənabları çox ləyaqətli alim, insan və nazirdir. Azərcell, Bakcell və Narmobile şəbəkələri niyə sizin nazirliyi belə desək, "ələ salır"? Cənab nazirinizin xalq qarşısındakı vədini yalana çevirirlər. Və sizlər- nazirliyin kollektivi əməli və qabaqlayıcı heç bir tədbirin təklifini cənab nazirinizə təqdim edə bilmirsiniz ki, bu yanlışlıq ortada olmasın?
- Bizim nazirliyə və nazirimizə göstərdiyi etimada və xoş sözlərə görə təşəkkür edirəm. Sualda problemin konkret nədə olduğu göstərilməyib. Ona görə də mən yalnız onu deyə bilərəm ki, əvəllər, 2000-2004-cü ilə qədər mobil operatorların bir çoxları ilə nazirlik məhkəmədə idi. Bəzən operatorlar heç toplantılara belə gəlmirdi. Və yaxud nazirliyə əks fikir yürüdürdülər.
Bunların öncə qanunvericilik bazasında həllini tapdıq. Əslində operatorlar bazarda lisenziya əsasında fəaliyyət göstərən hüquqi şəxslərdir. Təsisçilər müəyyən investisiyalar qoyub, gəlir götürməlidirlər. Ancaq bunu ölkə qanunvericiliyinə hörmətlə yanaşmaqla etməlidirlər. Buna görə, öncə qanunverici-hüquqi bazanı formalaşdırdıq. Yəni “Telekommunikasiya haqqında qanun” qəbul olundu. 2003-2004-2005- ci illərdə bununla bağlı xeyli işlədik. Və bu da operatorlararası münasibətlər, operatorlarla nazirlik arasındakı müansibətləri tənzimlədi.
Ondan sonra bunun əsasında operatorları dəvət etdik, onlarla görüşlər keçirildi və operatorlar arasında müqavilələr bağlandı. Qiymətlər tənzimləndi. Xatırlayırsınızsa, bir neçə il əvvələ qədər operatorların biri konturla, digəri isə manatla fəaliyyət göstərirdi. Araşdırdıq ki, vətəndaşlarımız nəticədə necə aldadılır. Yəni insanlar bilmir neçə kontur alır, neçə kontur satılır. Qarışıqlıqdan nə qədər kontur və ya pul yüklədiyini bilmirdi. Birində konturun biri 1 manat idi, digərində isə 100- ü bir manat idi. Tək vətəndaşlar deyil, iqtisadçılar belə hesablayıb tam ortaya çıxara bilmirdilər. Ona görə də, biz operatorları məcbur etdik ki, bunu sadələşdirsinlər. Vətəndaş dəqiq xərcini bilməlidir. Bazara 3-cü mobil operatoru daxil etdik. Onlara əlavə lisenziyalar verdik.
Onu demək istəyirəm ki, həm operatorlara şərait yaratdıq, əlavə tezliklər verdik, həm də onları yaxşı mənada məcbur etdik ki, regionlara gedin, ölkəni tam əhatə edi, insanlara şəffaf xidmətlər göstərin.
Vətəndaş öz xərcini və istifadəsi müqabilində ödənişini də bilməlidir. Və bu şəraiti yaratmağa biz addım-addım çalışırıq. Əgər kiminsə hansısa problemləri və gözləntisi varsa, opertorla münasibətdə nazirlik olaraq biz hər zaman buna hazırıq. Bəzi hallarda bir vətəndaşın müraciəti əsas verir ki, operatorun sistemində dəyişiklik aparılsın və ya operatorların hamısı ilə müzakirə edilsin ki, bu hal digərlərində olmasın. Əgər belə bir konkret narahatedici faktlar varsa, biz vətəndaşla birlikdə operatorun nümayəndələrilə müzakirə edib, ədalətli qərar qəbul etməyə hazırıq.
Anar Məcidzadə:
- Bir neçə il öncə həm nazir Əli Abbasov, həm də Əmlak Komitəsinin sədri bildirmişdilər ki, Aztelekomla Baktelekom birləşdiriləcək və onların bazasında Azərtelekom Dövlət Müəssisəsi yaradılıcaq. Bəs, bu məsələ niyə hələ də həllini tapmayıb?
- Bilirsiniz, bunlar elə məsələlərdir ki, sahədə müəyyən struktur dəyişikliyi və yaxud sturkturda təkmilləşmə daim gedə bilər. Aztelekom da, Baktelekom da dövlət müəssisəsidir. Bu məsələ bir neçə illər əvvəl həqiqətən qeyri-adi dərəcədə aktual idi. Yəni şəbəkədə anoloq tipli avadanlıqlar və s var idi. Hazırda texnoloji olaraq şəbəkələr tam vahiddir. Texnoloji olaraq Aztelekom və ya Baktelekom Azərbaycanda vahid bir sistem qurub.
