Rusiyalı hərbi ekspert: “Azərbaycan ən müasir və keyfiyyətli silahlar alır”

  08 Noyabr 2019    Oxunub : 1879
 Rusiyalı hərbi ekspert: “Azərbaycan ən müasir və keyfiyyətli silahlar alır”
"Ermənistan tərəfindən Rusiyanın Azərbaycana silah satmasına görə etirazlar hər zaman olur. Amma bunun praktik baxımdan heç bir təsiri yoxdur".
Azvision.az xəbər verir ki, bunu hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib. Onun sözlərinə görə, həm Rusiya, həm də Belarus Azərbaycana müasir silahlar satıb və satmaqda davam edəcək:

"Vəziyyət dəyişməyəcək. Üstəlik, prezidentlər Vladimir Putin və İlham Əliyev arasındakı son görüşlərdə təsdiqləndi ki, Azərbaycan Rusiyanın hərbi-texniki əməkdaşlıq sahəsində ən vacib tərəfdaşlarından biridir və Rusiya silahlarının davamlı tədarükünə arxalana bilər.

Ermənistan rəsmilərinin səsləndirdiyi bəyanatlar isə bunu heç bir şəkildə dəyişdirə bilməz. Rusiya hər dəfə bildirir ki, Azərbaycana müasir silah tədarükü hər hansı üçüncü ölkəyə qarşı deyil, Azərbaycanın suverenliyini və milli təhlükəsizliyini möhkəmləndirməyə yönəlib.

Ermənistan hesab edir ki, onun hüquqları pozulur, amma istədiyini düşünə bilər. İrəvanın narazı olması faktı başadüşüləndir, çünki Azərbaycan Silahlı Qüvvələri daha müasir, güclü və keyfiyyətli olur. Rusiya silahları Azərbaycan Ordusunun imkanlarını xeyli artırır.

İnanıram ki, Bakının müasir yüksək dəqiqlikli Rusiya silahlarına olan istənilən tələbi, marağı ən qısa zamanda nəzərə alınacaq və təmin ediləcək".

Ekspert deyib ki, Ermənistanın da Rusiya silahlarını aldığını unutmaq olmaz: "Əlbəttə, Moskvanın mövqeyi budur ki, bölgədə tarazlıq qorunmalıdır, Azərbaycan artıq bizdən 5 milyard dollardan çox dəyərində silah alıb, real pul ödəyib. Ermənistan isə güzəştli qiymətlərlə və kreditlə silah alır və daha kiçik həcmdə",

Ermənistanın müdafiə nazirinin 2020-ci ildə yeni silah alacaqlarına dair açıqlamasına toxunan ekspert deyib ki, İrəvan dörd ölkədən silah aldığını bəyan edib:

“Düzünü desəm, Rusiyadan başqa hansı ölkələrdən söhbət getdiyini bilmirəm. Ermənistan Rusiya silahlarını kreditlə alır. Digər üç ölkəyə gəldikdə isə, onların Ermənistana qiymət baxımından hər hansı bir üstünlük verəcəkləri barədə sual yaranır, çünki müasir silahlar bahadır və bunu hamı başa düşür.

Rusiyanın Ermənistana tədarükü kredit sxemi əsasında aparıldığından, bu, İrəvanın müasir silahların geniş miqyasda almasına müəyyən bir maneədir, çünki kredit kreditdir, kifayət qədər məhdud alış-verişi təmin edir, onu keçmək olmur. Bundan əlavə, kredit ödənilməlidir. Üstəlik, Ermənistanın milli ÜDM baxımından müəyyən iqtisadi məhdudiyyətləri var".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Silah   Ermənistan   Ekspert