Qəzetlərimiz nədən yazır

Qəzetlərimiz nədən yazır
  09 Mart 2013    Oxunub:1610
Ötən gün yerli mətbuat səhifələrində yer alan ən maraqlı xəbərləri sizə təqdim edirik :
Gündəm Xəbər

Putinin adamı prezidentlərə qarşı

Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “AzerRos”un keçmiş prezidenti Söyün Sadıqov Gürcüstan dövlət başçısı Mixail Saakaşvilinin Bakıya səfərindən sonra verdiyi qalmaqallı bəyanatla bağlı geniş müsahibə verib.
“Kavkazskaya politika” saytına verdiyi müsahibədə o deyib ki, Saakaşvilinin Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyinə hazırlaşdığı barədə bəyanatı onun Bakıya səfəri zamanı razılaşdırılıb. “Bir halda da ki, dövlət başçısı bu cür təxribatçı bəyanat verir, indiki halda, o zaman onun müəyyən məqsədləri olur. Hansı məqsədləri? Çalışacağam izah edim” deyə, S.Sadıqov bildirib. Keçmiş “AzerRos” prezidenti deyib ki, Saakaşvilinin bu bəyanatından sonra onun özünə zəng etməyə və vəziyyəti aydınlaşdırmağa çalışıb. Lakin bu mümkün olmayıb: “Ancaq əvəzində mən Gürcüstan prezidentinin yaxın ətrafından bir tanışımla danışa bildim, o mənə izah etdi ki, Saakaşvilinin Azərbaycana səfəri zamanı bütün bu məsələlər Azərbaycan tərəfi ilə Gürcüstan rəhbəri arasında müzakirə olunub. Mahiyyətcə gürcü prezidentə qəsdən Qardabani sakini olmuş Söyün Sadıqovun və ”LUKoil" şirkətinin prezidentinin Azərbaycanda çevriliş hazırladığını, Gürcüstanı muxtariyyətlərə parçalamaq istədikləri barədə yalan informasiyaları veriblər. Hətta Saakaşviliyə guya Borçalı muxtariyyətinin gələcək sərhədlərini müəyyən edən xəritəni də göstəriblər".

Ayaz Mütəllibov yenidən böyük siyasətə qayıdır

«Ayaz Mütəllibovdan hər zaman Rusiya Azərbaycana qarşı istifadə edib. Bu gün də Kreml Azərbaycanla bağlı ən ağır günlərini yaşayır. Bir yandan «Milyarderlər ittifaqı» ilə bağlı planlarının fiaskoya uğraması, bir yandan hakimiyyət içindəki rusiyayanlıların hədəfə alınması, buna paralel olaraq müxalifətdə Rusiyaya aid şüarların populyarlıq qazana bilməməsi Kremli əlavə vasitələrə əl atmağa vadar edir». Mənbəmiz bu vasitələrdən biri kimi Ayaz Mütəllibovun yenidən böyük siyasətə dönüşünün ön görüldüyünü də söyləyib: «Artıq bu barədə keçmiş prezidentə Moskvadan təlimat verilib. Son zamanlar Mütəllibovun adamları xüsusi olaraq aktivləşiblər. Onlar hətta Ayaz Mütəllibovun lehinə mətbuatda kampaniya da aparmağa girişiblər».
Məlumatı verən qaynaq iddia edir ki, yaxın günlərdə Kremlin sifarişi ilə Ayaz Mütəllibovun tərəfdarlarının təşkilatlanması da gözlənilir: «Bu, Rusiyanın rəsmi Bakıya növbəti sürprizi kimi də dəyərləndirilə bilər. İlk başından Ayaz Mütəllibov kənarda qalırmış kimi davranacaq. Amma işin mahiyyəti fərqlidir. Yeni elan olunacaq təşkilata sonradan məhz keçmiş prezidentin rəhbərlik etməsi və prezident seçkilərində xüsusi fəallıq etməsi planlaşdırılır».