O başqa məsələdir ki, idarəetmə olaraq Aztelekom-Baktelekom birliyi fəaliyyət göstərir, bu, artıq idarəetmənin bir formasıdır. İstənilən vaxt buna baxıla da bilər, ancaq əsas odur ki cənab nazirin də, Kərəm müəllimin də qeyd etdiyi kimi, texnoloji olaraq bunların şəbəkəsi vahiddir. Azərbaycanda vahid telekommunikasiya şəbəkəsi qurulub. Və bu gün ən ucqar kəndindən Bakıya qədər tam elektron formada olan vahid infrastruktur yaradılıb və saat mexanizmi kimi fəaliyyət göstərir.
O ki qaldı struktur, insanlar, idarələr olaraq birləşib-ayrılmasına, o, istənilən vaxt dövlət səviyyəsində qəbul edilə biləcək qəraralara bağlıdır. Düşünürəm, bu, nə rabitənin kefiyyətinə, nə də insanların istifadəsinə heç bir problem yaratmır.
Sabir Həmzəyev:
- Azərbaycan Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə idarəsinin Rabitə Nazirliyinə verilmə ehtimalı varmı? Belə bir məsələ müzakirə olunurmu?
- Bilirsiniz, müxtəlif dövlət orqanlarında idarə, müəssisə daxili informasiya texnologiyaları idarələri fəaliyyət göstərə bilər. Dövlət Neft Şirkətində bu idarənin çox böyük qədim tarixi var. Belə götürsək, istər dənizdə, istər quruda böyük infrastruktur var və bunlar arasında əlaqələr yaratmaqla fəaliyyət göstərib. Amma hazırda belə bir məsələ gündəlikdə yoxdur.
Düzdür Dövlət Neft şirkətinin müəyyən avadanlıqları, elementləri nazirliyə təhvil verildi. Bəlkə də sual ünvanlayan vətəndaşımızın onlardan məlumatı var. Ancaq bu idarənin özü ARDNŞ-in xarakterinə uyğundur və onların qurumları arasında əlaqə də hələlik çox aktual olduğundan, onun birləşdirilməsi bu gün nə gündəlikdə durur, nə də belə bir müzakirə var. Düşünürəm ki, çox yüksək səviyyədə işini təşkil edən bir qrumdur. Çox yaxşı münasibətlərimiz var, əməkdaşlığımız davam edir.
Fariz:
- Hörmətli İltimas müəllim! Nə səbəbə bir çox yerlərdə danışıq kartlarının üzərində 10-20 qəpik artıq pul alırlar? Belə hallara nəzarət etmək çoxmu çətindir?
- Çox maraqlı bir məsələdir. Sizə deyim ki, mən hətta dünəndən bu suala baxıb düşünürəm ki, bu, necə ola bilər. Əslində mobil operatorlar o kartları satan əlavə pul almasın deyə, karta görə onsuz da pul ödəyir. Yəni kartı satan, kartın dəyəri 5 manatdırsa, yalnız 5 manatı vətəndaşdan almalıdır. Kartı satana onsuz da kartı satdığına görə mobil operator pul ödəyir. Bu məsələni mən gərək mobil operatorların qarşısında qaldırm ki, onlar özləri reydlər təşkil etsin. Bu, sadəcə onu satan adamın möhtəkirliyidir. Mən ilk dəfədir ki, bu məsələni eşidirəm.
Mehman:
- Hörmətli İltimas muəllim, mobil rabitə ve internet xidməti başqa dövlətlərlə müqayisədə bizdə çox bahadır.Təssəvvür edin ki, bir operatordan başqasına zəng 0.14 manatdır. Qonşu Türkiyədə internet bizdən çox-çox ucuzdur. Siz tariflərə necə baxırsınız?
- Baxır, müqayisələr harada, necə aparılır. Doğrudur, Türkiyədə internet ucuzdur. Bizdə də hətta bir operatorun daxilində müəyyən vaxtlar tamamilə pulsuz olur. Və yaxud başqa digər hallar da var. Nazirlik tərəfindən qiymətlərin tənzimlənməsi üçün operatorlar arasında haqqlar çox endiriib. Əvvəllər haradasa 10 qəpik, hətta daha da yuxarı idisə, biz bunu 2 qəpiyə qədər endirdik. Bu, imkan verməli idi ki, operatorlar vətəndaşa göstərdikləri xidmətin qiymətinin 3-4 qəpiyə endirsinlər. Yəni aşağı salmaq üçün biz yer yaratdıq. Amma bu, o qədər də baş vermədi.
