“Google”la “Huawei” arasında problem “Aztelekom”un işinə təsir edəcək?

   “Google”la “Huawei” arasında problem “Aztelekom”un işinə təsir edəcək?
  20 İyul 2019    Oxunub:5229
“Google” şirkətinin nümayəndəsinin “Huawei” telekommunikasiya şirkəti ilə əməkdaşlığının dayandırılması xəbəri sosial şəbəkələrdə və mediada geniş müzakirəyə səbəb olub. “Huawei” telefonlarının "Google Play" və "Google Play Protect" tətbiqlərindən istifadəni davam etdirə bilməməsi bu telefondan istifadə edənlərin narahat edir.
Ölkədə "Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, "Aztelekom" bütün Bakı şəhərinin və regionların telekommunikasiyası bu şirkətin avadanlıqları ilə idarə olunur. Bu problem o zaman həmin qurumlara da ciddi təsir edə bilər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, “Bakı Telefon Rabitəsi” MMC-nin istismarındakı daşıyıcı şəbəkə olan transmissiyanın sürətli və alternativ hərəkətini təmin edən MPLS şəbəkəsi qapalıdır. “Bu transmissiya şəbəkəsinin “qlobal” şəbəkəyə çıxışı olmadığından və daxili şifrələnmə prinsipi əsasında qurulduğundan hər hansı vender şirkətin (Huawei) müdaxiləsi mümkün deyil. “Aztelekom” MMC-nin istismarında olan “Huawei” avadanlıqları əsasən daxili paylayıcı şəbəkədə istifadə olunur”.

Nazirlikdən bildirilib ki, regionların telefon şəbəkəsi üzrə DWDM/MPLS şəbəkəsinin qurulması üçün layihə hazırlanıb, podratçı şirkətlə müqavilə bağlanıb və yaxın dövrdə şəbəkənin qurulması nəzərdə tutulur. “Layihənin əsas əhəmiyyəti yüksəksürətli transmissiya şəbəkəsinin qurulması, şəbəkənin dayanıqlılığın təmin edilməsi, şəbəkənin tutumunun 100 Gbit/s-yə çatdırılması və bütün qovşaqlar üzrə yüksəksürətli internetin təmin olunmasıdır.

“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin və “Respublikada fiber-optik şəbəkənin 2018-2020-ci illərdə genişləndirilməsi üzrə İnkişaf Planı”nın icrası ilə əlaqədar Abşeron, Sumqayıt, Masallı TKQ-lərinin və Gəncə TKİ-nin xidməti ərazisində rabitə infrastrukturunun yenidən qurulması, xidmət keyfiyyətinin və xidmətlərdən istifadə edən abunəci sayının artırılması üçün nəzərdə tutulan layihələr üzrə artıq yenidənqurma işlərinə başlanılıb. Genişzolaqli xidmətlərin inkişaf etdirilməsi ücün muxtəlif şəbəkə texnologiyalarından istifadə edilməsi nəzərdə tutulub. Passiv optik şəbəkənin(EPON, GPON, 10GPON və s.) və FTTx-in tətbiqinin genişləndirilməsi və mövcüd şəbəkədə istifadə olunan mis xətlərdən xDSL-in tətbiqi ilə texniki tədbirlərin görülməsi planlaşdırılır".

Məlumatda qeyd edilib ki, Bakı şəhərində mənzillərə yüksək sürətli internet xidməti verilməsinə imkan yaradan (GPON) texnologiyanın tətbiqi ilə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi istiqamətində işlər davam etdirilir. "Bu texnologiya vasitəsi ilə istifadəçilər mənzilədək çəkilmiş fiber optik xətt vasitəsilə həm telefon, həm internet, həm də televiziya xidmətlərini əldə edə bilirlər. 30 min mənzili əhatə edən layihənin istismara verilməsi başa çatdırılıb və hal-hazırda 29 484 abunəçi GPON texnologiyası əsasında rabitə xidmətləri ilə təmin olunub.

Bu xidmətə artan tələbatı nəzərə alaraq 100 min abunəçi tutumlu layihənin icrasına başlanılıb və sözügedən layihə üzrə yerləşdirilməsi nəzərdə tutulan ATS-lərin bir qisminə GPON avadanlığı montaj olunub və xətt şəbəkəsinin qısa müddət ərzində qurulması nəzərdə tutulur”.

Aytən Zəhra
Azvision.az



Teqlər: NRYTN   Rabitə  





Xəbər lenti