Trampın xüsusi diplomla təltif etdiyi azərbaycanlı yeniyetmə - FOTOLAR
Atası Rüfət Məlikov Azərbaycan Dillər Universitetini bitirib, tərcüməçidir. Anası Jalə Əliyeva şair, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi Hacı Mailin qardaşı qızıdır. O da Azərbaycan Dillər Universitetinin məzunudur, ixtisaca ingilis dili müəllimidir. Fatimə xanımın Ağakərim adında on bir yaşlı bir qardaşı da var.
Hazırda on birinci sinfi bitirən bu xanım səkkizinci sinfin ikinci yarsını “Auburndale Middle School”da davam etdirsə də doqquzuncu sinifdən Tastin şəhərinin “Magnolia Science Academy Santa Ana” tədris ocağında oxuyur. Onuncu sinifdən “Santa Ana” Kollecində də təhsil alır.
Cəmi on yeddi yaşın içində olsa da çox bacarıqlı xanımdır. Los Ancelesdəki “Redondo Beach” kitabxanasında Azərbaycan dili bölməsinin açılmasına nail olub. Həmin bölməyə “Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti”nin icraçı direktoru Kimiya xanım Məmmədova ilə birlikdə azərbaycan-ingilis dillərində xeyli kitab da hədiyyə ediblər. Sizə zarafat gəlməsin, ötən il oxuduğu məktəbin ictimai əsaslarla vitse prezidenti seçilsə də, növbəti dərs ilində prezident vəzifəsini icra edəcək. Bu ictimai səlahiyyət ona geniş imkanlar yaradıb. Şagirdlər üçün nəzərdə tutulan müxtəlif layihələrin, festivalların təşkilati işləri ona həvalə olunub.
Bundan əlavə o, 2018-ci ildə təsis etdiyi “WE” adlı klubun rəhbəridir. Həmin klubun xətti ilə imkansız amerikalılar üçün şagirdlərdən beş yüz əlli qutu ərzaq toplayaraq “Orange County Food Bank” təşkilatına təqdim edib. Eyni zamanda “WE ARE SILENT” layihəsinə əsasən oxuduğu tədris ocağının idman zalında Floridanın məktəblərindən birində baş verən silahlı insidentlə bağlı tədbir həyata keçirib. Həmin tədbirdə şagirdlərə özlərini azad şəkildə ifadə etmək hüquqları haqqında mühazirə oxuyub. Gələn il Afrikada açılacaq məktəbin sinif otaqlarından birinin mebellə təhciz olunması üçün min dollar ianə toplayıb. Üç ildir ki, qan xərçəngindən əziyyət çəkən insanlar üçün pul toplayıb “Qırmızı Xaç Cəmiyyəti”nə təhvil verir. Bu arada azərbaycanlı olduğunu da unutmur. Və Azərbaycanın təbliği üçün əlindən gələni etməyə çalışır. Yeni dərs ilində Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirməyi qərara alıb. Bu münasibətlə video klip hazırlamağı planlaşdırır. Həmin klipdə amerikalı müəllim və şagirdlər ölməz şairin əsərlərindən birini azərbaycan dilində əzbərdən söyləyəcəklər.
Ana dili ilə yanaşı ingilis, rus, türk dillərində sərbəst danışır. Üstəlik ispan, koreya, vyetnam dillərini də orta səviyyədə bilir. 2017-ci ildə doqquzuncu sinfi yüksək balla bitirdiyinə görə ona ABŞ prezidenti Trampın imzası ilə xüsusi diplom təqdim edilib. Ötən il dəqiq elmlər üzrə keçirilən “STEAM EXPO” müsabiqəsində riyaziyyat fənnindən birinci yerə layiq görülüb. Bu il isə tarix fənni üzrə olimpiadada qızıl medal alıb. Və qiymətləri əla olduğuna görə ona yaşadığı şəhərin yerləşdiyi “Orange County”-nin rəhbərliyi tərəfindən iki nailiyyət sertifikatı təqdim olunub.
Bütün yeniyetmələr kimi onun da arzuları çoxdur. Gələcəkdə kompüter elmləri üzrə ali təhsil almaq istəyir. Artıq bu sahədə müəyyən uğurlara imza da atıb. İndiyədək dörd yeni kompüter oyunu proqramlaşdırıb və bu oyunlar həm şagird dostları, həm də müəllimləri arasında çox məşhurdur. Bütün bunlarla yanaşı anasına ev işlərində kömək etməyi xoşlayır. Musiqi dinləməkdən, bədii kitab oxumaqdan zövq alır.
Qısa müddətdə xeyli uğur qazanmış bu təvazökar, bacarıqlı, özünə güvənən xanımı dinlədikcə Azərbaycan yeniyetmələrinin amerikalı həmyaşıdlarından heç də geri qalmadıqlarına sevinirsən.
Deyir ki,- “Vətənimi çox sevirəm. İstəyirəm ki, orada təhsil alan uşaqlar üçün də geniş imkanlar yaradılsın. Özümü təsdiq edəndən sonra Azərbaycana gedib müxtəlif layihələr həyata keçirməyi qarşıma məqsəd qoymuşam”.
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Azvision.az