Düşünürəm, nömrə daşımaq prinsipini biz tətbiq edəndən sonra mütləq qiymətlər kəskin enəcək. Bu gün bir çox insanlar bir nömrəyə öyrəşib, bir mobil operatorun nömrəsindən istifadə edir. Və o operator digər istiqamətlərə qiyməti baha qoyur. Bilir ki, bu adam onun abonentidir, heç yerə qaça bilməyəcək. Ancaq görsə ki, abonent nömrəni götürüb tamamilə olduğu kimi digər operatora keçirə bilər, özü qiymətləri aşağı salacaq. Dünyanın hər yerində belə olub.
Tükiyədə qiymətlər nə zaman düşdü? 2010-cu ildə nömrə daşıma prinsipi tətbiq olunanadan sonra qiymətlər gəlib bu səviyyəyə düşdü. Çünki birdən-birə 10 milyona qədər adam nömrəsini köçürdü. Bu zaman operatorlar öz abonentlərini saxlamaq üçün qiyməti aşağı saldılar.
Operatorlara qarşı amirlik, məcburetmə yolu ilə qiyməti aşağı endirtmək mümükün deyil. Bizə nə qanunlarımız, nə də ki, qaydalarımız imkan verir ki, operatorun əlindən tutub, qiyməti aşağı saldıraq. Ancaq bəlli formalar var ki, onlardan biri də nömrədaşıma sisteminin tətbiqidir. Bu imkanları yaradanda vətəndaşın seçim şansı yaranır. İstəyirsən öz nömrəni götür, başqasına keç. Belə olan halda operatorlar qiymətləri aşağı salır. Hətta 3 ay da pulsuz danışıq verəcək ki, gəl, şəbəkəmdə danış, təki mənə qayıt. Ona görə də, nömrə daşınması məsələsi aktualdır.
Eyni zamanda, beynəlxalq danışıqlar da bahadır. Biz araşdırdıq ki, bəlli mobil operatorlar, tutaq ki, bir istiqamətdə danışığın qiyməti dövlət tərfindən 45 qəpik müəyyən olunduğu halda, az qala 90 qəpik alır. Ancaq beynəlxalq danışıq qiymətləri Tarif Şurası tərəfindən təsdiq olunduğundan və mobil operatorlar da o qiymətə xidmət göstərməyə məcbur olduğundan, biz bütün operatorları araşdırdıq, məcbur şəkildə bildirdik ki, beynəlxalq və şəhərlərarası danışıqlar yalnız Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdə göstərilməlidir. Yalnız bunu etməyimizlə onların qiymətləri xeyli aşağı düşümüş oldu.
İnternetin qiymətlərinə gəldikdə isə, hər birimiz şahidiyk ki, gündən-günə aşağı düşür. Və bunu bəlli həddə qədər gətirmək mümkündür. Ancaq ondan sonrası genişzolaqlı layihəyə bağlanır. Yəni qiyməti salmaqla yanaşı, şərait də yaratmaq lazımdır ki, insanlar bu gün aldığı 2mbt əvəzinə eyni qiymətə 4mbt alsın. Bunu etməyə hər kəs, provayderlər razılaşır. Ancaq vətəndaşın və ya şəbəkənin artıq buna texniki imkanı yoxdur. Çünki xəttlər köhnədir. Paradoks yaranır. Bəzən müqayisə edəndə deyirlər ki, filan yerdə 4mbt bu qiymətədir, bizdə isə belədir. Əslində isə o yerdə ki, texniki imkanlar var, bizdə qiymətlər ucuz dediyimiz ölkələrin çoxuna bərabərdir. Bu gün Azərbaycanda internetin qiyməti əgər biz eyni xidməti göstərib, eyni səviyyələri müqayisə etsək, deyək ki, Türkiyəyə, Rusiyaya tam yaxındır və ya bir balaca fərq edir.
Bəzən müqayisə aparanda bizdəki ən bahalı operatoru götürüb, Rusiyada ən ucuzu ilə tutuşdururlar. Bu, düz gəlmir. Ucuzluq bizdə də var. Ancaq kefiyyəti bir o qədər yoxdur. Hər yerdə belədir. Ona görə eyni tipli, eyni ərazidə olanları götürüb müqayisəsini aparsaq, fərq o qədər də seçilən deyil. Demək olar ki, bərabərdir.
Taleh
- Deyirdilər ki, öz peykimiz olandan sonra internetin surəti güclənəcək, qiymətləri də aşağı düşəcək. Bəs hanı o vədlər?