Ziya Məmmədova qarşı sürücü üsyanı

Bayram günü metronun 28 may stansiyasının qarşısından Qaradağ rayonu Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən 124 saylı marşrutun sürücüləri işə çıxmaqdan imtina ediblər. Sürücülərin verdiyi məlumata görə, tətilin əsas səbəbi marşrutun rəhbərinin sürücüləri təhqir etməsidir. Gündəlik planlarının çoxluğundan şikayətlənən sürücülərin sözlərinə görə, əslində 65 manat plan verməli olduqları halda, onların 175 manat xərcləri çıxır. Sürücülər bildirir ki, marşrutun yolunu da qısaldıblar. Lökbatan qəsəbəsində təzə evlər deyilən yerə qədər getməyə imkan vermirlər ki, bu da gündəlik qazanca təsir göstərir. Qeyd edək ki, 124 saylı marşrutun yolu bərbad haldadır və bu hal avtobusların tez-tez sıradan çıxmasına səbəb olur.

Yeni Müsavat

Elşad Abdullayev 5 milyon dollarlıq video yayacaq

Məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, E.Abdullayevin universitetin fəaliyyətində aşkarlanmış nöqsanlara görə 2010-2011-ci tədris ili üçün tələbə qəbulu planını qanuni yolla əldə edə bilməyəcəyini güman etməsi səbəbindən universitetin fəaliyyətinin davam etdirilməsinə qanunsuz yollarla, hər hansı vəzifəli şəxsə külli miqdarda rüşvət verməklə nail olmaq niyyətində olduğunu və rüşvət vermədə vasitəçi axtardığını bilən, 1991-ci ildən tanıdığı və yaxın ünsiyyətdə olduğu baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn E.Abdullayevin rüşvət kimi vermək istədiyi pulu ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edərək guya müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olması, buna görə rüşvət vermədə vasitəçi kimi pulun müvafiq vəzifəli şəxsə çatdıra biləcəyi, faktiki olaraq səlahiyyətləri olmadığı halda veriləcək pul müqabilində universitetin fəaliyyətinin davam etdirilməsini təmin edəcəyi barədə yalan vədlər verib E.Abdullayevi inandıraraq ondan 2009-cu ilin avqust-oktyabrında 1 milyon dollar nağd pulu hissə-hissə alıb ələ keçirərək dələduzluq edib. E.Abdullayevin işini araşdıran bloqqer Elnur Məcidli isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, bu, yeni məsələ deyil. Onun sözlərinə görə, bundan öncə də E.Abdullayevə qarşı cinayət işi açılıb. O videodakı adam Elşad Abdullayevdən universitetə görə 5 milyon dollar istəyir. O qeyd etdi ki, hazırda 5 milyon dollar istəyən şəxsin videosu üzərində işləyirik. Müstəqil İstintaq Komissiyasından da rəy öyrənəndən sonra konkret addım atacağıq.

Pirallahını da Rövnəq Abdullayev kurasiya edəcək

Ölkə başçısının sərəncamı ilə Vasif Həsən oğlu İmanov Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Neftçi qəsəbəsi kimi tanınan Pirallahının yaradılması barədə qərar veriləndən sonra rayonun məmur-oliqarxlardan hansının nəzarətinə veriləcəyi ciddi müzakirə mövzu idi. Çünki Pirallahı Abşeron arxipelaqında ən böyük adadır. Məlumatlara görə, yeni icra başçısı təyin edilən rayona kurasiya ARDNŞ prezidenti Rövnəq Adullayevə həvalə edilib. Müşahidəçilərin son vaxtlar ARDNŞ prezidentinin hakimiyyətdəki mövqelərinin xeyli gücləndiyini iddia edirlər. Bu, R.Abdullayevə yaxın kadrların icra başçıları vəzifələrinə təsdiq edilməsində də özünü göstərir. Məsələn, R.Abdullayevin Şamaxı kimi strateji və turist zonasına nəzarət etdiyi yeni xəbər deyil.

Qərbli hüquq-müdafiəçisi ölkəmizi Avropa məhkəməsinə verir

ABŞ-ın ölkəmizdəki səfirliyinin keçmiş əməkdaşı Rebekka Vinsentin Azərbaycanda yaşamaq izni ləğv edilib. O facebook səhifəsində yazıb ki, daha Azərbaycanda arzuolunan şəxs deyil. “İnsan haqları fəaliyyətimə görə ölkədən çıxarılmışam, özəlliklə dekabrda başlatdığımız “Demokratiya naminə incəsənət” kampaniyasındakı işimə görə.” Vinsent bildirir ki, Avropa məhkəməsinə müraciət edəcək. Ancaq o bir gün daha Azərbaycana qayıdacağını ümid edir.



Teqlər:





Xəbər lenti