Baha benzin və ucuz müxalifət

Baha benzin və ucuz müxalifət
  16 Dekabr 2013    Oxunub:1649
Vüsal Məmmədov

Dünən Milli Şura benzinin bahalaşmasına qarşı mitinq keçirməklə çox maraqlı bir mənzərəni ortaya qoydu. Aydın məsələdir ki, bahalaşmanı heç kim istəmir və hamı buna qarşıdır. Bu da təbiidir –maddi vəziyyətindən asılı olmayaraq, istənilən insan lap bir qəpik artıq pul ödəyəndə də narazı qalır. Ona görə də, nəzəri cəhətdən bahalığa qarşı keçirilən mitinqin geniş sosial bazası olmalı, bura çoxlu insan qatılmalı idi.


Yəqin, radikal müxalifət də bu nəzəri ehtimalı əsas tutaraq, mitinq keçirməyə qərar vermişdi ki, seçki vaxtı say hesabı ilə itirdiyi mövqelərini qaytarsın. Amma nəzəriyyə doğrulmadı: mitinqə gələn adamlar stadionun yarısını da doldura bilməmişdi. Çox maraqlıdır: niyə? Belə çıxır ki, insanlar bahalaşmadan razıdır? Bu, ola bilməz axı!

Əgər hava amilini çıxsaq (ciddi niyyət olan yerdə hava iradə nümayişi üçün əngəl deyil, bunu Ukraynada da görürük) ancaq bir izah qalır: insanlar hətta sosial narazılıqlarını bildirmək üçün belə, radikal müxalifətin mitinqinə getmək istəmirlər. Yəni bəli, benzinin bahalaşması pisdir, amma ucuz müxalifət ondan da pisdir. Və ucuz müxalifətə dəstək olmamaq üçün insanlar baha benzinlə barışmağa razıdırlar. Kütlə, müxalifətə razılığını bildirmək bir yana qalsın, hətta narazılığını da onunla bölüşmək istəmir.

Mitinqə toplaşanların partiyaların üzvləri və ənənəvi aksiya qəhrəmanları olduqlarını nəzərə alsaq, Milli Şuranın ənənəvi tərəfdarı olmayan bir nəfər də “Məhsul” stadionuna gəlməmişdi. Yəni orada bitərəf, belə deyək, adi insan yox idi. Hətta bahalıq da onları mitinqə qatılmağa sövq edə bilmir! Halbuki nəzəri cəhətdən bu, çox ciddi stimul olmalı idi kütlə üçün.

Beləliklə, dünənki mitinq radikal müxalifətin sonuncu “kozır”ının da əlindən çıxması deməkdir. İndiyə qədər onlar sosial kartı ehtiyatda saxladıqlarına işarə vururdular: yəni sosial şərtlər bir qədər pisləşərsə, radikal müxalifətin populyarlığı və tərəfdarları artacaq. Amma dünənki mitinq bunun belə olmadığını ortaya qoydu. Və bu qənaət qətiləşdi: Azərbaycanda insanların sosial narazılığı siyasi etirazlara konvertasiya olunmur. Bunu edəcək müxalifət də yoxdur.

Açıq desək, bu mitinq radikal müxalifət üçün seçkidə uduzmaqdan daha ağır məğlubiyyət idi. Çünki göstərdi ki, insanlar hətta sosial problemlərin fonunda belə radikal müxalifətə maraq göstərmirlər. Onları kütlə ilə bağlayan heç bir kanal, əlaqə qalmayıb. Radikallar kütlədən tamamilə qopub, havada qalıb. Küləyin meydanın üstündə ora-bura qovduğu şar kimi.

Mitinqin bir ironiyası da Bakıda bahalaşmaya qarşı etiraz keçirilən əsnada Milli Şuradakı iki əsas partiyadan birinin lideri İsa Qəmbərin Kiyevdə “Maydan”da çıxış etməsi idi. Başqanın “sizə salam gətirmişəm” rubrikasından olan səfəri nəzəri cəhətdən Azərbaycan müxalifətinin Ukrayna müxalifətinə dəstək verməsi anlamına gəlirdi və göstərməli idi ki, bizimkilər də Qərbin yanında olanların yanındadırlar. Amma realda isə sual yaranırdı: əgər Kiyevdə keçirilən mitinqdirsə, bəs Bakıda keçirilən nədir? Axı onların ikisini də eyni sözlə - “mitinq” adlandırmağa adamın dili gəlməz. Və heç olmasa başqan özü “Maydan”ı görəndən sonra etiraf edəcəkmi ki, onların burada keçirdikləri aksiya deyil, klub toplantısı kimi bir şeydir?

Kiyevin əhalisi təxminən Bakının əhalisi qədərdir. Yəni orada meydana 300.000 insan çşıxırsa, nəzəri cəhətdən burada da çıxa bilər. Üstəlik, burada çıxma ehtimalı daha güclü idi, çünki söhbət birbaşa insanların yaşayışına təsir göstərən məsələdən – bahalaşmadan gedir, xarici siyasətdən yox. Amma əksinə oldu. Niyəsi aydındır: Azərbaycanda bahalaşmadan da ağır olan ucuz müxalifət problemi var.

Müxalifət öz funksiyasnı yerinə yetirə bilmir. Həmin funksiyaları bir neçədir, onlardan biri də ictimai etirazları (əgər varsa) təşkilatlandırıb, diqqətə çatdırmaqdır. Azərbaycan müxalifəti bunu bacarmır. Və əgər hətta bunu da bacarmırsa, onda hansı funksiyası qalır?





Teqlər:  





Xəbər lenti