- Peyk tək Azərbaycanı deyil, Avropa, Asiya, hətta böyük bir qəbuledici qoymaqla bütün Afrikanı əhatə edir. Məqsəd televizya kanallarını ötürmək, rabitə kanallarını, data-kanalları yaratmaqdır. O cümlədən, zərurət olarsa, internet təşkil etməkdir. Ancaq bu peyk vasitəsilə internetin təşkil edilməsini düşünmək düzgün deyil. Çünki peyk üzərindən internet gətirmək ən bahalı vasitədir. Keyfiyyət yer səthinin yeddidə biri qədər olur. Çünki peyk qalxır 40 min km. yüksəkliyə. Bakıdan siqnal getməlidir ora, bir də oradan düşməlidir hansısa bir kəndə və ya əraziyə. Bu zaman həm müəyyən gecikmə olur, həm də qiymətcə çox bahalı bir layihədir.
Ona görə, peykdən dövlət orqanlarının işi üçün internet təşkil etmək olar və ya öz imkanı olan bir vətəndaşımız istəsə, əlaqə saxlayıb, pulun ödəyib, təşkil edə bilər. Ancaq vətəndaşlara xidmət göstərmək üçün o, çox bahalı bir layihə olar.
Növbəti illərimizdə, növbəti peyklərimizdə o hallar nəzərə alınacaq. Daha müasir kanal tutumlarından peyklərdə təşkil etməklə artıq yalnız internetə istiqamətlənmiş peyk buraxmağı düşünürük . Orada artıq istifadə oluncaq.
Eldar:
- İsmayıllıda internet xidməti nə vaxt yaxşılaşdırılacaq? İndiki internet xidmətinin olmasından olmaması yaxşıdır. Xahiş edirəm, sualıma konkret cavab verəsiniz.
- İsmayıllı rayonunun özündə və rayon mərkəzində, tam səmimi deyə bilərəm ki, ən yüksək səviyyədə internet bu gün də var. Rayonun özündən tutaq ki, 5-10 km. məsafəyə xəttlər gedirsə, əgər parametrlər uyğun deyilsə, internetin kefiyyətli olmaması halı ola bilər. Ancaq İsmayıllının da bəzi kəndlərində - hansılara ki, biz optik kabellər qoşmuşuq, çox yüksək səviyyədə internet var. Şamaxı rayonun 90%-də çox yüksək səviyyədə internet var. Çünki optik xəttə qoşulub və şəbəkə var.
Bizim planımızda idi ki, genişzolaqlı layhə tətbiq olunan zaman ilk olaraq Bakıda nələr dəyişəcəkdisə İsmayıllıda da olacaqdı. Addım-addım bu gün Aztelekom tərəfindən həyata keçirilir. Hardasa 40%-dən çox rayonların kəndləri optik xəttə qoşulub və yaxud Azərbaycanın bütün rayon mərkəzlərinə optik xətt gedir. Sanki həmin rayonlara dəmiryol çəkilir. Bircə qalıb vaqonları buraxasan. Bir çoxunda isə hətta alternativ variantlar yaratmışıq. İndi artıq bu etapda rayon mərkəzindən kəndlərə optik xəttlər gedir. Ən ağır iş budur. Elə kənd var ki rayon mərkəzindən 80 km. məsafədədir. Və bir çoxunda dağlıq ərazilərdir. Asma yol ilə aparmaq olmur - ova çıxanlar güllə ilə kabelləri zədələyə bilərlər, yaxud quşlar var ki, oturur onun üzərində, deşir. Yəni müxtəlif variantlar ilə biz ən ucqar kəndlərə də yüksək sürətli internet verməyə çalışırıq.
İndi İsmayıllının ola bilər, hansı kəndlərində optik xətt yoxdur orada internet kefiyətsiz ola bilər. Buna mən konkret cavab verə biləcəyəm ki, gələn il layihə həyata keçiriləndə məsələ başa çatmış olacaq.
Əgər deyilən yer rayon mərkəzindən aralı məsafədirsə, yenə xəttin paramterlərilə bağlı ola bilər. Bəlkə də rayon mərkəzinə yaxın hissədədir. Ancaq bu halda onun konkret olaraq telefon nömrəsi olsa, o konkret cavabı öz nömrəsi üzrə araşdırıb, mən bir gün əzrində ya təmin edər, ya da ki, məlumat verərəm.
Sabir Həmzəyev:
- Azərbaycan Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə idarəsinin Rabitə Nazirliyinə verilmə ehtimalı varmı?Belə bir məsələ müzakirə olunurmu?
(Ardı burada)
Şahanə Rəhimli
Nihadə Eyyubova
AzVision.az