Fitosanitar Xidmət təlim keçib
Təlimdən sonra Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri yerli qurumların nümayəndələri və fermerlərlə birlikdə çəyirtkəkimilərlə sirayətlənmiş Küdrü düzü ərazisində və dövlət fondu torpaqlarında sahə müşahidələri aparıblar. Həmçinin sahələrdə Mərakeş çəyirtkəsinə və digər çəyirtkəkimilərə qarşı kompleks mübarizə tədbirlərinin aparılması, mübarizə tədbirlərinin çevikliyinin təmin olunması, ultra kiçikhəcmli çiləyici aqreqatlar vasitəsilə aparılan mübarizə işlərinin səmərəliliyi məsələləri müzakirə edilib.
Qeyd edək ki, kimyəvi mübarizə tədbirlərinin vaxtında aparılması, zərərvericinin daha geniş ərazilərə yayılmasının, eləcə də kənd təsərrüfatı əkinlərinə zərər vurmasının qarşısını alınması məqsədilə rayonlarda operativ qərargahlar yaradılıb, lazımi avadanlıqlarla təmin olunub. Ərazilərində çəyirtkəkimilərlə sirayətlənmə müşahidə olunan rayonların icra hakimiyyətləri, rayon DAİM-ləri, fermerlər və digər qurumlar çəyirtkəkimilərə qarşı aparılan tədbirlər barədə məlumatlandırılıb və DFX-nin yerli qurumlarına müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün regionlarında kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərinə qarşı mübarizə tədbirləri barədə fermerlər və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi maarifləndirmə işləri aparılır, onlara lazımi metodiki köməklik göstərilir.
Azvision.az