Vilnüs raundu: kim nə qazandı? – TƏHLİL

Vilnüs raundu: kim nə qazandı? – TƏHLİL
  30 Noyabr 2013    Oxunub:1540
Vilnüsdə keçirilən 3-cü “Şərq tərəfdaşlığı” Sammiti ilin əsas geosiyasi hadisələrindən biri sayıla bilər. Çünki faktik olaraq ilin ortalarından bu görüşə bəzən gizli, bəzənsə açıq hazırlıq gedirdi. Həm Avropa Birliyi, həm də Rusiya “Şərq tərəfdaşlığı” proqramına daxil olan 6 ölkənin hər biri ilə bağlı xüsusi planlar qurmuşdular.

Rusiya proqramın üzvü olmadığı üçün sammitdə iştirak etməsə də, faktik olaraq tədbirin iki qəhrəmanı var idi: Brüssel və Moskva. Vülnüs raundunda xal hesabı ilə Moskva qalib gəldi. Proqrama daxil olan 6 ölkənin sammitdə nə qazanıb, nə itirdiklərini isə belə qiymətləndirmək olar.

Mübarizənin əsas obyektlərindən biri sözüz ki, Ukrayna idi. Vilnüsdə Ukraynanın Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında saziş imzalayacağı gözlənilirdi. Amma noyabrın 21-də Kiyev gözlənilmədən elan etdi ki, avrointeqrasiya prosesini dayandırır.

Anlamaq çətin deyil ki, bu qərara səbəb Rusiyanın Ukraynaya həm aşkar iqtisadi, həm də gizli siyasi təzyiqləridir. Digər tərəfdən, Avropa Birliyi bu təzyiqləri neytrallaşdırmaq üçün Kiyevə heç bir yardım göstərməyib, göstərmək fikri də yoxdur. Üstəlik, bəzi məsələlərdə özü də Yanukoviç hökumətinə təzyiqlər edir. Belə vəziyyətdə Yanukoviçin Avropa Birliyi ilə Assosiativ üzvlük sazişini imzalamaması tamamilə anlaşılandır.

Yəni Vilnüs Sammiti onu göstərdi ki, Ukrayna Avropa Birliyi ilə Rusiyanın arasında sıxılaraq, öz istiqamətində gedə bilmir. Kiyev Avropaya inteqrsiya xəttini seçsə də, seçdiyi yöndə getməyi bacarmır.

Bu vəziyyətdən qazanan isə Moldova oldu. Avropa Birliyi Ukraynaya dolayı cavab kimi onunla ərazi mübahisəsi olan Moldova ilə viza rejimini ləğv etdi. Bununla həm də gələn il keçiriləcək parlament seçkisi ərəfəsində Moldovada “Gömrük İttifaqı”na qoşulmağın tərəfdarı olan Kommunist Partiyasının mövqeləri xeyli zəifləyəcək. Beləliklə, Moldova yəqin ki özünün də gözləmədiyi halda sammitin əsas qazanc götürən ölkələrindən birinə çevrildi.

Moldova ilə yanaşı, Gürcüstan da Avropa Birliyi ilə Assosiativ üzvlük haqda sazişi parafladı. Amma bu, gözlənilirdi və Tiflisin sadəcə, ayrı variantı yox idi.

Sentyabrda Gömrük İttifaqına qoşulmağa razılıq vermiş Ermənistan isə sammitə onsuz da Rusiyanın peyki statusunda qatılmışdı və Yerevanın imitasiyalarına baxmayaraq, aydın idi ki, Avropa Birliyi ilə inteqrasiyanı dərinləşdirmək istiqamətində hansısa addım atılmayacaq.

“Şərq tərəfdaşlığı” proqramının üzvü olan altı ölkənin arasında ancaq Azərbaycan özünün lazım bildiyi kimi və maraqlarına uyğun tərzdə davranmağı bacardı. İndiki mərhələdə rəsmi Bakının avrointeqrasiya istiqamətində atmaq istədiyi və atılması lazım olan addım viza rejiminin sadələşdirilməsini nəzərdə tutan Sazişin imzalanması idi. Bu da oldu. Yəni Azərbaycan Vilnüs Sammitindən nə istəyir və gözləyirdisə, onu da əldə etdi.

Bundan sonra Rusiya ilə Avropa Birliyi arasında “Şərq tərəfdaşlığı” proqramına daxil olan 6 ölkəyə təsir göstərmək uğrunda rəqabət, yəqin ki, daha da qızışacaq. Növbəti, 4-cü sammit 2015-ci ildə Riqada olmalıdır. O vaxta kimi Avropa Birliyi Vilnüsün əvəzini çıxmaq üçün cavab gedişləri hazırlamağa, Rusiya isə bu ölkələri öz çətirinin altında daha möhkəm saxlamaq üçün tədbirlər görməyə çalışacaq.

Tariyel Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti