"Sahibkarlara dəstək göstərməyə hazırıq" - Orxan Məmmədov

  23 Aprel 2019    Oxunub : 1096
"Sahibkarlara dəstək göstərməyə hazırıq" - Orxan Məmmədov
Turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət dairəsinə daxil olan istiqamətlərdən biri hesab olunur. Biznes subyektləri üçün nəzərdə tutulan dəstək mexanizmləri çərçivəsində sözügedən sektorun iştirakçılarının bu sahəyə geniş cəlb edilməsi, turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir.
Azvision.az xəbər verir ki, bunu
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 3-cü Qlobal Sağlamlıq Turizm Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, sağlamlıq turizminin dəyər zəncirinə daxil olan müxtəlif maraqlı tərəflər arasında əməkdaşlıq və tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir:

"Bununla yanaşı hesab edirik ki, sağlamlıq turizmi üçün potensialı olan bölgələrdə mövcud və yeni sağlamlıq məhsullarının istehsalının təşviq olunması eləcə də, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılmasına kiçik və orta sahibkarların cəlb edilməsi Agentlik olaraq maraq dairəmizə daxildir. Bu baxımdan, Agentlik olaraq sağlamlıq turizminin təşviqi sahəsində uğurlu dövlət-özəl sektor təşəbbüslərinin reallaşdırılması da fəaliyyət istiqamətimiz olaraq çıxış edir.

Bundan başqa, sahibkarlarımız üçün sağlamlıq turizm zonalarında ictimai iaşə xidmətləri sektoruna, xüsusilə müasir restoran və kafe xidmətləri kimi turistlər üçün cəlbedici yerlərin yaradılması və bu sahəyə investisiyaların yatırılması əlverişli ola bilər. Bu istiqamətdə Agentliyimiz maraqlı sahibkarlara müxtəlif istiqamətlərdə, xüsusilə biznesin təşkili ilə bağlı lazımi konsaltinq və dəstək xidmətlərini göstərməyə hazırdır".

Aytən Zəhra
Azvision.az

Teqlər: Turizm   KOB